Bir il sonra – 2026-cı ilin iyununda Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Məlumdur ki, Ermənistan parlament idarəetmə formasına malik dövlətdir. Bu üsul-idarəyə malik ölkələrdə parlament seçkilərində qalib gələn siyasi qüvvə hökuməti formalaşdırmaq hüququ əldə edir. Ölkədə sonuncu parlament seçkisi 2021-ci il iyunun 20-də keçirilib. Əgər gözlənilməz hadisə baş verməsə, gələn il bu vaxtlar ermənilər növbəti dəfə baş nazir seçəcəklər.
Belə bir məşhur deyim var: “Növbəti seçkilərə hazırlıq səsvermə bitən gündən başlanır”. Bu deyim Ermənistana da asanlıqla şamil oluna bilər. Müşahidələr son aylarda Hayastanda seçki prosesinə hazırlığın başladığını deməyə əsas verir. Həm iqtidar, həm də müxalifət düşərgəsi ciddi hazırlıq görür. Müxalifətin seçki hazırlığı ilə bağlı “Hraparak” qəzetinin yaydığı material diqqəti cəlb edir. Qəzet öz mənbələrinə istinadən yazır ki, bu düşərgə 2026-cı il seçkiləri ərəfəsində fəal şəkildə yerdəyişmə həyata keçirir. Nəşrin yazdığına görə, ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi (EMK) da fəallaşıb. Nəşr iddia edir ki, birinci prezidentin komandası respublikanın keçmiş ombudsmanı Arman Tatoyanla əməkdaşlıq etməyə çalışır.
Eyni zamanda, qəzet qeyd edir ki, əməkdaşlıq formatı yalnız müzakirənin ilkin mərhələsində olduğundan hər iki tərəf bu məlumatı inadla təkzib edir və razılıq əldə olunana qədər bunu inkar etmək və informasiya sızmasının qarşısını almaq zərurətinə inanırlar: “Tatoyan üçüncü prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyası ilə sıx əlaqələrə malik olduğundan, iki eks-prezident arasında da danışıqlar aparılır. Bəzi şəxslər isə bu alyansda İrəvanın keçmiş meri Ayk Marutyanı təmsil edir, lakin onun yaxın ətrafı sabiq merin qarşıdan gələn seçkilərdə müstəqil iştirak etmək niyyətində olduğunu bildirib. Baş nazir Nikol Paşinyanın təmsil olunduğu hazırkı hökumət qərbpərəstlərə arxalanaraq növbəti seçkilərə hazırlaşmağa xüsusi önəm verir. Bu baxımdan politoloqlar Qurgen Simonyan və Karen Sarkisyanın şansları yüksək hesab olunur. Çünki onlar son illərdə hakimiyyətin propaqanda maşınının təbliğatçılarını – bir tribunadan digərinə tələsən gənc karyerapərəst politoloqları, analitikləri öz ətraflarına toplaya biləcəklər”.
Qəzet xatırladıb ki, Simonyan təxminən bir il əvvəl yaradılan Ermənistan Meritokratik Partiyasının rəhbəridir. O, hakimiyyətin təbliğat kanallarının, o cümlədən İctimai Televiziyanın sevimli qonağıdır: “Ola bilsin ki, Qaqik Sarukyanın partiyası fəallaşsın, bəlkə də “Çiçəklənən Ermənistan” yox, yeni qüvvə kimi meydana çıxsın. Edmon Marukyanın “Parlaq Ermənistan” partiyası da müxtəlif məsləhətləşmələr aparır, lakin onun hansı alyansda yer tapacağı hələ bəlli deyil. Onun seçkilərdə müstəqil iştirak etməsi də çətin deyil”.
Qeyd edək ki, Ermənistan parlamentin sədri Alen Simonyan ötən ayın sonunda baş nazirin və hakim partiyanın reytinqinin aşağı düşməsi fonunda sabiq prezident Robert Koçaryanın reytinqinin getdikcə artması ilə bağlı mətbuatda dərc olunan məqaləni şərh edərkən “Mülki müqavilə”nin 2026-cı il seçkilərindən sonra vahid hökumət formalaşdıracağını və islahatları davam etdirəcəyini bildirmişdi. Simonyan əmin etmişdi ki, hakim partiya bir ildən sonra xalqla ünsiyyətdə olacaq və “50+1” faiz səs alacaq. Eyni zamanda, o qeyd etmişdi ki, “Mülki müqavilə” seçkilərdə heç bir qüvvə ilə koalisiya yaratmağı planlaşdırmır.
Bu il yanvarın 25-də Nikol Paşinyan isə İctimai Televiziyaya müsahibəsində demişdi ki, iqtidarın növbədənkənar seçkilərlə bağlı planları yoxdur: “Ermənistan hökuməti növbədənkənar parlament seçkiləri keçirmək niyyətində deyil. Növbədənkənar seçkilərin keçirilməsinin mümkünlüyü ilə bağlı müzakirələr həmişə olub. Bununla belə, biz növbədənkənar parlament seçkiləri keçirməyi planlaşdırmırıq”.
***
Yaranmış siyasi konfiqurasiya onu deməyə əsas verir ki, “Hraparak”ın məlumatı siyasi qüvvələr arasında qarşıdan gələn seçkilər ərəfəsində gərgin rəqabəti və mövqe axtarışlarını əks etdirir. Əməkdaşlıq formatının ilkin mərhələdə olması tərəflərin ehtiyatlı davranmasına və ictimaiyyət qarşısında bu prosesi inkar etməsinə səbəb olur. Tatoyanın S.Sarkisyanla yaxınlığı onun “Respublika” Partiyasına inteqrasiya ehtimalını artırır. İki keçmiş prezidentin dialoqu isə siyasi alyansların formalaşmasına işarədir. Ayk Marutyanın adının çəkilməsi müstəqil oyunçuların da bu prosesdə nəzərə alındığını göstərir. Onun müstəqil iştirak niyyəti hazırkı siyasi sistemdə üçüncü alternativin formalaşma potensialı deməkdir. Hökumətin qərbpərəst mövqeyi növbəti seçkilər üçün strategiyasını aydınlaşdırır. Qurgen Simonyan və Karen Sarkisyanın irəli çıxarılması hakimiyyətin loyal və ambisiyalı simalarla güclənmək cəhdidir. Hakimiyyətin propaqanda alətinə çevrilmiş gənc karyeristlər isə bu prosesdə aktiv rol alır. Bütün bunlar Ermənistanda seçki öncəsi siyasi xəritənin yenidən çəkildiyini göstərir.
Q.Simonyanın Meritokratik Partiyanın lideri kimi hakimiyyətin media resurslarında tez-tez görünməsi onun siyasi baxımdan dəstəkləndiyini göstərir. Bu, hökumətin yeni simalar üzərindən legitimlik axtarışına işarədir. Q.Sarukyanın “Çiçəklənən Ermənistan” əvəzinə yeni qüvvə ilə meydana çıxması isə müxalif düşərgədə yenilənmə cəhdlərini göstərir. Edmon Marukyanın partiyasının qeyri-müəyyən mövqeyi isə siyasi manevr imkanlarının məhdudluğunu üzə çıxarır. Ümumilikdə, siyasi meydanda yeni konfiqurasiyalar formalaşmaqdadır.
***
Ermənistandakı daxili siyasi durumla, daha doğrusu, seçkilərə hazırlıqla bağlı iyunun 4-də “ArmenianReport” saytında yerləşdirilmiş “Paşinyan və müxalifət qılınclarını çarpazlayıblar” sərlövhəli analitik yazı da diqqəti cəlb edir. Yazıda bildirilir: “Məlum olduğu kimi, gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu seçkilər bizim hər birimiz üçün taleyüklüdür. Bu da başadüşüləndir. Çünki ölkənin, xalqın gələcəyini, yolunu seçkinin qalibi müəyyən edəcək. Deyəsən, sözün əsl mənasında, bütün siyasi qüvvələr 2026-cı il seçkilərinə hazırlığa başlayıblar. Hakimiyyət, açıq desək, parlaq gələcəyi olmayan, hətta kriminal şəxslərin bu gün çoxluq təşkil etdiyi “Mülki müqavilə”nin idarə heyətini seçkilər ərəfəsində yeniləmək, hətta gəncləşdirmək niyyətindədir.
İqtidaryönlü KİV-in məlumatına görə, bu kontekstdə partiya üzvlərinin davranışları, eləcə də onların korrupsiya sxemlərində mümkün iştirakı ilə bağlı yayılan şayiələr və ittihamlar idarə heyətinin iclaslarında fəal müzakirə olunur”. Bildirilir ki, “rəngbərəng” müxalifət də yatmayıb: “Çox yaxında ölkənin siyasi meydanında sabiq ombudsman Arman Tatoyanın və Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbəri David Ananyanın rəhbərliyi altında “yeni” müxalifət qüvvəsinin meydana çıxacağı gözlənilir. Müxalifət mətbuatı maraqlı plan təqdim edir: nədənsə onlar əmindirlər ki, yeni partiyanın liderləri “böyük nüfuzlarına və xalqın etimadına bel bağlayırlar”. Üstəlik, Artur Vanetsyanın “Vətən” partiyasının 2026-cı il seçkilərinə müstəqil şəkildə gedəcəyi ilə bağlı şayiələr var. Eyni zamanda, hazırkı hakimiyyətin əleyhdarları hesab edirlər ki, nə Tatoyan–Ananyan partiyası, nə də “Vətən” “Mülki müqavilə” ilə heç bir sövdələşməyə getməyəcək”.
Yazıda əksini tapan fikirlər Ermənistanda 2026-cı il seçkiləri öncəsi siyasi aktivliyin artdığını və gərgin rəqabət şəraitinin formalaşdığını göstərir. Bütün siyasi qüvvələrin seçki hazırlığına başlaması qarşıdakı mübarizənin kəskin və taleyüklü olacağını təsdiqləyir. Hakim “Mülki müqavilə” partiyasının idarə heyətində dəyişiklik planları iqtidarın daxili təmizlənmə və imic yenilənməsi cəhdidir. Gəncləşmə niyyəti isə siyasi enerjini və ictimai dəstəyi bərpa etmək məqsədi daşıyır. Lakin kriminal keçmişi olan və korrupsiyada adı hallanan şəxslərin partiyada mövcudluğu hakimiyyətin nüfuzuna xələl gətirir. Bu hallar idarə heyətində narahatlıq doğurur və daxili gərginliyi artırır. Ümumilikdə, bu dinamika seçkiyə qədər qüvvələr balansının tez-tez dəyişə biləcəyini göstərir.
Rizvan HÜSEYNOV,
hərbi-siyasi şərhçi
– Ermənistanda müşahidə olunan siyasi fəallıq qarşıdan gələn parlament seçkilərinin ölkə üçün ciddi dönüş anı ola biləcəyini göstərir. Siyasi düşərgələr arasındakı yerdəyişmələr və gizli danışıqlar yeni alyansların formalaşmaq üzrə olduğunu göstərir. Xüsusilə keçmiş ombudsman, qatı azərbaycanofob və türkofob Arman Tatoyanın həm Serj Sarkisyanın, həm də Levon Ter-Petrosyanın çevrəsinə yaxınlığı müxalifət qüvvələri arasında konsolidasiyaya işarədir. Ayk Marutyan və Artur Vanetsyan kimi fiqurların adının çəkilməsi isə siyasi alternativlərin sayının artdığını göstərir. Amma nəzərə almaq lazımdır ki, Tatoyan və Vanetsyan cəmiyyətdə böyük nüfuza malik deyillər.
Xüsusilə milli təhlükəsizlik xidmətinin sabiq rəhbəri olan Vanetsyan Rusiyaya bağlı şəxs hesab olunur. Bu yaxınlarda Moskvaya səfər etməsi onun növbəti səhvi idi. Çünki hazırda erməni cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsi mövcuddur. Digər tərəfdən, hamı bilir ki, həm Tatoyan, həm də Vanetsyan Serj Sarkisyanın adamlarıdır. Təsadüfi deyil ki, Vanetsyanın partiyası 2021-ci il iyunun 20-də növbədənkənar seçkilərə Sarkisyanla tandemdə getmişdi. Onların ayrıca qüvvə kimi parlamentə düşəcəkləri də inandırıcı deyil.
Doğrudur, daha Paşinyan 2018-2019-cu illərdəki populyarlığa malik deyil. Amma bütün bunlara baxmayaraq, o, yenə də Koçaryan, Sarkisyan, Vanetsyan, Tatoyan və Ohanyandan daha reytinqlidir. Paşinyanın qərbpərəst kursunu davam etdirməsi fonunda “Mülki müqavilə” partiyasının gəncləşmə planı həm imicə, həm də daxili risklərə cavabdır. Lakin bu partiyanın daxilində korrupsiya şübhələri və kriminal keçmişli fiqurların olması seçki kampaniyasında zəif nöqtə ola bilər.
Səxavət HƏMİD
XQ