Mandat və məqsəd arasında ziddiyyət

post-img

“Aİ müşahidəçiləri”nin Azərbaycanla sərhəddə qalması müvəqqətidir

“Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası (EUMA) fəaliyyətini davam etdirəcək və missiyanın mandatında mümkün dəyişik­liklər Brüssel və İrəvan arasında müzakirə olunacaq”. Bu barədə medi­aya açıqlama verən Aİ-nin xarici siyasət üzrə rəsmi nümayəndəsi Anita Hipper hazırda missiyanın əsas vəzifəsinin Ermənistan–Azərbaycan şərti sərhədindəki vəziyyəti monitorinq edərək məlumat toplamaq olduğunu bildirib. Onun sözlərinə görə, Aİ Azərbaycan və Ermənistan arasında Vaşinqtonda sülh sazişinin paraflanmasını alqışlayıb və tərəfləri bu sazişi tezliklə imzalamağa və ratifikasiya etməyə çağırıb.

Oxuculara xatırladaq ki, bundan əvvəl Aİ müşahidə missiyasının fəaliyyətinə son verməyi qəbul etdiyi barədə məlumatlar yayılmışdı. Amma A.Hipperin fikrincə, Vaşinqton sammitindən sonra missiyanın bölgədə qalması fəaliyyətin Ermənistan–Azərbaycan münaqişəsinin həllindən daha geniş regional və geosiyasi maraq kəsb etməsindən irəli gəlir. Yəni, belə çıxır ki, hətta sülh müqaviləsinin imzalanması mü­şahidə missiyasının fəaliyyətini Ermənis­tanın digər ərazilərində davam etdirməsinə mane olmayacaq. Aİ missiyası, tərəflər arasında ümumi sərhəd boyunca üçün­cü qüvvələrin yerləşdirilməsini qadağan edən sülh sazişinin 7-ci maddəsinə uyğun olaraq, fəaliyyət sahəsini yenidən format­laşdırma imkanı əldə edir. Qeyd edək ki, “Azərbaycan və Ermənistan arasında sül­hün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında” Sazişin 7-ci maddə­sinə əsasən, tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləş­dirməyəcəklər. Tərəflər qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunma­sı məqsədilə hərbi sahə də daxil olmaqla qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata ke­çirəcəklər. Göründüyü kimi, Sazişin 7-ci maddəsi yalnız iki ölkənin ümumi sərhədi boyunca üçüncü qüvvələrin yerləşdirilmə­sini qadağan edir. Bu isə Brüsselə İrəvanla razılaşma əsasında missiyanın fəaliyyətini yenidən formatlaşdırmaq imkanı yaradır. Deməli, Aİ missiyası Azərbaycanla sər­həddən Ermənistanın digər bölgələrinə, o cümlədən İran, Türkiyə və Gürcüstanla sərhədlərə yönəldilə və ölkənin daxilinə çəkilə bilər. Belə olan halda Aİ müşahi­də missiyasının Ermənistanda qalması ilə bağlı müxtəliv versiyalar ortaya çıxır. On­lardan 3-ü daha çox diqqəti çəkir: Ermə­nistanın qonşu ölkələri ilə bağlı məlumat toplamaq, Rusiyanın Gümrüdəki hərbi ba­zasının fəaliyyətini izləmək və gələcəkdə Qərb hərbi kontingentinin Ermənistanda yerləşdirilməsi ehtimalı. Hələlik ehtimal olsa da, bu üç versiya həm regional güc balansı, həm də beynəlxalq təhlükəsizlik baxımından narahatlıqlar yaradır. Hər 3 versiyanı nəzərdən keçirək. 

Avropa İttifaqı (Aİ) tərəfindən həyata keçirilən missiyanın əsas məqsədi Ermə­nistanın qonşu ölkələri olan Gürcüstan və İranla bağlı məlumat toplamaqdır. Bu fəa­liyyət sərhəd gərginliyindən hərbi fəaliy­yətlərə, siyasi qərarlara və sosial-iqtisadi vəziyyətə qədər geniş bir spektri əhatə edir. Məqsəd regiondakı “geosiyasi balansı daha dəqiq qiymətləndirmək və gələcək strateji qərarları” hazırlamaqdır. Lakin bu fəaliy­yət Gürcüstan və İran arasında inamsızlığa yol açaraq, hər iki ölkənin suverenliyini qorumağa çalışmasına səbəb ola bilər.

Missiyanın ikinci istiqaməti Rusiya­nın Gümrü şəhərindəki hərbi bazasını iz­ləməkdir. Moskva bu bazanı Ermənistanın suverenliyini dəstəkləmək üçün saxlamır, həm də Cənubi Qafqazda və ətraf regionda hərbi və siyasi təsirini artırmaq məqsədini güdür. Aİ bu bazanın fəaliyyətini izləmək­lə yanaşı, Rusiya ilə hərbi münasibətləri və regional güc balansını təhlil etmək niyyə­tindədir. Amma Moskva bu müşahidəni öz hərbi fəaliyyətinə müdaxilə kimi qiymət­ləndirə və buna sərt etiraz edə bilər. 

Üçüncü istiqamət Qərb hərbi kontin­gentinin Ermənistanda yerləşdirilməsinə hazırlıq prosesidir. Ekspertlər bunun si­yasi və hərbi baxımdan Qərbin regiondakı mövqeyini möhkəmləndirməyə yönəldiyi­ni qeyd edirlər. Bu fəaliyyət regional si­yasətin və hərbi hazırlığın mühüm hissəsini təşkil edəcək. Qərbin Ermənistandakı hərbi mövcudluğu Rusiyanın Cənubi Qafqazda təsirinə qarşı açıq bir təhdid olacaq. Kreml uzun müddətdir ki, Ermənistanda hərbi ba­zalarla mövcudluğunu qoruyur və bu, ona regionda nüfuz və təhlükəsizlik təminatları verir. Qərbin Ermənistanla hərbi əlaqələ­rini genişləndirməsi Rusiyanın regional təsirini zəiflədir və Kremlin maraqlarına ciddi zərbə vurur. Bu isə Rusiya ilə Qərb arasında gərginliyi artıracaq.

Ümumiyyətlə, Aİ missiyası Cənubi Qafqazda geosiyasi təsir əldə etməyi hə­dəfləyir. Lakin onun fəaliyyətinə verilən reaksiyalar həm regional, həm də qlobal güclər tərəfindən bölgənin sabitliyinə və geosiyasi dinamikanın dəyişməsinə təsir edəcək. Qərb hərbi kontingentinin Er­mənistanda yerləşdirilməsi həm də bey­nəlxalq hüququn və diplomatik normaların gərginliyə səbəb olacağı bir situasiyadır. Bölgədəki hərbi və diplomatik gərginlik­lər daha da dərinləşər və bu, uzunmüddətli təhlükəsizlik problemlərinə yol aça bilər.

***

Hər üç variant geniş məlumatların top­lanmasını tələb edir. Bu məlumatlar sərhəd boyunca baş verən hadisələrdən tutmuş hərbi fəaliyyətlərə, siyasi qərarlara və so­sial-iqtisadi vəziyyətə qədər geniş spektri əhatə edəcək. Toplanan məlumatlar yalnız sərhəddə vəziyyətin monitorinqi ilə məh­dudlaşmır, həm də regiondakı geosiyasi balansın daha dəqiq qiymətləndirilməsi və gələcək strateji qərarların hazırlanması üçün əsas mənbə kimi istifadə olunacaq. 

Beləliklə, Aİ missiyasının Ermənis­tandakı fəaliyyəti, yalnız regional təhlükə­sizliyə deyil, həm də beynəlxalq güclər arasındakı münasibətlərə və geosiyasi mü­barizəyə əhəmiyyətli dərəcədə təsir edir. Qərbin Ermənistandakı hərbi mövcudluğu Cənubi Qafqazın geopolitik mənzərəsini dəyişdirə bilər. Bu, yalnız regional oyun­çuların deyil, həm də ABŞ, Rusiya və Av­ropa İttifaqı kimi böyük güclərin strateji qərarlarını yenidən nəzərdən keçirməsinə səbəb olacaq.

İstənilən halda, missiyanın Azərbay­canla sərhəddə fəaliyyətinin bitməsinə az müddət qalır. Bununla bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib: “Azərbaycan və Ermə­nistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında” Sazişin mətninə əsasən, tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələ­rini yerləşdirməyəcəklər. Burada söhbət həm Avropa İttifaqının müşahidə missi­yasından, həm də Rusiya qüvvələrindən gedir. Ancaq bir şey nəzərə alınmalıdır ki, bunlar sazişin qüvvəyə minməsindən son­rakı müddət üçün nəzərdə tutulur. Biz isə hələ sazişi imzalamamışıq, sadəcə paraf­lamışıq. Çox güman ki, sənəd Ermənistan konstitusiyasına müvafiq dəyişikliklər et­dikdən sonra imzalanacaq”.

Mərkəz rəhbəri hesab edir ki, yaxın iki ildə Aİ-nin müşahidə missiyasının Ermə­nistan ərazisində fəaliyyətini davam etdir­mək ehtimalı var: “Lakin delimitasiya və digər müsbət faktorları nəzərə alaraq Aİ missiyası Ermənistan ərazisindən daha tez çıxa bilər. Bu, Ermənistan və Aİ arasında olan məsələdir. Ancaq sülh sazişi imzalan­dıqdan sonra bu, təkcə Ermənistan – Aİ məsələsi olmayacaq. Artıq Ermənistanın öhdəliyi olacaq ki, ərazisindən üçüncü tərəfin qüvvələrini çıxarsın”.

Pünhan ƏFƏNDİYEV
XQ

Siyasət