Məkrli kampaniyalar müəllifi regiona çürük düşmənçilik toxumu səpir

post-img

Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru (2003-2012) Luis Moreno Okampo yenə öz ampluasındadır. Xaricdəki erməni diaspor və lobbisindən külli miqdarda pul aldığı heç kəsdə şübhə doğurmayan Okampo bunun əvəzini ödəmək üçün, necə deyərlər, dəridən-qabıqdan çıxır. Mayın 4-də İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci sammiti argentinalı hüquqşunas üçün göydəndüşmə fürsət olub.

O, ibtidai istintaq dövründə və Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı ağır cinayətlər törətdikləri sübuta yetirilmiş və müvafiq müddətlərə azadlıqdan məhrum edilmiş Ermənistan vətəndaşlarının (Okampo onları girovlar adlandırır–S.H.) azad olunması, Ermənistanın müdafiəsi və “Qarabağ xalqı”na hörmət göstərilməsi tələbi ilə sosial şəbəkələrdə yeni kampaniyanın geniş vüsət aldığını (?) bildirib. Bu barədə özünün “Facebook” səhifəsində məlumat verən Okampo yazıb: “2026-cı il mayın 4-də Avropanın 40-çox milli lideri, o cümlədən Avropa İttifaqına daxil olmayan Böyük Britaniya, Norveç və İsveçrə kimi ölkələrin rəhbərləri İrəvanda bir araya gələrək Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak edəcəklər. Sammitin məqsədi ümumi strateji çağırışlara qarşı fəaliyyətin əlaqələndirilməsidir. Növbəti gün isə Ermənistanın Avropa İttifaqına inteqrasiyasının daha da dərinləşdirilməsi məqsədilə Aİ institutlarının rəhbərlərinin iştirakı ilə ilk Ermənistan–Aİ sammiti keçiriləcək. Qarabağ (Okampo xislətinə sadiq qalaraq “Dağlıq” təyinini işlətməyi də unutmur–S.H) mövzusu görüşlərin gündəliyinə daxil deyil. Lakin bu məsələ istər-istəməz gündəmə gələcək. Avropa liderləri reallıqla üz-üzə qalmalı olacaqlar: “120 min insan öz tarixi vətənindən zorla köçürülüb” və hazırda İrəvanda və ya onun ətrafında yaşayır. Qarşıdakı həftələrdə hökumət başçılarının əməkdaşları öz mövqelərini hazırlayacaqlar. Məhz indi onlarla əlaqə yaratmaq, problemi izah, konkret addımlar atmağı tələb etmək və onlara aydın dəstək çağırışı ünvanlamaq üçün ən uyğun zamandır. Sosial şəbəkələrdə “girovların” azad olunması, Ermənistanın müdafiəsi və “Qarabağ xalqı”na hörmət göstərilməsi tələbi ilə yeni kampaniyaya start veriləcək”.

Okampo daha sonra paylaşımlarda istifadə olunacaq heşteqlərin nədən ibarət olduğunu açıqlayıb: “Biz “EuropeanPoliticalCommunity”, “FreeArmenianHostages” və “EUrespectEUCharter” heşteqləri ilə paylaşımlar etməklə və ya şərhlər yazmaqla “Qarabağ xalqı”nın hüquqlarının müdafiəsinə öz töhfəmizi verə bilərik”. Azğınlaşmış və reallıq hissini itirmiş keçmiş prokuror 2023-cü ildə baş vermiş prosesləri “erməni soyqırımı” adlandırıb və bunun qarşılıqlı səylərlə bunun “inkarına son qoyulmasına” da öz töhfələrini verə biləcəklərini vurğulayıb. Sonda onun erməni “sevgisi” lap fontan vurub. Yazıb ki, “erməniləri müdafiə etmək sivilizasiyanı müdafiə etmək deməkdir”.

***

Girişdə qeyd etdiyimiz kimi, Okamponun yenidən erməni diaspor və lobbisinin, eləcə də Ermənistan daxilindəki separatçı, daşnak, revanşist tör-töküntünün maraqlarına xidmət edən təbliğat kampaniyasında önə çıxması təsadüfi deyil. O, uzun müddətdir ki, bu dairələrin siyasi sifarişlərini beynəlxalq ictimaiyyətə “humanitar böhran” kimi təqdim etməyə çalışır. İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci sammiti də Okampo üçün növbəti informasiya manipulyasiyası meydanına çevrilib. Məqsəd aydındır: sammit ərəfəsində emosional çağırışlar, uydurma ittihamlar və qərəzli tezislərlə Avropa liderlərinə təsir göstərmək, Azərbaycanın haqlı mövqeyinə kölgə salmaq və regionda formalaşan yeni siyasi reallıqları şübhə altına almaq. Aydındır ki, bu cəhd hüquqi arqument yox, siyasi spekulyasiyadır. Okamponun hüquqşünas olsa da, onun üslubunda, dəst-xəttində beynəlxalq hüququn əsas prinsiplərindən əsər-əlamət yoxdur. Keçmiş prokuror yenə də bitmiş məsələləri süni şəkildə gündəmə gətirmək, revanşist dairələrin maraqlarına xidmət etmək və İrəvandakı sammitdən siyasi xal qazanmaq üçün fəallıq nümayiş etdirir.

Əgər Okamponun irəli sürdüyü tezislər həqiqətən Ermənistan üçün siyasi baxımdan səmərəli, diplomatik baxımdan isə məqsədəuyğun olsaydı, bu mövzuları, ilk növbədə, elə Ermənistan hökumətinin özü rəsmi platformalarda qabardardı. Lakin rəsmi İrəvanın son dövrdə daha ehtiyatlı davranması göstərir ki, hakimiyyət beynəlxalq auditoriya qarşısında səsləndirilən radikal çağırışların ölkəyə yeni risklər yarada biləcəyini, kövrək sülhü təhlükə altına alacağını anlayır. Ermənistan rəhbərliyi yaxşı başa düşür ki, Avropa Siyasi Birliyi kimi platformalar emosional hay-küy üçün deyil, siyasi dialoq, regional sabitlik və praktik əməkdaşlıq gündəliyi üçün nəzərdə tutulub. Məhz buna görə də Okampo kimi fiqurların kənardan səsləndirdiyi qızışdırıcı və qərəzli çağırışlar daha çox diaspor çevrələrinin siyasi sifarişini xatırladır. Bu, bir tərəfdən Ermənistan hökumətinin rəsmi xətti ilə qeyri-rəsmi təbliğat arasında fərqi üzə çıxarır, digər tərəfdən isə göstərir ki, belə təşəbbüslər real diplomatiyadan yox, köhnə iddiaların informasiya müstəvisində yaşadılmasından qaynaqlanır.

Bu kimi fiqurların fəaliyyəti nə Ermənistan dövlətinin və xalqının maraqlarına, nə də regionda sabitliyin bərqərar olmasına xidmət edir. Əksinə, onlar sülh təşəbbüslərinə xələl gətirir, normallaşma imkanlarını zədələyir və onsuz da həssas olan prosesi yenidən qarşıdurma müstəvisinə çəkməyə çalışırlar. Ən diqqətçəkən məqam isə budur ki, bu şəxslər bəzən elə erməni siyasi dairələrinin özündən də irəli gedərək, “ermənidən daha artıq ermənilik” nümayiş etdirirlər. Onların danışıq tərzi rasional siyasətə deyil, təhrikedici hərəkətlərə və qərəzli təbliğata söykənir. Nəticədə, belə çağırışlar Ermənistanı irəli aparmır, əksinə, onu ziyanlı iddiaların və dalan siyasətinin girovuna çevirməyə xidmət edir. Okampo Qarabağda yaşamış erməni əhalini bu gün xüsusi canıyananlıqla “Qarabağ xalqı” adlandırır. Eybi yox, istədiyi termini işlədə bilər. Ad məsələsi burada əsas məqam deyil. Əsas məsələ ondan ibarətdir ki, o və onun kimilər illər boyu bölgədə gərginliyi körükləyən, reallığı təhrif edən, sülh imkanlarını baltalayan mövqe sərgiləyiblər. Məhz belə fitnəkar, təxribatçı və məsuliyyətsiz yanaşmalar Qarabağda yaşamış erməni sakinlərin 2023-cü ildə öz yaşadıqları yerləri tərk etməsi ilə nəticələnən kütləvi psixozun dərinləşməsində mühüm rol oynayıb. Onlar insanların təhlükəsiz yaşamaq inancını möhkəmləndirmək əvəzinə, qorxu, təşviş və qeyri-müəyyənlik mühiti formalaşdırdılar. Bu baxımdan Okamponun bu gün özünü “humanizm carçısı” kimi təqdim etməsi səmimi görünmür. Çünki həmin insanların taleyinə ən böyük zərbəni, əslində, elə onları yanlış istiqamətə sürükləyən, yalan vədlərlə aldadan, bölgədə qarşıdurma ruhunu diri saxlayan belə dairələr vurublar.

Onu da bildirək ki, Okampo bundan əvvəl də sosial şəbəkələrdə oxşar kampaniyalar keçirmişdi. Buna nümunə olaraq 2024-cü il noyabrın 11-22-də paytaxtımızda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində elan olunan kampaniyanı göstərmək olar. O, həmin vaxt bildirmişdi ki, COP29 Qarabağ ermənilərin hüquqlarının dəstəklənməsi baxımından beynəlxalq ictimaiyyət üçün ciddi sınaq olacaq. Başabəla hüquqşünas erməniləri COP29-a qədər səylərini birləşdirməyə, media və sosial şəbəkələrdə separatçıların həbsdə olan başçılarına dəstək kampaniyası başlatmağa çağırmışdı. Lakin həmin kampaniya nəticəsiz qaldığı kimi indiki cəhdin də aqibəti fərli olmayacaq. Çünki indi təkcə beynəlxalq ictimaiyyət deyil, Ermənistan rəhbərliyi özü də emosional şüarlarla yox, “Dəmir yumruğ”un regionda formalaşdırdığı hüquqi-siyasi reallıqlarla hesablaşır. Başqa sözlə, Okamponun növbəti təşəbbüsünün də çürük qoz qədər dəyəri olmayacaq.

Səxavət HƏMİD
XQ

Siyasət