19 iyun 2025-ci il tarixində Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi bu tədbir həm siyasi, həm də mənəvi baxımdan son dərəcə önəmli bir hadisə oldu. Kahramanmaraşda salınan “Azərbaycan” məhəlləsi ortaq irsimizdə növbəti bir qardaşlıq abidəsi kimi ucaldı.
2023-cü ilin 6 fevralında Türkiyəni sarsıdan dəhşətli zəlzələnin səsi təkcə Anadolu torpağında deyil, Bakıdan Naxçıvana, Gəncədən Lənkərana qədər hər bir Azərbaycanlının evində eşidildi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan xalqı Türkiyədə baş vermiş zəlzələni öz faciəsi kimi qəbul etdi.
Fəlakətin ilk günlərindən Azərbaycan dövləti dərhal yardım üçün hərəkətə keçdi. Prezident İlham Əliyevin tapşırığı ilə qardaş ölkəyə yardım məqsədilə bütün mövcud imkanlar səfərbər edildi.
Yəni, bu hisslər təkcə sözlə deyil, Azərbaycan dövləti tərəfindən əməllə sübuta yetirildi və yetirilir.
Düşünürəm ki, Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşası, Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərinin geosiyasi çərçivələrdən kənara çıxaraq, mənəvi həmrəylik və qarşılıqlı etimad üzərində qurulduğunun simvolik təzahürüdür.
“Azərbaycan” məhəlləsi təkcə evlərdən ibarət deyil. Burada yaşayış və əmək fəaliyyəti üçün tam infrastrukturlu bir məkan yaradılıb və inşa prosesi davam etdirilir.
Artıq 1000-dən çox ailə yeni həyata başlayacaq. Ümumilli Lider Heydər Əliyevin adını daşıyan təhsil ocağı Ulu Öndərin unudulmaz ‘Bir millət, iki dövlət’ fəlsəfəsinin yeni nəslin şüuruna kök salmasına töhfə verəcək. Orada fəaliyyət göstərən Mədəniyyət mərkəzi bizim ortaq folklorumuzun, musiqimizin, sazımızın, sözümüzün yaşadılmasına şərait yaradacaq.
Yəni, bu, təkcə bərpa-yenidənqurma və ya sosial dəstək layihəsi deyil, həm də mədəniyyətlərin inteqrasiyası, ortaq yaddaşın yaşadılması üçün əhəmiyyətli bir addımdır.
Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşası, eyni zamanda beynəlxalq müstəvidə təşəbbüs göstərdiyi hər bir işi peşəkarlıqla, məsuliyyətlə və yüksək keyfiyyətlə həyata keçirən Azərbaycan obrazıdır və bir daha deyirəm – qardaşlıq niyyətinin məhsuludur.
Bilirsiniz, bəzən çətinliklər xalqların iradəsini sınağa çəkir, lakin qardaş xalqlar bu sınaqlardan həmrəylik və dostluq ruhunu daha da gücləndirərək çıxmağı çox yaxşı bilirlər.
Əgər biz çətinlikləri birlikdə aşırıqsa, deməli, sabahı da birlikdə qurmağa qadirik.
Günay Əfəndiyeva
Milli Məclisin deputatı