27 Sentyabr Azərbaycanda Anım Günüdür
Məlum məsələdir ki, Azərbaycan tarixində çox müharibələr olub. O da məlumdur ki, yüzlərlə insan öz Vətəni, dövləti, xalqı naminə aparılan müharibələrdə qəhrəmanlıq, şücaət göstərib. Babəkin, Şah İsmayılın, Azərbaycanın birliyinə nail olmaq üçün xanlıqların birləşdirilməsinə çalışan, yadellilərin istilasına qarşı vuruşan qəhrəmanlarımızın yanında nə qədər mərd, cəsarətli, ölümün gözünə dik baxan, “təki Vətən sağ olsun!”- deməyi bacaran soydaşlarımız olub. Çox təəssüf ki, onların böyük əksəriyyətinin ömür tarixçəsini vərəqləmək mümkün deyil.
Ancaq İkinci Qarabağ müharibəsinin iştirakçıları, qəhrəmanları, şəhidləri və qaziləri xoşbəxtdirlər ki, biz onların hamısının nəinki adını, hətta tərcümeyi-halını, döyüş yolunu yaxşı bilirik. Onlar təkcə bizim müasirlərimiz olduğuna görə deyil, həm də mümkünsüz olanı mümkünə çevirdiklərinə, dünyanın hər yerində himayədarı, qəyyumu, təəssübkeşi olan Ermənistanın iki yüz il davam edən fitnə-fəsad torlarını darmadağın etdiklərinə, torpaqlarımızın işğalda qaldığı otuz ildə bütün şəhər və kəndlərimizi müdafiə istehkamlarına yazdıqlarına görə ürəyimizdədirlər və milyonlarla insanın yaddaşına yazılıblar.
Möhtərəm Prezidentimiz, Azərbaycan Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı İlham Əliyevin qeyd etdiyi kimi, qəhrəman şəhidlərimiz yeni dastan yaradıblar. Dövlət başçımız ölkəmizdə keçirilən ilk Anım Günündə – 2021-ci il sentyabrın 27-də xalqa müraciət edərkən demişdi: “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib”.
Anım Günü Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilmişdir. Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Bu il Anım Günündə şəhidlərimizin xatirəsini ehtiramla anarkən sentyabrın 19-da həyata keçirilən və uğurla başa çatan lokal xarakterli antiterror tədbirlərində ordumuzun qüdrəti, qəhrəmanlığı, fədakarlığı xüsusi qürurla qeyd olunur. Doğrudur, bu əməliyyatlar zamanı itkilər olmuşdur. Lakin cənab Prezidentin vurğuladığı kimi, əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan–Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, 24 saat ərzində, ondan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir.
Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin, qazilərin hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi qayğısı, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi genişmiqyaslı tədbirlər xüsusi qeyd olunmalıdır.
Mehriban xanım Əliyeva şəhidlərimizə hörmət və ehtiramının ifadəsi olaraq qeyd etmişdir: “Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir... Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu. Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq. Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq”.
Anım Günü ilə bağlı başda cənab Prezident və Mehriban xanım olmaqla, keçirilmiş ümumxalq yürüşü İkinci Qarabağ müharibəsində şəhid olmuş bütün oğul və qızlarımızın əziz xatirəsinə xalqımızın əbədi ehtiramının təzahürü olmuşdur.
27 sentyabr – Anım Günündə hər birimiz torpaq, Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini ehtiramla anır, Allahdan rəhmət diləyirik!
Nəsimi ƏFƏNDİYEV,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
Məhkəmə Ekspertizası Mərkəzinin baş eksperti

