3 il bundan öncə Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan və 44 gündə Zəfərlə bitən yolun hələ uzun müddət dərkinə çalışmalıyıq. Bu hadisə özlüyündə o dərəcədə əhəmiyyətli və çoxaspektlidir ki, insanların onları tam anlamasına ehtiyac var. Əslində, vurğulanan təqvim Azərbaycan dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir. XXI əsrdə başqa heç bir dövlət bu dərəcədə uğur əldə edə bilməyib. Burada həm Azərbaycan dövlətinin inkişaf dinamikası, həm xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsi, həm də Azərbaycan əsgərinin peşəkarlığı və şücaəti birləşib! Bunlar birlikdə şəhidlərimizin müqəddəsliyi hissini yaradır, onlarla qürur duymağa imkan verir. Azərbaycan xalqı öz Prezidenti ilə qürur duyur!
Bütün uğurların təməli
Dünyada heç bir millət və dövlətin Zəfərə aparan yolu asan olmayıb. Bu yolda geri çəkilmələr də olur, qurbanlar da və bir sıra hallarda haqsızlıq da görürsən. Lakin qarşısına qoyduğu məqsədə tarixi ədalət, milli ləyaqət və hüququ gözləməklə çatmağa çalışan millət və dövləti Zəfər gözləyir! Azərbaycan Respublikası XXI əsrdə dünya miqyasında ilk müstəqil dövlət, Azərbaycan xalqı isə ilk millət oldu ki, Zəfər fəlsəfəsini yaratdı! XXI əsrdə ən azı Avrasiya məkanında Azərbaycan kimi ikinci müstəqil dövlət yoxdur ki, ərazi bütövlüyünü və suverenliyini təmin etməkdə, siyasi-diplomatik qələbə əldə etməkdə yüksək nəticələrə nail olsun!
Şübhəsiz, Azərbaycan Respublikası vurğulanan anlamda əsrimizin "ulduz dövləti"dir! Zəfərə aparan yola bu gün – sentyabrın 27-də qısa da olsa, nəzərə salmağın əhəmiyyəti vardır. Çünki keçən əsrin 90-cı illərində Sovetlər məkanında müstəqilliyinə qovuşmuş respublikalar arasında daxildən və xaricdən ən ağır vəziyyətə salınan məhz Azərbaycan Respublikası idi. Hər addımda ölkəni uğursuzluq və xarici təcavüz izləyirdi. Demək olar ki, postsovet məkanında ən ağır vəziyyətdə olan Azərbaycan Respublikası idi – onu naxələflər "siyasi həyatın dibinə" atmağa çalışırdılar! Obrazlı desək, Azərbaycan öz külündən yenidən yaranmalı idi!
Buna xilaskar lider gərək idi. O lider ulu öndər Heydər Əliyev oldu! Mükəmməl müstəqil dövlət quruculuğu kursu ilə ümummilli lider ardıcıl uğurlar əldə etdi. Tarixi baxımdan qısa bir müddətdə Azərbaycan Respublikasında müstəqil dövlət üçün zəruri olan bütün sosial, siyasi, hərbi, mədəni təsisatlar yaradıldı. Artıq 1994-1995-ci illərdə Azərbaycan dövlət qurumları mükəmməl mexanizmlə işləyirdi. Təcavüz dayandırılmışdı. Geniş islahatlar aparılırdı. Həmin dövrdə Ulu öndər BMT-nin yüksək tribunasından Azərbaycanın müstəqil dövlət kimi mahiyyətini, vəzifələrini, strateji məqsədlərini və regionda tutacağı yeri açıq-aydın şəkildə dünyaya bəyan etmişdi!
Bütün bunlar müstəqil Azərbaycanın böyük Zəfərə aparan yolda olduğunu obyektiv və düşüncəli insanlara anladırdı! Yeni əsrin başlanğıcından taleyin və Azərbaycan xalqının iradəsi ilə dövlət başına gələn İlham Əliyev əməli fəaliyyətində bu tezisi sübut etdi! Dövləti və xalqı, sözün həqiqi mənasında, Böyük Zəfərə qovuşdurdu. İlham Əliyev 2003-cü ildə ilk dəfə Prezident seçiləndə, söz vermişdi ki, birincisi, ulu öndər Heydər Əliyevin dövlət quruculuğu kursunu dönmədən davam etdirəcək, ikincisi, hər bir situasiyada ancaq və ancaq Azərbaycanın dövlətini, milli maraqları müdafiə edəcək və müstəqilliyə xidmət edən mövqedə dayanacaq. Tam olaraq belə də oldu. Daxili islahatlarda, iqtisadi sistemin inkişafında, region və dünya miqyasındakı fəaliyyətdə İlham Əliyev verdiyi vədlərə tam əməl etdi. O cümlədən mükəmməl və möhtəşəm enerji strategiyasını milli təhlükəsizliyin təmini kontekstində mükəmməl surətdə apardı.
Azərbaycan xalqı bütün bunların nəticəsini həm rifah halının yaxşılaşmasında, həm də güclü ordu quruculuğunda gördü. Artıq 2020-ci ilə Azərbaycan Cənubi Qafqazın bütün mənalarda lideri və ən güclü ordusuna sahib müstəqil dövləti kimi qədəm qoymuşdu. Bu həqiqəti də Prezident İlham Əliyev 2020-ci ilin sentyabrın 27-də başlayan və qırx dörd gün davam edən Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbə ilə təsdiq etdi!
Bütün dünya güclü Prezidenti, mükəmməl siyasəti, müasir ordusu və güclü iqtisadiyyatı olan Azərbaycan dövlətini gördü! Əvvəlcə şübhə etdilər, lakin İlham Əliyevin müharibənin gedişində verdiyi çoxsaylı müsahibələr və döyüş meydanında qazanılan zəfərlər göstərdi ki, dünya yanılır. Yeni Azərbaycan Günəş kimi dünyaya doğur!
Yeni uğur fəlsəfəsi: “44+1” formulu
2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya sənədini imzalayandan sonra erməni havadarları belə anladılar ki, artıq Cənubi Qafqazda yeni güc – Azərbaycan Respublikası mövcuddur və onunla ciddi surətdə hesablaşmaq gərəkdir! Bununla Azərbaycan dövlət olaraq nəinki ərazi bütövlüyünü təmin etdi, həm də inkişaf potensialı və kursuna görə ən perspektivli ölkələrdən biri olduğunu sübuta yetirdi! Qırx dörd günlük Vətən müharibəsində əldə edilən hərbi qələbə ilə yanaşı, bu geosiyasi, siyasi və dövləti məqam da böyük əhəmiyyət kəsb edir.
Onun bir özəl mənasını da vurğulayaq. 2020-ci ilin sentyabr – noyabr aylarında Azərbaycan dövlət olaraq hər kəsə sübut etdi ki, o, heç zaman müharibə paradiqmasına yuvarlanmayacaq, daim inkişaf paradiqmasında qalacaq! Prezident İlham Əliyev döyüş əməliyyatlarının aparıldığı müddətdə belə qarşı tərəflə sülhdən və əməkdaşlıqdan bəhs edirdi. İndi də deyir: “Mənim sözüm sözdür... Niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır!”
Kütləvi informasiya vasitələrinin nümayəndələri və ekspertlər bunu "qalib lider-güclü xalq" formulu ilə ifadə edirlər! Tamamilə haqlıdırlar və hətta, buraya "Qarabağ Azərbaycandır! ", "Dəmir yumruq", "Əziz Şuşa, sən azadsan!" kimi məşhur şüarları da əlavə etmək olar. Çünki bütün bunlar məhz tarixi baxımdan qısa olan və sentyabrın 27-də başlayan Zəfər yolunda yaranmış fikirlər, şüarlardır!
Bunlar nəyi ifadə edir? Hər şeydən öncə, Azərbaycanın müstəqil dövlət kimi 2020-ci ilin sentyabrın 27-ə qədər olan dövrdə ciddi və əhatəli surətdə dərin düşünülmüş müstəqil dövlət quruculuğu siyasətini yeritdiyini göstərir. Bu siyasət olmasaydı, 2020-ci ilin sentyabrın 27-si bizim üçün indiki qürur və fəxarət mənasını daşımazdı! Əldə olunan Zəfərin təməlində məhz Heydər Əliyevin əsasını qoyduğu müstəqil güclü dövlət quruculuğu konsepsiyası dayanır. Eyni zamanda, Prezident İlham Əliyevin siyasi varislik prinsipi çərçivəsində inamla apardığı yeni quruculuq siyasəti sentyabrın 27-də başlanan yolu Azərbaycan üçün uğurlu etdi!
Bundan başqa, sentyabrın 27-si Azərbaycan xalqının rəşadətini, yüksək təfəkkürünü, mənəvi-əxlaqi dəyərlərinə sadiqliyini, ədalətliliyini nümayiş etdirməkdədir. Azərbaycan xalqı və dövlətinin qəhrəman ordusu, onun zabit və əsgərləri özlərini Vətən yolunda gözünü qırpmadan qurban verməyə hazır olduğunu göstərdi!
Bu yolda nə qədər şəhidlər verdik! Həmin anlamda 27 sentyabr həm də əziz şəhidlərimizi anım günüdür! Onların əziz xatirəsinin daim qəlbimizdə yaşayacağının simvoludur! Azərbaycan əsgəri 2023-cü ilin sentyabrında da yeni qəhrəmanlıq və şəhidlik nümunəsi yaratdı. Cəmi 24 saat ərzində düşmənin Qarabağdakı ordusunun qalıqlarını məhv etdi. Bu qısa müddətdə qəhrəman Azərbaycan Ordusu düşmənin üstünə atıldı, onu sürətli və güclü zərbəsi ilə əzdi. Ermənilər isə yenə də xainliklə bir sıra hallarda Azərbaycan əsgərinə qarşı tələ qurdular. Lakin ən çətin anda belə Azərbaycan əsgəri düşmənin bütün planlarını tamamilə alt-üst etdi! Budur şücaət, qorxmazlıq, cəsarət, vətənsevərlik və 2020-ci ilin sentyabrın 27-dən başlanan yolda əldə etdiyimiz müqəddəs uğur, nailiyyət!
Birinci Qarabağ müharibəsində Azərbaycanın toplum olaraq nə qədər ağır zərbələr aldığını da nəzərə almaq lazımdır. Erməni vəhşiləri soyqırımı cinayətləri törətmiş, mülki insanları, qadınları, uşaqları, qocaları qətlə yetirmiş, insanlarımızı ocaqlara və quyulara atmışdılar. Bu ağır mənəvi əzabı ürəyində daşıyan Azərbaycan əsgəri həm qırx dörd günlük, həm də bir günlük Zəfər savaşlarında mərhəmətini, insanlığını, humanizmini və əxlaqını itirmədi. Erməni mülki əhaliyə zərər vermədi, erməni əsgərlərinə yardım etdi. Son bir günlük savaşda da bunu sübut edən kifayət qədər faktlar mövcuddur! Budur, 2020-ci ilin sentyabrın 27-dən başlanan yolun uğurlarından biri!
…Həmin yolun başlamasından üç il keçir. Qarabağ yenidən qurulur. Ən müasir şəkildə. Sürətlə və inamla. İndi Qarabağda bir neçə beynəlxalq hava limanı var. Orada kəndlər, qəsəbələr, şəhərlər yenidən qurulur. Yollar çəkilir, körpülər tikilir. Qarabağ əsl sahiblərinə qaytarılandan sonra orada həyat qaynayır. O cümlədən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə və 2022–2026-cı illər üçün nəzərdə tutulan Sosial-İqtisadi İnkişaf Strategiyası çərçivəsinə, uyğun olaraq gələn il müəyyənləşdirilən məqsədlərin yerinə yetirilməsi üçün ayrılan 5 milyard 244 milyon manat həcmində vəsaitin 60 faizlik hissəsinin düşməndən təmizlənən yaşayış sahələrində yenidənqurma və quruculuq işlərinin görülməsinə yönəldilməsi nəzərdə tutulur.
Yəni, 2020-ci il sentyabrın 27-dən başlayan Zəfər yolu davam edir! Azərbaycan daha da yüksəlir!
Nəriman MEHDİYEV,
Bakı Şəhər Nizami Rayon Məhkəməsinin hakimi

