Onu tarazlamaq üçün konstitusiyadan Azərbaycana ərazi iddiası çıxarılmalıdır
Əgər bu versiyanı qəbul etsək ki, Paşinyan sülh planı üzrə “ev tapşırıqlarından” ən çətinini axıra saxlayıb. Artıq “olum, ya qalım” sınağına çevriləcək parlament seçkiləri ərəfəsində bu məsələdən danışmağın onun üçün nə qədər çətin olduğunu nəzərə almalıyıq. Ölkənin ədliyyə nazirinin Azərbaycanın əsas şərti sayılan bu məsələ barədə mart ayında ikinci dəfə açıqlama verməsi də vəziyyətin Paşinyan komandası üçün heç də ürəkaçan olmadığına dəlalət edir. Ermənistanın yeni konstitusiya layihəsi mətninin mart ayı ərzində dərc olunacağı bildirilsə də, bu, indiyədək baş verməyib.
Oxuculara xatırladaq ki, təxminən, iki həftə bundan əvvəl bu barədə danışan Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan onu da bildirmişdi ki, yeni Konstitusiyanın mətni hazırdır və dərc edildikdən sonra ictimai müzakirələr zamanı müəyyən dəyişikliklərin ediləcəyi istisna olunmur. O zaman bütün təklif və rəylərə açıq olduqlarını bəyan edən nazir rəsmi Bakı üçün ən əhəmiyyətli düzəlişin – baş qanunun preambula hissəsində Müstəqillik Bəyannaməsinə istinadın aradan qaldırılması ilə bağlı məsələnin tam həll olunmadığını da vurğulamışdı: “Hələlik Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılması ilə bağlı son qərar qəbul olunmayıb”.
Ermənistan ədliyyə nazirinin məlum məsələ barədə iki gün bundan əvvəlki açıqlamasından isə belə çıxdı ki, hökumət son qərarı hələ də qəbul etməyib. Onun məntiqindən belə çıxır ki, çox irəli getdiklərinə görə yarı yolda dayana bilməzlər. Bu ritorik ifadə nazir Srbuhi Qalyanın ölkəsinin yeni konstitusiya layihəsi ilə bağlı son bəyanatını olduqca dəqiq təsvir edir. “Konstitusiya İslahatı Şurası çox fəal işləyir” – deyən Qalyan Ermənistanın yeni konstitusiya layihəsinin mətninin artıq hazır olduğunu və onun hakim “Mülki müqavilə” partiyasının İdarə Heyətinin iclasında, eləcə də parlamentin eyniadlı fraksiyasında müzakirəsinin planlaşdırıldığını da vurğulayıb. Erməni mediasının yazdığına görə, o, bu açıqlamaları Ədliyyə Nazirliyi yanında İctimai Şuranın ilk iclasında bəyan edib.
***
Deməli, erməni nazirin bəyanatından da göründüyü kimi, Ermənistanda konstitusiya islahatları prosesi son mərhələyə yaxınlaşır və məntiqi sual yaranır: iki ölkə arasında yekun sülh müqaviləsinin imzalanması üçün Azərbaycana qarşı ərazi iddialarının yeni əsas qanunun mətnindən çıxarılması realdırmı? Sualın dəqiq cavabını qonşu ölkənin daxili siyasi mənzərəsini araşdırdıqdan sonra tapmaq olar. İlk növbədə, qeyd etməliyik ki, Paşinyan hökuməti Ermənistanın yeni konstitusiyasının mətnindən Müstəqillik Bəyannaməsinə istinadı çıxarmaq niyyətini nümayiş etdirir. Bu isə o deməkdir ki, “Ermənistan SSR-in və Dağlıq Qarabağın yenidən birləşməsi” arxivə göndərilir. Baş nazir Nikol Paşinyan bunu dəfələrlə bəyan edib. O, partiyasının nümayəndələri və Qafan sakinləri ilə görüşdə bunu xüsusi qeyd edib: “Bizim Müstəqillik Bəyannaməsi, əslində, heç də müstəqillik bəyannaməsi deyil. Bu, münaqişə bəyannaməsidir, çünki siz dövlət elan edirsinizsə, “mənim səninlə filan problemim var, səninlə filan problemim olacaq, səninlə də filan problemim var” demək müstəqillik deyil”. Yəni baş nazir aydın şəkildə bildirib ki, təhlükəsiz və suveren dövlət qurmaq üçün münaqişəli məntiqə əsaslanmayan, Azərbaycan ərazilərinə iddiaları istisna edən yeni konstitusiya lazımdır. Nikol Paşinyan indiki şəraitdə ərazi iddiaları məsələsini birdəfəlik bağlamaq, “Qarabağ hərəkatı” adlandırılan siyasətə son nöqtəni qoymaq niyyətindədir. Bu barədə danışanda “hərəkatı davam etdirmək yeni müharibənin başlanması deməkdir” – deyərək bunun qəbuledilməz olduğunu vurğulayıb.
Bəli, Ermənistanın baş naziri dəfələrlə bəyan edib ki, yeni konstitusiyanın qəbulu referendum yolu ilə Ermənistan vətəndaşları tərəfindən həll olunacaq. Bu onu deməyə əsas verir ki, Paşinyan iqtidarı konstitusiya islahatını Bakının tələblərinin yerinə yetirilməsi kimi yox, dövlətin daxili modernləşdirilməsi kimi təqdim etməyə çalışır. Müxalifət və erməni kilsəsinin nümayəndələrindən ibarət “müharibə partiyası”nın ölkədə bu ilin iyununda keçiriləcək parlament seçkiləri fonunda artan fəallığını nəzərə alsaq, bu taktika tamamilə ağlabatandır. Eyni zamanda, müxalifət qüvvələri hakimiyyəti gözdən salmaq üçün ciddi bir iş görə bilmir. Bu düşərgə 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş və sülh prosesinə yaşıl işıq yandıran bəyannamələri, eləcə də hökumətin bu istiqamətində atdığı addımları təhrif etmək, ictimai rəyi çaşdırmaqla məşğuldur. Bunu nəzərə alsaq, qarşıdan gələn konstitusiya referendumu parlament seçkiləri kimi Paşinyan komandası üçün çətin siyasi sınaq sayıla bilər.
“Ermənistan” blokundan baş nazirliyə namizəd Robert Koçaryan kimi “alovlu” revanşistlər konstitusiya referendumunu hakimiyyətə etimadla bağlı əlavə siyasi təzyiq rıçağına çevirməyə cəhd edirlər ki, bu da siyasi böhrana təkan verə bilər. Beləliklə, bu gün baş nazirin əsas vəzifəsi Ermənistan cəmiyyətini inandırmaqdır ki, dövlətin yolunu məhz onun kritik seçimi müəyyən edir: dinc, işıqlı gələcəyə, yoxsa yeni müharibənin uçurumuna doğru?
Paşinyan və komandasının səylərinin uğurlu olub-olmayacağı hələ məlum deyil, amma qonşu ölkə vətəndaşları Hayastan dedikləri evlərində seçki havasının necə olacağına bu gündən qərar verməlidirlər ki, sonra tərəzinin gözü pozulmasın. Axı, indi tərəziyə, faktiki olaraq, sülh və Ermənistan dövlətinin mövcudluğu qoyulub.
İlqar VƏLİZADƏ,
politoloq
Ötən yarım il, bəlkə də bir il ərzində Ermənistanda konstitusiya dəyişiklikləri ilə bağlı müxtəlif təkliflər, yaxud da fərziyyələr irəli sürülürdü. Rəsmi İrəvan sülh sazişini seçkilərdən öncə imzalana biləcəyinə də işarə vururdu. Bununla da Paşinyanın siyasi dayaqlarının möhkəmlənəcəyi güman edilirdi. Yəni seçkilərdə qalib gələn iqtidar partiyası sazişin ratifikasiyasını da çətinlik çəkmədən reallaşdıra bilərdi. Yeri gəlmişkən, bizim ekspertlərdən bəziləri bu cür fərziyə-proqnozları səsləndirirdilər. Amma bu məsələ ilə bağlı rəsmi mövqedə heç bir dəyişiklik baş verməyib. Azərbaycan Prezidentinin qəti mövqeyi ondan ibarətdir ki, Ermənistan tərəfi özünün konstitusiyasına zəruri dəyişiklikləri etməli və məhz bundan sonra Bakı sülh sazişini imzalaya bilər. Atılacaq addımların ardıcıllığı, alqoritm belə olmalıdır. Bunun başqa variantı yoxdur.
Azərbaycan sülh qarşılığında Ermənistana əsas tələbini ən müxtəlif səviyyələrdə dəfələrlə dilə gətirib və bundan heç bir halda vaz keçə bilməz. Bu gün də heç nə dəyişməyib. Doğrudur, Ermənistan daxilində vəziyyət son dərəcə gərginləşib. Paşinyana qarşı olan qüvvələr xeyli fəallaşıblar. Koçaryanın baş nazir postuna vahdi namizəd kimi irəli sürülməsi bizim üçün əhəmiyyət daşımır. Azərbaycan Prezidentinin dediyi kimi, əgər Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə və revanşistlər hakimiyyətə gələrsə, bunu fakt olaraq qəbul edəcəyik. Amma öz addımlarımızı da bundan çıxış edərək atacağıq.
Əgər Ermənistan cəmiyyəti yeni müharibəyə sürüklənməsini istəmirsə, düzgün seçimi özləri etməlidir. Mənzərə, çox güman ki, seçkilərdən sonra aydınlaşacaq. Sadəcə, Bakının tələbi odur ki, konstitusiyanın preambulası dəyişilməli, Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Bunu Paşinyanın, ya qeyrisinin edəcəyi ikinci dərəcəli məsələdir. Madam ki, Ermənistan hökuməti bu istiqamətdə işləyir, konstitusiyanın yeni redaksiyası hazırlanır, bunu təqdir etmək lazımdır. Artıq bu məsələ rəsmi İrəvanın daxili işidir.
İmran BƏDİRXANLI
XQ


