Avqustun 22-də Bakıda “Bonayre adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
Bakı Təşəbbüs Qrupu (BTQ) və Bonayre İnsan Hüquqları və Dəyişiklik Naminə Hərəkatının birgə təşkilatçılığı ilə baş tutan tədbir Niderlandın müstəmləkəçiliyi altında olan Bonayre adasına həsr edilib.
Konfransda kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan Bonayre xalqının təmsilçiləri, habelə Beliz, Sent-Vinsent və Qrenadin, Surinam, Sent Lüsiya, Böyük Britaniya, Meksika, Niderland və başqa ölkələrin nümayəndələri, BMT və digər beynəlxalq təşkilatların rəsmiləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər, tədqiqatçılar iştirak ediblər.
BTQ-nin icraçı direktoru Abbas Abbasov bildirib ki, Bakı Təşəbbüs Qrupu indiyədək beynəlxalq ictimaiyyətin Fransanın müstəmləkəçilik siyasətinin nəticələri ilə bağlı informasiyaya malik olması üçün çox vacib işlər həyata keçirib. “Hesab edirik ki, Bonayre xalqının öz müqəddəratını təyin etmək hüququ əsasdır və buna görə də təmin olunmalıdır", – deyə moderator qeyd edib.
Məclisdə çıxış edən Bonayre İnsan Hüquqları Təşkilatının prezidenti Davika Bissessar bildirib ki, biz səsimizi gücləndirmək, eyni zamanda, ədalətin, sadəcə, ideal deyil, hamı üçün reallıq olmasını təmin etmək üçün qlobal ictimaiyyətin dəstəyinə və anlayışına inanırıq.
Beynəlxalq konfransın təşkilində dəstəyə görə Bonayre xalqı adından Azərbaycan hökumətinə, Bakı Təşəbbüs Qrupuna, xüsusi qonaqpərvərlik üçün isə xalqımıza təşəkkürünü ifadə edən Boner Dəyişim Hərəkatının yaradıcısı Ceyms Finis Bonayre dilinin Karib regionunda müstəmləkə siyasətindən qurtulmağı bacaran və mövcudluğunu qoruyub saxlayan iki dildən biri olduğunu diqqətə çatdırıb.
Müstəmləkəçilikdən əziyyət çəkən ölkəsinin problemlərindən danışan Bonayrenin nümayəndə heyətinin üzvü, “Radio Vision FM”in rəhbəri Albertiko Canqa diqqətə çatdırıb ki, adadakı təhsil sistemi gəncləri o həddə çatdırır ki, onların hamısı təhsil almaq üçün xaricə gedirlər. “Bizim öz bayrağımız, dilimiz olsa da, ondan istifadə edə bilmirik”, – deyə təəssüflənən “Change” hərəkatının həmtəsisçisi Kaile Aranxta Elizabet Fines əcdadları tərəfindən nəsildən-nəslə ötürülən Bonayre dilinin tarixinin XVII əsrə gedib çıxdığını diqqətə çatdırıb.
Əsas hissədən sonra konfrans öz işini “Regional və beynəlxalq dəstəyin səfərbər edilməsi” mövzusunda müzakirələrlə davam etdirib.
Əvvəlcə Bonayre xalqının öz müqəddəratını təyinetmə uğrunda mübarizəsini əks etdirən videoçarx nümayiş olunub. BMT yanında Afrikaəsilli Vətəndaşlar Forumunun üzvü June Soomer, Bonayrenin İnsan Hüquqları üzrə Təşkilatının beynəlxalq siyasət üzrə müşaviri Xorxe Qarsiya Kordoba, Azərbaycan Dillər Universitetinin baş müəllimi Sara Ələsgərova və digərləri çıxış edərək Niderlandın əsarəti altında olan Bonayre xalqının müstəmləkəçilikdən azad olmaq uğrunda apardığı mübarizə, habelə problemin aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər, beynəlxalq hüquqi imkanlar barədə danışıblar.
“Bonayre adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” mövzusunda keçirilən beynəlxalq konfransın yekununda bəyanat qəbul edilib.
Sənəddə deyilir: “Biz konfrans iştirakçıları olaraq tədbirin təşkilinə görə Bakı Təşəbbüs Qrupuna, səmimi və qonaqpərvər münasibətinə görə isə Azərbaycan xalqına dərin minnətdarlığımızı bildiririk. Bu tədbir əsarət altında olan Bonayre xalqının durumuna həsr olunmuş və maraqlı tərəflərə Niderlandın müstəmləkə siyasətinin fəsadlarını müzakirə etmək üçün geniş imkan yaradıb. Bu siyasət uzunmüddətli perspektivdə Bonayre xalqının gələcəyini və mövcudluğunu ciddi təhlükə altına qoymaqdadır.
Bonayrenin statusu: Bonayre bir vaxtlar Niderland Antil adalarının tərkib hissəsi kimi daxili özünüidarə ilə geniş səlahiyyətlərə malik Niderland müstəmləkə vahidinin bir hissəsi olub. 2010-cu il oktyabrın 10-da Niderland Antil adalarının buraxılmasından sonra Bonayre Niderland hökuməti tərəfindən birtərəfli qaydada qeyri-bərabər hüquqlarla Niderland Konstitusiyasında təsbit edilmiş və muxtariyyəti olmayan bir “dövlət orqanı/qurumu” kimi bu ölkəyə birləşdirilib.
Demoqrafik dəyişikliklər: 2010-2024-cü illər arasında Bonayrenin əhalisi 11 min nəfərdən 25 min nəfərə qədər artıb.
Müqəddəratın təyin edilməsi uğrunda mübarizə - 2015-ci il referendumu: 2015-ci il dekabrın 18-də keçirilmiş referendumda seçicilərin 66 faizi 2010-cu ildən etibarən Bonayredə tətbiq edilən konstitusiya statusunu rədd edib. Bu nəticələr ada parlamentinin nümayəndələri tərəfindən Bonayre xalqının qanuni və hüquqi demokratik qərarı kimi yekdilliklə təsdiqlənib.
Konfrans iştirakçıları bu fürsətdən istifadə edərək bu il mayın 14-16-da Venesuelanın Karakas şəhərində BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsi tərəfindən təşkil olunmuş “Müstəmləkəçiliyin ləğvi üzrə beynəlxalq dördüncü onilliyin tətbiqi, özünüidarəedən ərazilərin məqsədlərinə nail olunması və ehtiyaclarının təmin olunması” mövzusunda Karib dənizi regional seminarında Azərbaycan Respublikasının iştirakını alqışlayıblar”.
Bəyanatın nəticə hissəsində Bonayrenin yenidən özünü idarə etməyən ərazi kimi siyahıya alınması ilə bağlı qətnaməyə beynəlxalq dəstəyin göstərilməsi üçün çağırış yer alıb: “Bonayre öz müqəddəratını təyinetmə və özünüidarəetmə hüququnu qorumaq, təmin etmək naminə özünü idarə etməyən ərazi kimi yenidən qeydiyyata alınmasını müdafiə etmək üçün beynəlxalq ictimaiyyətin dəstəyini qazanmağa çalışır. Bu məsələ ilə bağlı qətnamənin Sent-Vinsent və Qrenadinin Baş naziri, Latın Amerikası və Karib Hövzəsi Ölkələri Birliyinin (CELAC) keçmiş prezidenti Ralf Qonsalvesin rəhbərliyi ilə bu il oktyabrın əvvəlində BMT Baş Assambleyasında dekolonizasiya gündəliyinin bir hissəsi olaraq yeddi (7) Karib adası tərəfindən təqdim ediləcəyi gözlənilir.
Biz BMT Baş katibini və təşkilata üzv dövlətləri həmrəylik göstərməyə çağırır, Bonayre xalqının öz müqəddəratını təyinetmə hüququnu müdafiə edən humanitar əhəmiyyətli bu mübarizəni dəstəkləmələrini, Bonayre məsələsinə dair qətnaməyə həmmüəllif kimi yeddi Karib adasına qoşulmalarını xahiş edirik. Bu qətnamə Bonayrenin BMT-nin özünü idarə etməyən ərazilər siyahısına daxil olunmasını və BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin nəzarəti altına alınmasını nəzərdə tutur.
Biz Bonayre xalqı olaraq Qoşulmama Hərəkatı Troykasının üzvü olan Azərbaycanın Prezidenti İlham Əliyevdən, Qoşulmama Hərəkatı ölkələrindən Bonayre xalqının beynəlxalq dekolonizasiya hüququna uyğun olaraq öz müqəddəratını təyinetmə hüququnu dəstəkləməyi, Bonayrenin BMT-nin özünü idarə etməyən ərazilər siyahısına daxil olunması məsələsini qaldırmağı xahiş edirik.
Biz Niderland hökumətini müstəmləkə siyasətindən əl çəkməyə və Bonayrenin BMT-nin özünü idarə etməyən ərazilər siyahısına yenidən daxil olunmasının qarşısını almamağa çağırırıq”.
XQ

