Ağ evdən Bakıya mesajlar

post-img

Təhlükəsizlik, enerji və sülh üzərində qurulan yeni geosiyasi dialoq

28 May – Müstəqillik Günü münasibətilə ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubu strateji və geosiyasi baxımdan ciddi siyasi siqnal kimi qiymətləndirilə bilər. Məktubda ifadə olunan məqamlar – xüsusilə, terrorizmlə mübarizə, enerji təhlükəsizliyi və regional sülhə dəstək – ABŞ-Azərbaycan münasibətlərinin çoxşaxəli və qarşılıqlı maraqlara əsaslanan xarakterini nümayiş etdirir. Həmin tezislər Azərbaycanın yalnız Cənubi Qafqaz regionunda deyil, eyni zamanda, qlobal miqyasda mühüm tərəfdaş statusunu təsdiqləyir.

ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı Respublika Günü təbrik məktubunda xüsusi vurğulanan terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıq Azərbaycanın beynəlxalq təhlükəsizlik arxitekturasında formalaşan rolu və bu missiyaya olan etimadın ifadəsi kimi dəyərləndirilməlidir.

Azərbaycan uzun illərdir ki, Cənubi Qafqazda sabitliyin qorunmasına yönəlik müstəqil və praqmatik xarici siyasət xətti yürüdür və bu siyasətin mühüm istiqamətlərindən biri də beynəlxalq terrorizmə qarşı mübarizədə aktiv iştirakı olmuşdur. Xüsusilə, Əfqanıstandakı sülhməramlı missiyalarda iştirak, NATO çərçivəsində əməkdaşlıq və regiondaxili təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi Azərbaycanın bu sahədəki beynəlxalq öhdəliklərini uğurla yerinə yetirdiyini göstərir.

Azərbaycanın terrorizmlə mübarizə sahəsində milli qanunvericiliyi beynəlxalq hüquqi standartlara uyğunlaşdırması bu sahədəki əməkdaşlığın hüquqi əsaslarını daha da möhkəmləndirmişdir. Azərbaycan BMT-nin və digər beynəlxalq təşkilatların terrorizmlə mübarizəyə dair qəbul etdiyi konvensiyalara qoşulmuş, eyni zamanda, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması, radikal dini çağırışların qarşısının alınması kimi sahələrdə hüquqi mexanizmlər tətbiq edir.

ABŞ ilə bu sahədə əməkdaşlıq həm ikitərəfli hüquqi yardım sazişləri, həm də məlumat mübadiləsi, təlim proqramları və təhlükəsizlik dialoqu formatında davam edir və bu hüquqi və institusional çərçivələr Azərbaycana ABŞ və NATO ilə asimmetrik təhdidlərə qarşı çevik reaksiya imkanları verir.

Terrorizmə qarşı mübarizə XXI əsrdə yalnız həm də kiberhücumlar, transsərhəd cinayət şəbəkələri, narkotik və insan alveri, eləcə də informasiya müharibəsi kimi yeni və kompleks təhlükələrə qarşı tədbirlər tələb edir. Elə bu səbəbdən, ABŞ-Azərbaycan təhlükəsizlik əməkdaşlığı ənənəvi hərbi çərçivədən çıxaraq, daha çox texnoloji və hüquqi əməkdaşlığa yönəlir.

ABŞ-ın Cənubi Qafqazda sabitlik siyasətində Azərbaycanı mərkəzi oyunçu kimi görməsi Vaşinqtonun regionda Rusiya və İran kimi güclərin təsirini balanslaşdırmaq siyasəti ilə də əlaqəlidir. Azərbaycan isə bu siyasətdə suverenlik və balanslı diplomatiya prinsiplərinə əsaslanaraq həm regional sabitlik, həm də beynəlxalq təhlükəsizlik arxitekturasına töhfə verməkdə maraqlıdır.

Trampın məktubunda yer alan bu tezis göstərir ki, ABŞ və Azərbaycan arasında terrorizmə qarşı mübarizə praktik və institusional əməkdaşlıq platformaları ilə dəstəklənir və əməkdaşlıq Azərbaycan üçün qlobal təhlükəsizlik sisteminə inteqrasiya olunmaq, ABŞ üçün isə Cənubi Qafqazda etibarlı və sabit müttəfiq qazanmaq mənasını verir. Nəticə etibarilə, təhlükəsizlik sahəsində ortaq vizyon və ortaq maraqlar ABŞ-Azərbaycan münasibətlərinin strateji xarakterini dərinləşdirən başlıca faktorlardan biridir. Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı məktubda enerji təhlükəsizliyi məsələsinin xüsusi qeyd olunması isə Azərbaycanın qlobal enerji sistemində artan rolunun və ABŞ-Azərbaycan enerji tərəfdaşlığının strateji əhəmiyyətinin diplomatik ifadəsidir.

Azərbaycanın enerji strategiyası milli maraqlarla beynəlxalq tələblərin optimal şəkildə uzlaşdırılmasına əsaslanır. Xəzər hövzəsinin zəngin karbohidrogen ehtiyatları və bu resursların Qərb bazarlarına çıxarılması istiqamətində atılan addımlar – xüsusilə, Cənub Qaz Dəhlizi – Azərbaycanın qlobal enerji təhlükəsizliyinin formalaşmasında mühüm rol oynadığını göstərir.

Cənub Qaz Dəhlizi layihəsi – “Şahdəniz 2” layihəsindən başlayaraq TANAP və TAP vasitəsilə Avropaya uzanan qaz nəqli marşrutu – ABŞ və Avropa İttifaqının uzun illərdir müdafiə etdiyi enerji diversifikasiyası strategiyası ilə tam uzlaşır və marşrut Rusiya və İran kimi geosiyasi baxımdan həssas enerji təchizatçılarından asılılığın azaldılmasına yönəlib. ABŞ bu layihəni müxtəlif mərhələlərdə dəstəkləyib və Trampın məktubunda bu istiqamətin vurğulanması Vaşinqtonun enerji təhlükəsizliyində Bakı ilə əməkdaşlığa davamlı sadiqliyini göstərir.

Azərbaycanın Avropa üçün qaz təminatında alternativ mənbə rolunu oynaması ABŞ-ın enerji geosiyasətindəki əsas prioritetlərindən biri ilə üst-üstə düşür: Avropa enerji bazarlarında qeyri-Rusiya mənbələrinin möhkəmləndirilməsi.

Azərbaycan, həmçinin enerji diplomatiyası vasitəsilə regional əməkdaşlıq modelləri yaradır. Gürcüstan, Türkiyə, Balkan ölkələri və İtaliya ilə qurulan infrastruktur inteqrasiyası buna bariz nümunədir. ABŞ bu prosesi Qərbyönlü enerji inteqrasiyası modeli kimi görür və dəstəkləyir. Elə bu səbəbdən də Azərbaycanla əməkdaşlıq yalnız ikitərəfli deyil, eyni zamanda, Transatlantik enerji əməkdaşlığının tərkib hissəsi kimi dəyərləndirilir.

Enerji təhlükəsizliyi sahəsində Azərbaycanın uğuru həm də açıq, şəffaf və investor dostu enerji hüququ sisteminin formalaşdırılması ilə bağlıdır. Ölkə 1994-cü ildə transmilli enerji şirkətləri ilə müqavilələr imzalamış, bu çərçivədə hüquqi sabitliyi təmin etmiş və beynəlxalq arbitraj normalarına sadiq qalmışdır. ABŞ-ın aparıcı enerji şirkətləri – “ExxonMobil”, “Chevron”– Azərbaycan enerji sektorunda uzunmüddətli maraqlar nümayiş etdirmişdir.

Enerji təhlükəsizliyinə dair ənənəvi əməkdaşlıq modeli dəyişən enerji bazarları və iqlim çağırışları fonunda yaşıl enerji diplomatiyasına doğru transformasiya mərhələsinə qədəm qoyur. Azərbaycanın 2030-cu ilə qədər bərpa olunan enerji istehsalını artırmaq, COP29-a ev sahibliyi və yaşıl enerji zonalarının yaradılması siyasəti ABŞ və Qərb dövlətləri ilə yeni nəsil enerji tərəfdaşlığı üçün zəmin yaradır.

ABŞ Prezidentinin məktubunda enerji təhlükəsizliyinə göstərilən diqqət Azərbaycanla bu sahədə qurulan tərəfdaşlığın geosiyasi və geoiqtisadi baxımdan strateji xarakter daşıdığını nümayiş etdirir. Enerji siyasəti regional güc balanslarının, siyasi sabitliyin və beynəlxalq münasibətlərin mühüm komponentidir.

Azərbaycanın uzunmüddətli enerji sabitliyi, geostrateji yerləşməsi və çoxtərəfli enerji diplomatiyası ABŞ üçün onu Cənubi Qafqazda və daha geniş Avrasiya məkanında əhəmiyyətli enerji tərəfdaşına çevirib. Əməkdaşlığın davamlılığı enerji təhlükəsizliyinə yönəlik praktiki inteqrasiyaları və siyasi koordinasiyanı daha da gücləndirmək üçün vacib alətə çevrilməkdədir.

ABŞ Prezidenti Donald Trampın məktubunda yer alan “qonşularla sülhə nail olmaq” tezisi isə Azərbaycanın regional təhlükəsizlik və barışın təminindəki rolunu, eyni zamanda, Vaşinqtonun bu proseslərdə maraqlı və fəal aktor kimi çıxış etdiyini göstərir.

2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi bölgədə yeni geosiyasi reallıq yaratdı. Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq, ərazilərini işğaldan azad etdi və regionda status-kvonun dəyişməsinə nail oldu. Yeni geosiyasi reallıqlar sülh sazişi imzalanması və post-münaqişə mərhələsində əməkdaşlıq imkanlarının açılması üçün tarixi fürsətlər yaratdı.

Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Ermənistanla sülh yalnız beynəlxalq hüququn əsas prinsipləri – suverenlik, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı – çərçivəsində mümkündür. ABŞ da öz bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə vurğulamışdır. Hüquqi baza ABŞ-ın Ermənistanla münasibətlərində balanslı mövqe tutmasını təmin edir və beynəlxalq hüquq normalarına əsaslanan diplomatik nizamın bərqərar olunmasına töhfə verir. ABŞ bu baxımdan sülh prosesinin beynəlxalq hüquqi çərçivəyə salınmasını və onun monitorinqini təşviq edir.

Sülhün davamlı olması üçün praktiki əməkdaşlıq mexanizmləri zəruridir. Azərbaycanın irəli sürdüyü Zəngəzur dəhlizi təşəbbüsü Ermənistanla iqtisadi əlaqələrin bərpası və ümumilikdə regionun Avrasiya nəqliyyat arteriyasına çevrilməsi baxımından strateji əhəmiyyət daşıyır.

ABŞ bu təşəbbüsləri dəstəkləməklə həm Çin və Rusiya arasında geoiqtisadi balans yaratmaq, həm də Avropa və Mərkəzi Asiya arasında alternativ ticarət yollarının formalaşmasına töhfə vermək niyyətindədir.

Trampın məktubunda qonşularla sülhə nail olmaq tezisi, Azərbaycanın münaqişədən post-münaqişə mərhələsinə keçidini dəstəkləyən beynəlxalq strategiyaların bir hissəsi kimi ortaya çıxır.

Azərbaycan üçün, bu, yalnız Ermənistanla münasibətlərin tənzimlənməsi deyil, həm də regional əməkdaşlıq platformalarının formalaşdırılması, Qərblə daha yaxın inteqrasiya və geosiyasi çəkinin artması deməkdir. ABŞ isə bu əməkdaşlıqdan Cənubi Qafqazda təsirini artırmaq, enerji və nəqliyyat layihələri vasitəsilə qlobal strategiyasını möhkəmləndirmək imkanını əldə edir.

Son olaraq qeyd etmək olar ki, “qonşularla sülh” tezisi ABŞ-Azərbaycan münasibətlərində strateji barış diplomatiyasının başlanğıcı kimi dəyərləndirilə bilər. Bu çərçivədə formalaşan tərəfdaşlıq Azərbaycanın regional sabitlik və qlobal enerji təhlükəsizliyi proseslərində mühüm aktor statusunu daha da gücləndirir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət