Ölkəmiz qərəzi ifşa, stiqmaları alt-üst edir
Son gününü yaşadığımız ötən həftənin əlamətdar hadisələrindən biri də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunmuş “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusundakı ikigünlük beynəlxalq konfrans idi. Əvvəla, onu bildirək ki, bu konfrans özlüyündə bir hərəkatın bəhrəsi və əməli nəticəsidir. Dünyada, xüsusən, Avropada islamofobiyaya qarşı müstəsna əhəmiyyət daşıyan hərəkatın mərkəzində məhz ölkəmizin dayanması isə ayrıca vurğulanmalıdır.
Əlbəttə, daha vacib məsələ hərəkatın ənənə halını almasıdır. Bu məqam Prezident İlham Əliyevin “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda konfransın iştirakçılarına ünvanladığı məktubunda da vurğulanıb: “Ölkəmizdə artıq ənənəvi olaraq təşkil edilən bu vacib tədbir bəşəriyyəti narahat edən islamofobiya probleminə diqqətin artırılmasına xidmət edir. Azərbaycan islamofobiya ilə mübarizəyə dair BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş qətnamələri alqışlayır və sənədlərdə qeyd olunan tədbirlərin təxirəsalınmaz qaydada həyata keçirilməsinə çağırış edir”.
Nəzərə alaq ki, ötən ilin martında ölkəmizdə “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilmiş və tədbir dünyada böyük populyarlıq qazanmışdı. Heç şübhəsiz, dünən öz işinə başlamış toplantı da eyni populyarlıq əldə edəcək. Azərbaycan belə bir mötəbər konfransa evsahibliyini gerçəkləşdirməklə, İslam dinini, müsəlman dünyasını gözdən salmağa çalışan, ümumən din amilindən imperialist maraqlar naminə yararlanan qüvvələrə qarşı barışmazlıq kursunu daha geniş əhatə dairəsində ortaya qoyur, mövqeyini özünün sistemli multikultural yanaşması, fundamental baxış bucağı ilə təsdiqləyir. Ancaq mənfi meyillər qalmaqdadır və dövlətimizin başçısının da məktubunda vurğuladığı daha bir məqam məhz budur: “Təəssüflər olsun ki, islamofobiya son dövrdə qlobal müstəvidə daha qabarıq və sistematik xarakter almağa başlamışdır. Hazırda bu mənfi tendensiya hər hansı konkret ölkədə deyil, dünyanın bir çox yerlərində müşahidə olunur. İslama qarşı düşmənçilik, müsəlmanlara qarşı nifrət və dözümsüzlük, anti-islam əhvali-ruhiyyəsi getdikcə böyük vüsət almağa başlayır və daha da kəskinləşir”.
Qeyd edək ki, Prezident İlham Əliyev məktubunda, həmçinin, islamofobiyanın müxtəlif formalarda, o cümlədən gündəlik həyatda müsəlmanlara qarşı irqçilik və ayrı-seçkilik, nifrət nitqi, fiziki hücumlar, media və sosial media platformalarında institusional diskriminasiya və digər formalarda təzahür etdiyini vurğulayıb. Bu cür ədalətsiz və qərəzli münasibətin müsəlmanların cəmiyyətə inteqrasiya olunmalarına və özlərini onun bərabərhüquqlu üzvü kimi hiss etmələrinə böyük maneə yaratdığını diqqətə çatdırıb. İslamafobiyanı “əsaslandıran” ən böyük stiqmatizasiya meyli isə terrorizmi İslam dini ilə bağlamaq cəhdləridir. Bu cəhdlərin nəticəsidir ki, terrorçu obrazı üçün sanki bir libas biçilib. Libas ayrı-ayrı müsəlman xalqlarının adət-ənənələrinin göstəricisi sayılan geyimlərdir. Hazırda dünyada və Avropada elə vəziyyət yaradılıb ki, bu geyimlərdə olan hər kəs potensial terrorçu kimi görünür. Ümumən müsəlman obrazının terrorçuluqla əlaqələndirilməsi kimi motivlərdə ən müxtəlif “çalarlar” var. Halbuki, terror əməli törədən müsəlman birliklərinin məhz Qərbin havadarlığı ilə ortaya çıxdığını, müəyyən siyasi məqsədlərin reallaşmasına kökləndiyini yaxşı bilirik. Ancaq niyəsə dünya bu reallığı “görmək” istəmir. Dövlətimizin başçısının məktubunda isə reallıqlar vurğulanır, özü də kifayət qədər əhatəli şəkildə: “Vaxtilə qul ticarəti ilə məşğul olan, işğalçılıq və müstəmləkəçilik siyasəti yürüdən, soyqırımları törədən, indi isə özlərini insan hüquqlarının keşiyində duran demokratik ölkələr qismində təqdim edən bəzi ölkələrdə bu gün islamofobiya bir növ dövlət siyasətinə çevrilmişdir. Bu ölkələrdə dünyəvi dəyərlərin müdafiəsi adı altında müsəlmanların hüquqlarını və etiqad azadlığını məhdudlaşdıran qanunlar qəbul edilir, onların təhsil almaq, mənzilə sahib olmaq, işlə təmin olunmaq və digər hüquqları tapdalanır”.
Acınacaqlı məqamlardan biri də odur ki, dünyanın bir sıra ölkələrində söz azadlığının İslam dininin ehkamlarına qarşı qoyulması, birincinin ikincinin təhqiri və təhdidi alətinə çevrilməsi kimi aşkar siyasi manipulyasiya halları adiləşməkdədir. Qərbin bəzi media subyektləri müəyyən məsələləri kontekstindən çıxararaq, fərqli təqdim etməklə, sanki müsəlmanların cəmiyyətə mənfi təsir göstərdiklərini diqqətə çatdırmağa çalışırlar. Görünür, inkişaf etmiş Qərb cəmiyyətlərində dini dəyərlərin bəşəri dəyərlər kimi qavramında da ciddi çatışmazlıqlar və problemlər mövcuddur. Bunun nəticəsidir ki, “məqsəd vasitəyə bəraət qazandırır” deyimi ilə hərəkət edilir. Nəticədə söz azadlığının dini dəyərlərlərə sayğısızlıq motivinə qarşı cəmiyyətlərin daxili müavimətinin olmadığını görürük. Prezident İlham Əliyev məktubunda qabartdığı daha bir məqam elə budur: “Eyni zamanda, Məhəmməd Peyğəmbəri (s.ə.s) təhqir edən hərəkətlər, müqəddəs Qurani-Kərimin yandırılması, məscidlərə və ibadət yerlərinə qarşı hücumlar, müsəlman qəbiristanlıqlarının vandalizmə məruz qalması və digər hərəkətlər müsəlmanların hisslərini təhqir etməyə yönəlmiş və sayı getdikcə artan anti-müsəlman hadisələri sırasındadır. “Söz azadlığı” adı altında İslam dininə və müsəlmanlara qarşı hücumlar qəbuledilməzdir”.
Ən təəssüfləndirici məqamlardan da biri budur ki, bəzi Avropa ölkələrində islamofobiya cəmiyyətdən dövlətə deyil, dövlətdən cəmiyyətə yayılır. Məsələn, Fransada “dünyəvilik” adı altında sırf müsəlmanların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunvericilik aktları və siyasi qərarlar qəbul edilir. Ölkədə məscidlər, müsəlman mədəniyyət mərkəzləri və qəbiristanlıqlar müxtəlif formalarda təhqirlərə məruz qalır, müsəlman vətəndaşlar sıxışdırılır. Əlbəttə, bu mühit İslamafobiyaya qarşı mübarizə ab-havası doğura bilməz. Nəinki doğura bilməz, ümumən, mübarizə heç yada da düşmür. Əksinə, islamofobiya ciddi şəkildə təşviq edilir və yumşaq desək, xoşagəlməz prosesdə başlıca rolu “media” oynayır. Dövlətimizin başçısının da vurğuladığı kimi, İslamofobiyanın yayılmasına təkan verən digər faktorlardan biri də ictimai rəyin formalaşdırılmasında və müsəlmanların mənfi obrazının yaradılmasında dağıdıcı rolu olan bəzi media orqanlarının fəaliyyətidir: “Bu media qurumları məqsədyönlü şəkildə ekstremizm, terrorizm və bu kimi anlayışları İslamla eyniləşdirərək dinimizə qarşı qərəzli təsəvvür yaradır, dinimizi təhlükə mənbəyi kimi aşılayır və ona terror damğası vurmağa çalışırlar. Ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında mövcud problemləri İslam və müsəlmanlarla əlaqələndirərək cəmiyyətdə etimadsızlıq və qorxu hisslərini alovlandırırlar”.
Prezident İlham Əliyev vurğulayır ki, İslam dinini və müsəlmanları Qərb kimliyinə və dəyərlərinə təhdid kimi göstərərək insanların hisslərini və düşüncələrini yönəltməyə çalışan radikal cərəyanların və ifrat sağçı partiyaların pərəstişkarlarının sayı getdikcə artır, onların nümayəndələri parlamentlərdə daha çox yer qazanmağa başlayırlar: “Eyni zamanda, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi təsisatlar qərəz və ikili standartlara üstünlük verərək anti-müsəlman əhvali-ruhiyyəsini təlqin edirlər”.
Bəli, hazırda islamofobiyanı təşviq edən və bu ideologiya əsasında siyasət yürüdən iki qurum var ki, həmin qurumlardan biri Avropa Parlamenti, digəri Avropa Şurasının Parlament Assambleyasıdır. Hər iki təşkilat ermənipərəst kursunu bəşəri dəyərlərə qarşı qoymaqda, manipulyasiya yolu tutmaqdadır. Yeri gəlmişkən, onu da bildirək ki, otuz ildən artıq davam etmiş, hazırda tarixin arxivinə gömülmüş Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif mərhələlərində müsəlman Azərbaycanının xristian Ermənistanına qarşı mübarizə apardığına dair baxışlar geniş yayılmışdı. Haqq davamız olan 44 günlük müharibə zamanı da bu deyimlər erməni təbliğat maşınının anti-Azərbaycan fəaliyyətinin başlıca alətinə çevrilmiş, mübarizəmiz işğalçılıq kimi qiymətləndirilmişdi.
Beləliklə, ümumbəşəri dəyərlər, torpaqlarımızın işğalı, bir milyondan çox vətəndaşımızın öz doğma yurd-yuvasından didərgin salınması heçə sayılmış, humanizm ideallarına arxa çevrilmişdi. Ölkəmizin lideri bunu diqqətə çatdıraraq vurğulayıb: “Azərbaycan islamofobiya ilə üzləşmiş və bu gün də ondan əziyyət çəkən ölkələrdən biridir. Torpaqlarımızın otuzillik işğalı dövründə xalqımıza qarşı Xocalı soyqırımı törədilmiş, etnik təmizləmə aparılmış və bunun nəticəsi olaraq bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə salınmışdır. Ərazilərimizdə milyona yaxın mina basdırılmış, urbisid, kultursid və ekosid cinayətləri törədilmişdir. Ancaq, əfsuslar olsun ki, Qərbdə bəzi dairələr sırf dini təəssübkeşlik və islamofob mövqedən çıxış edərək Ermənistan tərəfindən torpaqlarımızın işğalına göz yummuş, münaqişənin əsl mahiyyətini təhrif etmiş, onu dini zəmində münaqişə kimi təqdim etməyə çalışmışlar”.
Qeyd edək ki, Azərbaycan-Ermənistan münasibətlərinə hazırkı bəzi yanaşmalarda da din amilinin ön plana keçdiyini, daha doğrusu, alətə çevrildiyini görürük. Məsələn, Ermənistan hakimiyyəti bütün beynəlxalq platformalarda ölkəmizin, guya, Qarabağın xristian dini irsini məhv etdiyi düşüncəsini yayır. Bu, hay millətçiliyinin anti-Azərbaycan ritorikası xüsusunda özünə dərin kök salmış islamofobiyanın nəticəsidir. Rəsmi İrəvan özünün fobiyası ilə, belə demək mümkünsə, dünyanın ritmini tutmaq istəyir. Halbuki, Prezident İlham Əliyevin də bildirdiyi kimi, torpaqlarımızın işğalı dövründə bəşəri əhəmiyyətə malik çoxəsrlik tarixi-mədəni abidələrimiz, o cümlədən İslam dininə aid abidələr, ziyarətgahlar, məscidlər, türbələr, məzarlıqlar dağıdılmış, təhqir edilmiş, yerlə-yeksan edilmişdir. Habelə, “bir sıra mədəni irs obyektləri qarət edilmiş, onların təyinatı dəyişdirilmiş, mənsubiyyəti saxtalaşdırılmışdır”.
Onu da deyək ki, islamofobiyanın xalqımıza təsir arealı daha genişdir. Söhbət soydaşlarımızın indiki Ermənistan ərazisindən deportasiyasından gedir. Həm bu deportasiyadan sonra, həm də ondan qabaq Ermənistandakı türk-müsəlman kimliyini əks etdirən abidələrə qarşı sanki “səlib yürüşü” keçirilib. İndinin özündə də ölkədə “Qərbi Azərbaycanda da xalqımızın zəngin maddi-mənəvi irsini şüurlu və planlı şəkildə tamamilə məhv etmək və ya saxtalaşdırmaq, azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini yox etmək siyasəti aparılır”.
Dövlətimizin başçısı məktubunda onu da vurğulayıb ki, İslam dünyasının ayrılmaz parçası olan Azərbaycan müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələrinin tarix boyu qardaşlıq və dostluq şəraitində yaşadığı ölkədir. Bu cür nümunəvi münasibətlərin təşəkkülündə və inkişafında ümumbəşəri dəyərlərin daşıyıcısı kimi İslam dini müstəsna rol oynamışdır. “Azərbaycan xalqı bu gün də özünün zəngin tolerantlıq və multikulturalizm ənənələrini qoruyur, sivilizasiyalararası dialoqa, İslam həmrəyliyinə öz töhfələrini verir, İslam dəyərlərinin dünyada təbliği istiqamətində ciddi addımlar atır”, kimi fikirlər isə ölkəmizin İslamofobiya ilə mübarizəyə töhfələr verdiyinin nəticəsidir. Bu mübarizənin daha bir təzahürü isə İrəvan qazılığının yaradılmasıdır ki, Prezident İlham Əliyev bu məqamın üzərində də dayanıb.
Bəli, Azərbaycan bəyan edir ki, islamofobiya dünyanı sülhdən uzaqlaşdıran məqsədə köklənməklə, bütövlükdə bəşəri nizamı təhdid edir. Sonda bu baxımdan bir məqamı da vurğulayaq ki, dünyada bütün dinlərin əsasında mərhəmət və qarşılıqlı hörmət dayanır. Bu prinsiplərin qorunması bəşəriyyətin borcudur. Azərbaycan isə İslamofobiyaya qarşı mübarizəni ənənə çevirməklə, mübarizə platforması yaratmağa, dünyanı cənginə almış pataloji xəstəliklə mübarizəyə səfərbər etmir, eyni zamanda, mübarizə naminə müqavimət, immunitet formalaşdırır: “Hazırkı qlobal çağırışlar və böhranlar, İslam dünyasının üzləşdiyi yeni sınaqlar və çətinliklər, habelə islamofobiya meyillərinin artması, dinimizi gözdən salmaq cəhdləri müsəlman ölkələri arasında həmrəyliyin və birliyin möhkəmləndirilməsini, qarşılıqlı dəstəyin göstərilməsini olduqca labüd edir. Bütün müsəlman dünyasını narahat edən islamofobiya ilə mübarizə aparmaq üçün vahid cəbhədən çıxış etmək, bu ədalətsizliyə və zərərli təmayüllərə etiraz səsimizi birgə ucaltmaq lazımdır”.
Ə.RÜSTƏMOV
XQ