“Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsi uğrunda mübarizədə qələbəsi təkcə hərbi uğur deyil, həm də tarixi ədalətin bərpası oldu. Bu qələbə fonunda rəsmi Bakı uzunmüddətli sülhə doğru rasional addımlar atıb”.
AZƏRTAC xəbər verir ki, bu barədə Hacı Bayram Vəli adına Ankara Universitetinin müəllimi, dosent Ersin Orallının “Star” qəzetinin şənbə nömrəsində dərc olunan analitik materialında deyilir.
“Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, istənilən səbrin sonu var, ədalətin bərqərar olunması istəyi isə zamanla boğula bilməz”, - deyə müəllif yazır.
Orallı əmin olduğunu bildirib ki, Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişinin imzalanması təkcə iki ölkə üçün deyil, həm də bütün Cənubi Qafqazın tarixində yeni səhifə açacaq.
O, bütün platformaların Azərbaycana qeyd-şərtsiz dəstək nümayiş etdirdiyi, bölgədə sürətli və ədalətli sülhün bərqərar olmasının tərəfdarı olduğu Türkiyənin mövqeyinə də diqqət çəkib.
Analitik Azərbaycanın 44 günlük müharibədə qələbə qazanmasını bütün türk dünyası üçün qürur mənbəyi adlandırıb. “Əgər regionda dialoq prosesi düzgün istiqamətdə gedərsə və Ermənistanın keçmişdə buraxdığı səhvləri təkrarlamaq cəhdlərinin qarşısı alınarsa, o zaman uzun müddətdən sonra ilk dəfə olaraq Cənubi Qafqazda real sabitlik ab-havası hökm sürəcək. Bu sabitlik isə bütün Avrasiyanın gələcəyinə töhfə verəcək amildir”, - deyə qeyd edilir.
Türkiyəli ekspert vurğulayıb ki, sülh sadəcə bir sənədə imza atmaq deyil, tarixi qəbul etmək cəsarətinin nümayişidir. “Bu gün bu cəsarət İrəvanın qapılarını döyür”, - deyə Orallı əlavə edib.