Müstəmləkə keçmişi ilə vidalaşma zamanıdır
Böyük Britaniyanın Baş naziri Kir Starmerin Çaqos arxipelaqını Mavrikiyə qaytarması ilə bağlı imzaladığı saziş beynəlxalq hüquq və postkolonial ədalət baxımından mühüm hadisəyə çevrildi. Bu qərar həm BMT-nin ədalət çağırışlarına cavab, həm də Londonda beynəlxalq imicin yenidən formalaşdırılması cəhdi kimi qiymətləndirilir. Eyni zamanda, bu addım Parisin oxşar öhdəliklərdən boyun qaçırması fonunda daha da diqqət çəkir. Fransa, Böyük Britaniyadan fərqli olaraq, öz dənizaşırı ərazilərindən imtina etməyə tələsmir – əksinə, bu ərazilərdə siyasi və hərbi mövqeyini möhkəmləndirməyə çalışır.
Çaqos arxipelaqı Hind okeanında, Maldiv adalarından cənubda yerləşən 60-dan çox kiçik adadan ibarətdir. Ən böyük adası – Dieqo Qarsiya ABŞ hərbi bazasına evsahibliyi edir. Böyük Britaniya 1814-cü ildə bu əraziləri Fransadan əldə etdikdən sonra 1965-ci ildə Çaqosu Mavrikidən inzibati cəhətdən ayırdı və 3 milyon funt qarşılığında özünün xarici ərazisi elan etdi. 1960–70-ci illərdə arxipelaqın 1000-ə yaxın sakini zorla köçürüldü. London dəfələrlə üzr istəsə də, Mavriki bu ərazilərin geri qaytarılması üçün illərlə mübarizə apardı.
Yalnız 2019-cu ildə Beynəlxalq Ədalət Məhkəməsinin Böyük Britaniyanın bu əraziyə dair suverenliyini qanunsuz elan etməsindən sonra London arxipelaqı Mavrikiyə təhvil verməyə razılaşdı. 2025-ci il mayın 22-də sazişin imzalanması ilə bu uzunmüddətli postkolonial mübahisəyə hüquqi nöqtə qoyuldu.
Fransa isə hazırda dünyada ən çox dənizaşırı əraziyə sahib ölkələrdən biridir: Qvadelupa, Martinika, Mayot, Renyon, Fransız Qvianası, Yeni Kaledoniya və Fransız Polineziyası kimi regionlar rəsmi olaraq Fransa Respublikasının “ayrılmaz hissəsi” kimi tanınır. Bu ərazilərdə müstəqillik tələbləri yüksəlsə də, Paris ardıcıl şəkildə bu çağırışlara qarşı çıxır və hüquqi, inzibati, hətta repressiv vasitələrlə suverenliyini qorumağa çalışır.
Fransa konstitusiyası bu əraziləri metropoliten Fransanın departamentləri və regionları ilə eyni statusda təqdim edir. Paris bu yanaşma ilə postkolonial məsuliyyətdən yayınır, əraziləri müstəmləkə irsi kimi deyil, milli bütövlüyün bir hissəsi kimi legitimləşdirməyə çalışır. Lakin beynəlxalq hüquq bu arqumenti qəbul etmir.
BMT Nizamnaməsi, 1960-cı il Dekolonizasiya Bəyannaməsi və C-24 Komitəsinin prinsiplərinə əsasən, xalqların öz müqəddəratını təyin etmək hüququ toxunulmazdır. Yeni Kaledoniya və Fransız Polineziya bu prinsiplər əsasında dekolonizasiya siyahısına salınmışdır. Fransa isə daxili hüququ əsas gətirərək bu siyahını və beynəlxalq hüququ görməzlikdən gəlir.
BMT Nizamnaməsinin 103-cü maddəsinə əsasən, beynəlxalq hüquq daxili hüquqdan üstündür. Bu baxımdan Fransa konstitusiyasında göstərilən “ayrılmazlıq” statusu, xalqın iradəsi və beynəlxalq tanınma ilə dəstəklənmədiyi halda mübahisəli qalır. Parisin bu siyasəti təkcə hüquqi mübahisə doğurmur, həm də əhalinin artan narazılığı ilə müşayiət olunur.
Yeni Kaledoniyada keçirilən referendumlara baxmayaraq, müstəqillik tələbləri səngiməyib. Eyni proseslər Fransız Polineziyasında və Korsikada da müşahidə olunur. Paris isə bu çağırışlara cavab olaraq demokratik dialoqu deyil, hüquqi statusları və inzibati nəzarəti ön plana çıxarır.
Böyük Britaniyanın Çaqos arxipelaqı ilə bağlı qərarı, onun müstəmləkə keçmişi ilə bağlı unikal bir haldır. Ancaq bunu Fransa barədə demək olmur. Paris qaranlıq keçmişindən ikiəlli yapışır və dənizaşırı ərazilərə müstəqillik vermək istəmir. Bu da onu göstərir ki, Fransanın “ayrılmazlıq” doktrinası, əslində, suverenlik üzərində konstitusional nəzarət vasitəsidir. Bu, BMT-nin dekolonizasiya çağırışları ilə açıq ziddiyyət təşkil edir.
Bir sözlə, müstəmləkəçilik keçmişindən imtina etməyən Fransanın neokolonializm siyasəti daha “yumşaq”, daha “mədəni” görünsə də, onun təməlində yenə nəzarət, asılılıq və yönləndirmə dayanır. Bu siyasətin uzunmüddətli nəticəsi nə olacaq? Dənizaşırı ərazilərdə azalmayan müstəqillik çağırışları göstərir ki, yeni müstəmləkəçiliyin sonu da keçmiş müstəmləkəçiliyin sonu kimi olacaq, gec-tez xalqın iradəsi ilə…
S.MƏMMƏDLİ
XQ