Hikmət Hacıyev Praqada Orta Dəhliz müzakirəsində

post-img

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi GLOBSEC-lə birgə Praqada “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Strateji Keçid?” (“The Middle Corridor: A New Geopolitical and Economic Lifeline?”) adlı panel müzakirəsi təşkil edib.

TV aparıcı və jurnalist Kris Börnsün moderatorluq etdiyi panelin iştirakçıları sırasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, İtaliyanın Beynəlxalq Siyasi Tədqiqatlar İnstitutunun Rusiya, Qafqaz və Mərkəzi Asiya Mərkəzinin baş elmi işçisi Eleonora Tafuro Ambrosetti, həmçinin Orta Doğu Texniki Universitetinin professoru Hüseyn Bağcı yer alıb.

Prezidentin köməkçisi çıxışında Orta Dəhlizlə bağlı Azərbaycanın baxışını təqdim edərək, bu marşrutun geosiyasi əhəmiyyətini və daha geniş regional inteqrasiyaya verdiyi imkanları vurğulayıb. O, Azərbaycanın quru, hava, dəniz və rəqəmsal infrastrukturunu təkmilləşdirərək dənizə çıxışı olmayan ölkə statusundan nəqliyyat baxımından əlaqələndirilmiş məkana çevrildiyini və bunun bütün Avrasiyaya fayda verdiyini qeyd edib.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan “Orta Dəhliz”ə sadəcə nəqliyyat marşrutu kimi deyil, daha geniş mənada mədəniyyətlərarası dialoqun bir forması kimi baxır. O qeyd edib ki, yollar Azərbaycanın qədimdən gələn mədəniyyət və sivilizasiya anlayışının bir hissəsidir və ölkəmiz tarixən İpək Yolunun üzərində yerləşərək bu dialoqun fəal iştirakçısı olub. O vurğulayıb ki, coğrafi mövqe olaraq şərq-qərb və şimal-cənub kəsişməsində yerləşməyimiz vacib olsa da, Azərbaycanın müstəqillik əldə etdikdən sonra bu potensialı reallaşdırmaq üçün praktiki addımlar atması əsas məsələ olub: “Biz quru ilə əhatələnmiş ölkə olaraq bu məhdudiyyəti üstünlüyə çevirməyə çalışmışıq”.

Hikmət Hacıyev bildirib ki, Azərbaycanın bununla bağlı gördüyü işlər bir neçə əsas istiqaməti əhatə edir. İlk olaraq enerji sahəsində Bakı-Tbilisi-Ceyhan və digər boru kəmərləri vasitəsilə Xəzər dənizini Qara və Aralıq dənizləri ilə birləşdirən enerji dəhlizləri yaradılıb. Daha sonra ölkə daxilində avtomobil yolları və magistrallar inşa edilib və bunlar qonşu ölkələrlə də əlaqələndirilib.

O, həmçinin Xəzər dənizinin ayırıcı deyil, birləşdirici faktor kimi dəyərləndirildiyini, Mərkəzi Asiya ölkələri ilə dəniz nəqliyyatı vasitəsilə əməkdaşlıq qurulduğunu bildirib. Bununla yanaşı, hava nəqliyyatı sahəsində “hava İpək yolu” anlayışı formalaşdırılıb, Azərbaycanda hazırda 9 hava limanı fəaliyyət göstərir.

Hikmət Hacıyev çıxışında “rəqəmsal İpək yolu” təşəbbüsündən də danışıb. O bildirib ki, Azərbaycan hazırda qazaxıstanlı tərəfdaşlarla birlikdə Avrasiya qitəsi boyunca, Xəzər dənizi vasitəsilə yüksəksürətli internet bağlantısı qurur. Eyni zamanda, Xəzər dənizi regionunun bərpaolunan enerji potensialının Qara dəniz üzərindən Avropaya daşınması istiqamətində “bərpaolunan enerji dəhlizi” üzərində iş aparıldığını deyib.

“Bütün bu təşəbbüslər Azərbaycanın Şərq-Qərb bağlantısı və ümumilikdə əlaqəlilik konsepsiyasına verdiyi strateji töhfənin tərkib hissəsidir”, – deyə Hikmət Hacıyev vurğulayıb.

Hikmət Hacıyev panel müzakirəsində çıxışı zamanı bildirib ki, Orta Dəhliz artıq mövcuddur və fəaliyyət göstərir. Heç kimdə elə təəssürat yaranmamalıdır ki, bu dəhliz yoxdur və kimsə gəlib onu yenidən qurmalıdır. Azərbaycan və tərəfdaşlarımız bu dəhlizə sərmayə yatırır. Əlavə tərəfdaşlar da gəlib bu imkanlardan faydalana bilərlər.

O qeyd edib ki, Azərbaycan Orta Dəhlizi Avropa İttifaqı ilə Çin kimi iki böyük iqtisadi güc arasında strateji bağlantı kimi görür. “Avropa İttifaqı ilə Çin arasında illik ticarət dövriyyəsi 700 milyard avrodan çoxdur. Onlar rəqabət apara bilərlər, lakin biz bunu əməkdaşlıq imkanları kimi görürük”, – deyə Hacıyev bildirib.

Prezidentin köməkçisi əlavə edib ki, Çinin “Kəmər və Yol” təşəbbüsü ilə Avropa İttifaqının “Qlobal Qapı” (Global Gateway) təşəbbüslərinin Cənubi Qafqaz və Xəzər regionuna necə tətbiq olunacağı hələ də tam aydın deyil. “Biz tərəfdaşlarımızla əməkdaşlığa açığıq, lakin öz planlarımızı da yerinə yetiririk”,- deyə o vurğulayıb.

Hikmət Hacıyev çıxışında bir daha bildirib ki, Orta Dəhliz artıq mövcuddur və fəaliyyət göstərir: “Heç kimdə elə təəssürat yaranmamalıdır ki, bu dəhliz yoxdur və kimsə gəlib onu yenidən qurmalıdır. Azərbaycan və tərəfdaşlarımız bu dəhlizə sərmayə yatırır. Əlavə tərəfdaşlar da gəlib bu imkanlardan faydalana bilərlər”.

***

Azərbaycan Prezidentinin köməkçisi çıxışında “Yaşıl dəhliz” təşəbbüsünün Azərbaycanın enerji bağlantısı strategiyasının məntiqi davamı olduğunu və bu istiqamətdə yeni mərhələni ifadə etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın quruda və dənizdə ümumi bərpaolunan enerji potensialı 200 giqavat həcmində qiymətləndirilir. Məhz bu potensiala əsaslanaraq, Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstanla birlikdə Qara dənizin dibi ilə keçəcək kabel layihəsi üzərində çalışır. Bolqarıstan da bu təşəbbüsə qoşulub.

Hikmət Hacıyev qeyd edib ki, hazırda iki istiqamətdə yaşıl dəhliz üzərində iş aparılır: biri Qara dəniz marşrutu üzrə, digəri isə Türkiyə və Bolqarıstan xətti üzrədir. O əlavə edib ki, COP29 zamanı Azərbaycan Mərkəzi Asiya ölkələri, Qazaxıstan və Özbəkistanla Trans-Xəzər bərpaolunan enerji layihələri üzrə Anlaşma Memorandumu imzalayıb. H.Hacıyev vurğulayıb ki, Avropa İttifaqı yeni enerji mənbələrinə ehtiyac duyur və rəqəmsal keçid fonunda yeni elektrik tutumları tələb olunur. Bu baxımdan, Cənubi Qafqaz və Xəzər bölgəsi Avropa üçün həm coğrafi cəhətdən yaxın, həm də etibarlı tərəfdaşdır.

“Bu parametrləri nəzərə alaraq, yaşıl dəhliz şərq-qərb dəhlizinin yeni və strateji komponenti kimi çıxış edə bilər”,- deyə Hikmət Hacıyev bildirib.

***

Hikmət Hacıyev panel müzakirəsində çıxışı zamanı səsləndirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə başlayanda Avropa və Amerika fondları bu layihəyə maliyyə ayırmaqdan imtina etdilər. Biz isə qərara gəldik ki, bu işi öz vəsaitimizlə görəcəyik. Biz bu layihəni həyata keçirdik.

Prezidentin köməkçisi bildirib ki, bölgədə dayanıqlı ticarət və nəqliyyat əlaqələrinin qurulması üçün əməkdaşlıq və tərəfdaşlıq əsas şərtdir. “Bizim investisiya imkanlarımız var və bölgədəki qardaş və tərəfdaş ölkələrlə sıx əməkdaşlıq edirik”,- deyə Hikmət Hacıyev vurğulayıb.

O əlavə edib ki, Azərbaycan bütün əsas nəqliyyat infrastrukturunu Mərkəzi Asiya ölkələri ilə birləşdirib. H.Hacıyev bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyə birlikdə bölgədə üzərlərinə düşən işi yerinə yetirir və Mərkəzi Asiya ölkələri ilə əlaqələri genişləndirirlər. O, həmçinin qeyd edib ki, Çin və Qırğızıstan hazırda 900 kilometrlik yeni dəmir yolu xətti inşa edirlər və bu infrastruktur Mərkəzi Asiyaya daha qısa marşrutla çıxış imkanı verəcək. Trans-Xəzər vasitəsilə biz bu proseslərin hamısını bir-biri ilə əlaqələndiririk.

“Sualım budur ki, Avropa İttifaqı haradadır? Bəli, siz tərəfdaş kimi bizə qoşula bilərsiniz, amma hələ də Aİ-nin bu məsələdə nə istədiyi tam aydın deyil. Biz hələ də bunu görə bilmirik”, - deyə o vurğulayıb.

***

Prezidentin köməkçisi panel müzakirəsində çıxışı zamanı bildirib ki, Azərbaycan regionda təhlükəsizlik və sabitliyi təmin edib: “Biz regionda tam təhlükəsizlik və sabitlik yaratmışıq. Ermənistan da regional əməkdaşlıq və nəqliyyat bağlantılarının bir hissəsinə çevrilə bilər”.

Hikmət Hacıyev qeyd edib ki, hazırda Ermənistanla da danışıqlar aparılır və Azərbaycanın məqsədi regionda heç kimi təcrid etmək və ya kənarda saxlamaq deyil.

Ermənistanın “Sülh yollarının kəsişməsi” təşəbbüsünə dair suallara cavab verən Hikmət Hacıyev bu yanaşmanı “gecikmiş və natamam” kimi təsvir edib:

“Azərbaycanın əraziləri işğal altında olarkən biz hər zaman bağlantıların yaradılmasını münaqişənin həlli prosesinin tərkib hissəsi kimi vurğulamışıq. İndi isə münaqişə həll olunub. Burada qeyd etməli olduğum vacib məqamlardan biri də Şərq-Qərb dəhlizinin əsas komponentlərindən olan təhlükəsizlik və sabitlikdir. Bu, həm də Azərbaycan Respublikasının regionda tam təhlükəsizlik və sabitlik yaratması ilə bağlı nailiyyətidir. Ermənistan regional diskursların və nəqliyyat bağlantılarının bir hissəsi ola bilər. Biz regionda heç bir təcrid və ya kənarda qalma hallarını görməkdə maraqlı deyilik. Lakin eyni zamanda Ermənistan tərəfdən də müəyyən gözləntilərimiz var. Ermənistan 30 il ərzində Naxçıvanı blokadada saxlayıb. İndi biz Ermənistanın ilk vacib addımı ataraq Zəngəzur dəhlizi ilə bağlı iş görməsini gözləyirik. Ermənistan ərazisindən keçən bağlantılarla bağlı isə qeyd etmək istəyirəm ki, Ermənistan onun iqtisadi baxımdan nə dərəcədə səmərəli olduğunu sübut etməlidir. Azərbaycan artıq öz bağlantılarını qurub. İndi isə Ermənistan göstərməlidir ki, onun əraziləri üzərindən keçən marşrut iqtisadi baxımdan nə qədər rentabellidir. Sevindirici haldır ki, biz Ermənistanla ikitərəfli kanallar vasitəsilə sülh sazişi, sərhədlərin delimitasiyası və digər məsələlər üzrə işləyirik. Sülh sazişi üzrə mətn razılaşdırılıb. Hələ də açıq qalan məsələlər var, lakin bu istiqamətdə işlər davam etdirilir”, - deyə o qeyd edib.

Hikmət Hacıyev, həmçinin Azərbaycanın irəli sürdüyü “3+3” regional əməkdaşlıq təşəbbüsünə toxunaraq ölkəmizin davamlı sülhə sadiqliyini bir daha vurğulayıb:

Digər panel iştirakçıları da Orta Dəhlizin geosiyasi və geoiqtisadi rolu barədə fikirlərini bölüşüblər.

Xatırladaq ki, GLOBSEC 2025 Avropanın xarici siyasət və təhlükəsizlik sahəsində liderlərini, dövlət başçılarını, sahibkarları, beynəlxalq təşkilatların, beyin mərkəzlərinin və akademik dairələrin nümayəndələrini bir araya gətirən illik forumdur.

XQ



Siyasət