Paşinyan II Qareginə qarşı

post-img

Yaxud “reket jurnalistin” kilsə ilə mübarizə rəzaləti

Ermənistanın baş naziri Nikol Paşinyan yenə erməni kilsəsi ilə, daha dəqiq desək, bütün ermənilərin katolikosu adlandırılan II Qareginlə tərs düşüb. O, bir gün əvvəl hökumətin iclasında dini məbədlərin standartlar əsasında fəaliyyət göstərməli olduğunu, ibadət yerlərinin əmlakına nəzarət mexanizminin formalaşmasının vacibliyini vurğulamışdı.

Belə nəticəyə gəlmək mümkündür ki, Nikol ölkə daxilində hansısa proseslərin getməsindən duyuq düşüb. Ona görə də administrativ mexanizmi işə salıb. Digər tərəfdən, erməni iqtidarı 2026-cı il seçkilərinə hazırlığa indidən start verib və öz rəqiblərini sıradan çıxarmağa başlayıb. Kilsə və II Qaregin isə siyasi proseslərin baş katalizatoru rolunda çıxış etməkdədir. Yəni, erməni kilsəsi təkcə dini məbəd deyil, eyni zamanda, siyasi məsələlərin, hətta terror planlarının qurulduğu məkandır və tarixən də belə olub.

Ümumən, Paşinyan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında ziddiyyətlər Ermənistanda diqqət çəkən mövzulardandır və bu mövzu hər zaman az və ya çox intensivlikdə gündəmdə olub. Ziddiyyətlərin kökündə həm ideoloji, həm də siyasi səbəblər dayanıb. Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra, din və dövlət işlərinin ayrılmasına dair Qərbyönlü, sekulyar mövqe tutmağa başladı. Bu isə kilsənin siyasi təsir imkanlarını məhdudlaşdırdı və qarşıdurmaların əsasını qoydu.

Ardınca Paşinyan kilsənin dövlət strukturlarındakı imtiyazlı mövqeyinin zəiflədilməsi istiqamətində tədbirlər gördü. Məsələn, bəzi hallarda dövlətin dini məbədə ayırdığı vəsaitləri azaltdı, dini təhsilin dəstəklənməsi məsələsində dəyişikliklər apardı. Əlbəttə, o, belə demək mümkünsə, sözlü tədbirlərə də baş vurdu - kilsəni keçmiş rejimlə əlaqədə və korrupsiyada günahlandırdı. Paşinyan, həmçinin, kilsənin siyasi intriqalarla məşğul olduğunu və dini fəaliyyətlərdən uzaqlaşdığını açıqladı. Kilsə isə bu ittihamları rədd edərək, hökumətin milli və mənəvi dəyərlərə qarşı münasibətinə qarşı çıxdı.

Böyük rüsvayçılıqla yekunlaşmış İkinci Qarabağ müharibəsi Ermənistanda kilsə-hakimiyyət qarşıdurmasını daha da dərinləşdirdi. Axı Nikolun şəxsində inqilabçı hökumət ölkənin məğlubiyyətə uğraması şəraitini doğurmaqla, birincinin də ənənəvi avantürizmini sarsıtmış, “ümidlərini” puça çıxarmışdı. Nəticədə kilsə açıq şəkildə iqtidarın istefasını tələb etməyə başlamışdı. Katolikos II Qaregin mövqeyini 2020-ci ilin dekabrında ölkənin İctimai televiziyasının efirindən açıqlamışdı. 2021-ci ilin fevralında isə o, yenə eyni fikri təkrarlamış və əlavə etmişdi ki, ölkə heç vaxt indiki qədər çətin vəziyyətdə olmayıb.

Əlbəttə, N.Paşinyan da sakit dayanıb baxmayıb. Məsələn, o, 2023-cü ilin mayında məsxərəli şəkildə bildirmişdi ki, “Ermənistan Apostol Kilsəsi dövlətin üzərində dayana bilməz” və dini qurum siyasi fəaliyyət göstərmək istəyirsə, partiya yaratmalıdır. Nikol, həmçinin, kilsənin dövlət işlərinə qarışmasının təhlükəli olduğunu vurğulamışdı. Həmin vaxt vəziyyəti gərginləşdirən məqam Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazır olduğunu bildirməsi olmuşdu. Ardınca yaşananlar və Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanın anti-hakimiyyət hərəkatı da yaddaşlardadır. Eləcə də Nikolun 2024-cü ilin mayında parlamentdəki çıxışı zamanı kilsəni “ictimai rəyə təsir edən ən böyük agent” adlandırması və bu təsiri aradan qaldırmaq üçün iki-üç ay ərzində qəti tədbirlərin görüləcəyini bildirməsi.

Paşinyan o zaman konkret olaraq bunu iddia etmişdi: kilsə nümayəndələri xaricdə dini təhsil alaraq geri qayıtdıqdan sonra agent qismində fəaliyyət göstərirlər. İndiyə gəldikdə, əvvəldə Nikolun kilsənin standartlar əsasında fəaliyyət göstərməli olduğunu bildirməsindən söz açdıq. Məlum olduğu kimi, baş nazirin bu fikri də kilsə müxalifəti tərəfindən narazılıqla qarşılanıb. Görünür, narazılıq o qədər qeyri-etik hal alıb ki, Paşinyanın cavabı da təxminən eyni ruhdadır. Bir sözlə, Nikol “Facebook” sosial şəbəkəsindəki hesabını anti-kilsə platformasına çevirib. Necə deyərlər, ittihamların biri bir qəpikdir.

Beləliklə, baş nazir ad çəkməsə də, subliminal şəkildə II Qaregini hədəfə alıb və onu yaxın qohumu ilə intim münasibətdə günahlandırıb. Yeri gəlmişkən, Nikolun tərəfdarları olan jurnalist-bloger çevrəsinin bir müddət əvvəl II Qaregini son dərəcə ağır ifadələrə “qonaq etdikləri”, yeniyetmələrə cinsi təcavüzdə qınadıqları məlumdur. Özünün hökumət rəhbərinə yaraşmayan təxribatçı dəst-xəttini işə salan Paşinyan isə növbəti “Facebook” statusunda belə bir sual verib: “Görəsən, yepiskoplardan neçəsi özünün bakirlik andına sadiqdir?”

Amma bu da hələ son deyil. Görünür, Nikola agah olan bəzi məqamlar var. Məsələn, hökumət rəhbəri deyir ki, bəzilərini onun hələ də rəsmi nigahda olmaması və vətəndaş nigahına üstünlük verməsi narahat edir. “Halbuki ruhani elitanın yarısı eyni vəziyyətdədir və bu, heç kimi narahat etmir”, - deyən Nikolun vəziyyəti dramatikləşdirmək əzminin bariz göstəricisi onun din xadimlərini istefaya çağırmasıdır: “Məlum olsa ki, bakirlik andı içmiş bir ruhani bu andı pozub, onda nə baş verəcək? O, vəzifəsindən, rütbəsindən və ruhani libasından məhrum edilir. Bəs mənəvi baxımdan hansı daha dürüstdür: könüllü istefa vermək, yoxsa düşüncələr girdabına düşmək - görəsən istintaq olacaqmı, görəsən həqiqət üzə çıxacaqmı?”

Nəhayət, N.Paşinyan gün ərzində sıraladığı anti-kilsə yönümlü “Facebook” statuslarına son nöqtəni bu fikirlə qoyub. O, qəti şəkildə deyib ki, bakirlik andını pozmuş bütün ruhani şəxslər ruhani xidmətdən uzaqlaşdırılmalıdırlar. Nikolun müvafiq saydığı əsaslandırma da var: “Heç kimin şəxsi həyatı başqa birinin işi deyil. Amma xalqın kilsəyə, mənəvi və əxlaqi dəyərlərə sahib olmağa haqqı var”.

Yekunda belə qənaətə gəldik ki, Nikolun əlində erməni ruhaniliyinə, xüsusən, katolikos II Qareginə qarşı ciddi bilgi – kompramat var. Ona görə də o, indiki durumda kilsəni, bir növ, “reket jurnalist” kimi şantaj edir. Baş nazir, loru dildə desək, barıtı çox etməklə məşğuldur. Çox güman, onun şantajları yaxın günlərdə özünü daha konkret əməllərdə göstərəcək. Əvvəldə də bildirdiyimiz kimi, qarşıdan seçki gəlir və Nikol prosesədək II Qaregini tam neytrallaşdırmağa köklənib.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət