“44 gün – Tarixi zəfər” adlı kitabın F-L hərfləri üzrə II cildində 1000-ə yaxın şəxs haqqında ensiklopedik məlumat yer alıb. Kitab 44 günlük Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə çap edilib.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Respublika Xatirə Kitabı insan resurslarını əbədiləşdirən tarixi sənəd, tarixlə cəmiyyət arasındakı həqiqətləri, müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik salnamədir. Bu kitabda İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş şəxslər haqqında əhatəli materiallar dərc edilir.
Respublika Xatirə Kitabının indiyədək 20-yə yaxın cildi çap olunub. Redaksiya əlavə olaraq, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız haqda 4 cildlik kitab hazırlayıb, onlardan 3-ü çap olunub, 4-cü cild çap ərəfəsindədir. Eyni zamanda, redaksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxlərin adlarının əbədiləşdirilməsi məqsədilə bir neçə cildlik kitab üzərində çalışır. Hazırda kitabın 3-cü cild üzərində iş aparılır.
Redaksiya həmçinin, “Bakı Xəbər” qəzeti ilə birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən 44 günlük Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə kitab nəşr edib. Eyni zamanda, “Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında 8 sənədli film çəkilib. Bu filmlərin 4-ü geniş ictimaiyyətə təqdim olunub. Layihənin rəhbəri Nəzakət Məmmədovadır.
Ə.ƏLİYEV
XQ

