Prezident İlham Əliyevin ABŞ və Çinə səfəri dünyanın nüfuzlu ekspertlərinin və siyasətçilərin aktiv təhlil mövzularından birinə çevrilib. Məsələ çox geniş geosiyasi və siyasi kontekstə malikdir. Təhlillər Azərbaycan liderinin böyük uğurlara imza atdığını təsdiqləyir.
Azərbaycan və beynəlxalq münasibətlər sistemi
Müstəqil dövlətin beynəlxalq münasibətlər sistemində tutduğu yerin və oynadığı rolun onun dövlət kimi imicinin formalaşmasında çox ciddi önəm kəsb etdiyinə şübhə yoxdur. Mütəxəssislər bunun əsas olaraq iki səbəbini göstərirlər.
Birincisi, XXI əsrdə qloballaşmanın sürəti və əhatə dairəsi zəruri şəkildə istənilən müstəqil dövlətin beynəlxalq münasibətlər sistemində fəaliyyətini dünya miqyasında qiymətləndirmək ehtiyacını meydana gətirib.
İkincisi, müstəqil dövlət özünün milli maraqları naminə beynəlxalq münasibətlər sistemində daha fəal və nəticəverici fəaliyyət göstərməyə məhkumdur.
Bu iki tələbin ortaq məntiqi XXI əsrdə müstəqil dövlətin dünya siyasi, iqtisadi, geosiyasi, mədəni, hərbi və təhlükəsizlik meydanındakı mövqeyinin daha böyük əhəmiyyət daşıdığını ifadə edir. Regional miqyasda dövlətin atdığı addımların çox sürətlə qlobal miqyasa təsir etdiyini təsdiqləyən faktlar kifayət qədərdir.
Vurğuladığımız bu məqamların işığında Azərbaycanın beynəlxalq münasibətlər sistemində statusunun sürətlə dəyişdiyi qənaətinə gələ bilərik. Bu dəyişikliyi ekspertlər müsbət qiymətləndirirlər. Həmin təsbitin fonunda son iki ayda rəsmi Bakının beynəlxalq münasibətlər sistemindəki statusunun yenilənməsinin başlıca istiqamətlərinə nəzər salaq. Bunun üçün öncə, qısa da olsa, müasir beynəlxalq münasibətlər sisteminin və dünya nizamının formalaşmasının elmi qiymətləndirilməsinə diqqət yetirmək lazım gəlir. Çünki Azərbaycan bu istiqamətdə fundamental yeniliklərə apara biləcək addımlar atır ki, onların da geosiyasi-nəzəri dərki çox vacibdir.
Müasir beynəlxalq sistem
Bu, müasir geosiyasi mənzərəni müəyyən edən qarşılıqlı əlaqədə olan dövlətlər, beynəlxalq təşkilatlar və başqa aktorların kompleksidir. Burada başlıca məqam ümumi geosiyasi mənzərənin yaranması özəllikləri ilə bağlıdır. Bu mənada müasir geosiyasi mənzərə çoxqütblülük, regionlaşmanın güclənməsi, təhlükəsizlik və iqtisadi sferalarda yeni çağırışların meydana gəlməsi kimi faktorların qarşılıqlı təsirləri kontekstində qiymətləndirilir. Bu sırada dəyişən qlobal şəraitdə dövlətlərin suverenliyi məsələsi də çox aktualdır. Məqalədə Azərbaycanın müstəqil dövlət kimi fəaliyyətində məhz bu sonuncu faktor diqqət mərkəzində olacaq.
Həmin kontekstdə çoxqütblülüyün güclənməsi müstəvisində yeni risklər və çağırışları nəzərə almaqla geosiyasi aktorların rolunun artması və dövlət suverenliyinin təkamülü ön plana çıxır. Azərbaycan sözün tam mənasında müstəqil dövlət kimi dünya arenasına yeni geosiyasi aktor statusunda çıxıb. Burada güc balansının regional və qlobal miqyaslarda Azərbaycanın təsiri ilə yeniləşməsi məsələsi əhəmiyyətli faktor olaraq qiymətləndirilməlidir.
Beynəlxalq münasibətlərin müasir strukturu: ümumi təsəvvürlər
Tədqiqatçılar XXI əsrdə beynəlxalq münasibətlər sisteminə üç yanaşmanın mövcud olduğunu vurğulayırlar.
Birincisi, birqütblüyü qəbul edən yanaşmadır. Bu yanaşmada dünyada yeganə lider dövlət kimi ABŞ göstərilir.
İkinci yanaşma ikiqütblüyə əsaslanır. Hesab olunur ki, bu, daha dayanıqlı beynəlxalq münasibətlər sistemini formalaşdırır. Bu zaman dünya mədəni özəlliyinə görə iki əsas qütbə bölünür.
Üçüncü yanaşmada dünyanın çoxqütblüyü aksiom kimi qəbul edilməklə bir neçə güc mərkəzinin olduğu vurğulanır. Həmin yanaşma çərçivəsində beynəlxalq münasibətlər sisteminin məzmununda müxtəlif güc mərkəzləri arasında konkret müəyyən edilmiş kriteriyalar fonunda qüvvələr nisbətinin dəyişməsinə xüsusi diqqət yetirilir.
Bunlar onu göstərir ki, müasir mərhələdə qlobal miqyasda monoqütblü atlantizmlə çoxqütblü dünya modeli arasında gərgin mübarizə gedir. Azərbaycanın geosiyasi statusu da məhz bu mübarizənin mürəkkəb dinamikası fonunda yeniləşir. Deməli, rəsmi Bakı kifayət qədər mürəkkəb və ziddiyyətli geosiyasi dinamika çərçivəsində uğurlu addımlarını sıstemli olaraq atmaqdadır. Regional və qlobal miqyas üçün də əhəmiyyətli olanı bundan ibarətdir.
Dünyanın geosiyasi düzəni: suallar və cavablar
Mütəxəssislər müasir dünyanın geosiyasi düzəninə beynəlxalq münasibətlər sisteminin özəllikləri kontekstində baxır və bu əsasda onun inkişaf tendensiyalarını müəyyən etməyə çalışırlar. Tədqiqatçılara görə, bütövlükdə dünya nizamı polisentrik struktura malikdir.
Ancaq bu tezisi sual kimi də verənlər var. Məsələn, H.Kissincerə görə, hələlik dünyada, ümumiyyətlə, düzən formalaşmayıb və bu mövzuda olan mülahizələr, əsasən, spekulyativ xarakterlidir. Bu o deməkdir ki, bir sıra araşdırmaçıların "çoxmərkəzli dünya düzəni" adlandırdıqları nümunə hələlik mövcud deyil, lakin onun bir sıra əlamətləri artıq vardır. Bununla yanaşı, dünya düzəninin dinamikasında ciddi qüvvələr dəyişikliyindən bəhs edilir.
Belə ki, hazırda başlıca dəyişiklik ən güclü dövlətlər arasında gedən mübarizənin məntiqinə tabedir. Bəs müstəqil dövlətlərin suverenliyi? Bu sual həm də bir sıra araşdırmaçının müasir geosiyasi mənzərədə neoimperialist iddiaların artması və bunun da əlamətlərindən biri kimi başqa aktorlar üzərində qeyri-formal nəzarətin həyata keçirilməsinin artıq dayanıqlı trendə çevrildiyi haqqında fikirləri fonunda yaranır.
Bütün bunlar sürətlə dəyişən geosiyasi mənzərədə Azərbaycan kimi inkişaf edən və təsir dairəsi genişlənən müstəqil dövlətlərin qlobal geosiyasi statusunun müəyyən ediilməsini daha da aktuallaşdırır.
Strateji qərarların çevik qəbul olunması problemi
Yuxarıda vurğulanan xüsusiyyətlər istər-istəməz tədqiqatçılardan dünya miqyasında strateji qərarların zamanında qəbulu məsələsinə diqqətin yönəldilməsini tələb edir. Beynəlxalq münasibətlər sisteminin həmin kontekstdə təhlili və orada dünyanın əsas geosiyasi güclərinin mübarizəsi ilə cəmiyyətlərin dayanıqlı inkişafı prosesinin yeniləşməsi nisbətinin dəyişməsi dünyanın idarəedilməsinin zəifləməsi məsələsini ön plana çıxarır. Məhz bu kontekstdə çevik qərar qəbuletmə ilə dünyanın idarəedilməsi arasında nisbətin düzgün müəyyən edilməsi məsələsi daha da aktuallaşır. Yekunda geosiyasi kontekstdə dünyanın yenidən nüfuz dairələrinə bölünməsi kimi problemlə qarşılaşmış oluruq.
Bütün bunlar zəruri olaraq başqa məqamlarla yanaşı, beynəlxalq sülh, təhlükəsizlik və inkişafın təşviqini də aktuallaşdırır. Eyni zamanda, yeni yüksələn qüvvələrin (məsələn, Azərbaycanın) həmin prosesdə rolunun əhəmiyyətini qabardır.
Biz vurğuladığımız və qlobal geosiyasətin başlıca özəlliklərinə aid olan faktorların qarşılıqlı münasibətləri fonunda Azərbaycan Prezidentinin iki istiqamətdə – Qərb və Şərq istiqamətlərində həyata keçirdiyi siyasətin bir sıra xüsusiyyətlərini təhlil edəcəyik.
Vaşinqtonda Azərbaycan imzası
Şübhə etmirik ki, Prezident İlham Əliyevin Vaşinqton səfəri müasir geosiyasi və siyasi təlimlərin araşdırmalı olduğu aktual mövzulardan biridir. Yuxarıda müasir geosiyasətin və dünya düzəninin bir sıra prinsipial məqamlarına toxunmaqda məqsədimiz də vurğuladığımız bu tezisin əsaslı olduğunu göstərməkdir. Yəni, Azərbaycan Prezidenti "dünyanın bir nömrəli paytaxtında və bir nömrəli ofisində" elə bir razılaşmaya nail olmuşdur ki, onun bəhrələrini mütləq surətdə regional və qlobal miqyaslarda bir çox dövlətlər aydın görəcəklər. Çünki həmin nailiyyət geniş bir məkanda geosiyasi mənzərəni dəyişir. Tarixdə belə proseslər nadir hallarda olur. Cənubi Qafqaz regionu üçün həmin özəllik bu gün xüsusi anlam və əhəmiyyət kəsb edir.
Məsələ ondan ibarətdir ki, əsrlərdir kənar qüvvələrin destruktiv təsiri nəticəsində Cənubi Qafqaz regionunun ümumi geosiyasi mənzərəsi qeyri-müəyyənlik, dövlətlər və xalqlar arasında ixtilaflarla xarakterizə olunurdu. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə bu dağıdıcı və qeyri-konstruktiv gedişatı pozdu. Özü də elə dərindən və elə bir miqyasda bunu etdi ki, "çox daşları yerindən tərpətdi" (Prezident İlham Əliyev). Əvvəlcə bu reallığı qəbul etmək istəmədilər. Lakin məhz Azərbaycan Prezidentinin qətiyyətli, ədalətli və davamlı siyasəti sayəsində bütövlükdə Qərb və ilk növbədə, ABŞ onu etiraf etdi. Vaşinqton razılaşması həmin etirafın sənədləşməsidir. Azərbaycanın "nəfəsi" və "İmzası"nın qlobal proseslərdə aydın hiss olunması da bunun təsbitidir.
Burada əsas arqument Vaşinqtonda paraflanan sənədin Azərbaycanın təklif etdiyi və hazırladığı şərtlər daxilində tərtib edilməsidir. Buraya Ermənistanla bağlanacaq sülh müqaviləsinin beş baza prinsipi də daxildir.
Digər faktor Zəngəzur dəhlizi məsələsinin ön plana çıxarılmasıdır. Hər şeydən öncə, həmin yenilik Prezident İlham Əliyevin siyasi kursunu yüksək diplomatik məharətlə dünyaya sübut etməsi ilə əlaqəlidir.
Başqa bir nailiyyət uzun müddətdir ki, Azərbaycana və Türkiyəyə qarşı təzyiq üçün spekulyativ istifadə olunan erməni diasporunu İlham Əliyevin, faktiki olaraq, oyundankənar vəziyyətə salmasından ibarətdir. Hazırda Ermənistanla münasibətlərin müəyyən olunmasında erməni diasporunun zərrə qədər də təsiri hiss olunmur. Əvəzində, rəsmi İrəvanla yanaşı, rəsmi Vaşinqton da Azərbaycanın təklif etdiyi normallaşma modelini qəbul ediblər. Deməli, bu aspektdə də tarixi dönüş əldə edilib. Onun başlıca mənası artıq qarşı tərəfin təzyiq vasitəsi kimi erməni diasporu amilindən istifadənin faydasız olduğunu qəbul etməsindən ibarətdir.
Üzərində dayandığımız faktorlar Vaşinqtonda paraflanan sənədin – "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in qlobal əhəmiyyəti barədə fikir bildirməyə imkan verir.
Vaşinqton razılaşması qlobal geosiyasətin elementi kimi
Öncə, sənədlə bağlı konkret müddəaları vurğulayaq. Onlar sayca çox deyil – cəmi 17 maddədir. Ancaq həmin maddələrdə ikitərəfli münasibətlərin beynəlxalq hüquqi normalar çərçivəsində qurulmasının bütün aspektləri öz əksini tapıb.
Sənədin XII maddəsində qeyd olunur: "Tərəflər ikitərəfli münasibətlərində beynəlxalq hüququ və bu Sazişi rəhbər tutacaqlar. Tərəflərdən heç biri özünün daxili qanunvericiliyinin müddəalarına bu Sazişi icra etməməyə haqq qazandırmaq üçün istinad etməyəcəklər;
Tərəflər, Müqavilələr hüququ haqqında Vyana Konvensiyasına (1969) uyğun olaraq, bu Sazişin qüvvəyə minməsindən əvvəl onun obyekti və məqsədinə xələl gətirən fəaliyyətlərdən çəkinəcəklər".
XIII maddə isə bunun məntiqi və feili davamıdır. Orada vurğulanır: "Tərəflər bu Sazişin tam icrasına zəmanət verirlər və hazırkı Sazişin icrasına nəzarət məqsədilə ikitərəfli komisiya təsis edəcəklər. Bu Komissiya Tərəflər arasında razılaşdırılacaq modallıqlar əsasında fəaliyyət göstərəcək".
Göründüyü kimi, tərəflər münasibətlərdə beynəlxalq hüququ rəhbər tutaraq bu "hüquqi çətir" altında sazişdə yer almış maddələrə uyğun hərəkət edəcəklər. Deməli, söhbət tarixdə ilk dəfə olaraq region dövlətləri arasında münasibətlərin qurulmasında beynəlxalq hüquq normalarına istinad hər iki tərəfdən qəbul edilib. Bu mənada sözügedən saziş beynəlxalq münasibətlər sisteminin və geosiyasətin yeni elementi kimi qiymətləndirilməlidir. Sonuncu tezisdən iki nəticə hasil olur.
Birincisi, Azərbaycanla Ermənistanın münasibətləri əvvəlki mərhələlərdəki məhdud siyasi, geosiyasi və hüquqi şərtlərin sərhədini aşaraq beynəlxalq hüququn tərkib hissəsi müstəvisinə keçir. Bu isə o deməkdir ki, regionda müəyyənedici rolu hansısa böyük dövlətin ambisiyaları, tələbləri, eqoist niyyətləri deyil, beynəlxalq hüququn normaları oynayacaq.
Geosiyasi nəzəriyyələrdə bu, Azərbaycanın fəaliyyəti sayəsində Cənubi Qafqazın da "yeni region"a çevrilməsi prosesinin getdiyini göstərir.
İkincisi, Azərbaycan bu tarixi uğuru ilə, faktiki olaraq, Vaşinqtondan Çinə qədər çox geniş geosiyasi məkanda yeni inteqrasiya modelini yaratmaqdadır.
Geosiyasi-strateji aspekt: sistem təfəkkürün formalaşması zərurəti
Bir sıra ekspertlər Vaşinqton razılaşmasının "Vaşinqtondan Pekinə qədər" geosiyasi dinamikaya yeni impuls verdiyini yazırlar. Bu yanaşma düşündürücü və əsaslıdır. Çünki doğrudan da, Prezident İlham Əliyevin kreativ diplomatik fəaliyyəti sayəsində dünya miqyaslı dəyişmə proseslərinə təkan verilə, o cümlədən qarşıdurmada olan Amerika ilə Çinin geosiyasi anlaşması üçün real baza yarana bilər. Bu məsələnin nəzəri aspekti hazırda tədqiqatçıların diqqət mərkəzindədir. Bütövlükdə "geosiyasətdə və beynəlxalq münasibətlərdə sistem təfəkkürü"nün formalaşması zərurəti intensiv olaraq tədqiq edilir.
Geosiyasətdə sistem təfəkkürün zəruriliyi məsələsinin nəzəri tədqiqinin aktuallaşması təsadüfi deyil. Liderlərin praktiki fəaliyyətində bunun artıq böyük ehtiyaca çevrildiyinin fərqindədirlər. Bu baxımdan Prezident İlham Əliyevin Vaşinqton razılaşmalarına nail olması ilə yanaşı, Tiencində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci Zirvə görüşündəki çıxışı zamanı irəli sürdüyü fikirlərin məzmunu, həmçinin, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına ünvanladığı müraciət Azərbaycan liderinin yüksək geosiyasi sistem təfəkkürünə malik olduğunu göstərir.
Prezident İlham Əliyevin Tiencin tezisləri
Azərbaycan Prezidenti Çinin Tiencin şəhərində keçirilən "ŞƏT plyus" formatlı Zirvə görüşündə geniş bir coğrafiyada siyasi aktorların konfiqurasiyasına təsir edə bilən və həmin kontekstdə Vaşinqton razılaşmalarını məqsədcə tamamlayan tezislər irəli sürüb. İlham Əliyev Zirvə görüşündəki çıxışında deyib: "Son iki ildə əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Ötən il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində biz strateji tərəfdaşlıq qurduq. Bu il mənim Çinə dövlət səfərim zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalandı. Bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdı".
Bu fikirlərdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi səviyyəsinə yüksəlməsinin konseptual mənası ilə praktiki reallaşmasının nisbəti öz ifadəsini tapıb. Politoloji və geosiyasi aspektdə bu sürətli irəliləyişin mümkünlüyünün kriteriyaları böyük maraq doğurur. Məhz həmin kontekstdə Azərbaycanın Vaşinqton fəthinə aparan konseptual fəaliyyətinin başlıca məqamları daha da aktuallaşır. Bu prosesdə Azərbaycan Prezidenti dövlətin sülhsevərliyi ilə identikliyinin vəhdəti əsasında beynəlxalq hüquq normalarına tam uyğun olan konstruktiv ruhlu təşəbbüslər irəli sürüb.
Bunu, təbii ki, Pekin görürdü və indi aydın olur ki, həm də yüksək qiymətləndirir. Deməli, İlham Əliyev müasir tarixi şəraitdə nadir hallarda rast gəlinən səmərəli konseptual və diplomatik addım atıb. Azərbaycan Prezidenti ciddi rəqabətdə olan iki nəhəng dövlətin maraqlarını konkret məsələlərdə uzlaşdırmağa nail olub. ABŞ və Çin hazırda Azərbaycanla enerji, nəqliyyat, logistika, informasiya təhlükəsizliyi və digər sferalarda əməkdaşlığı daha da inkişaf etdirə bilərlər. Bu, çox mühüm nailiyyətdir.
Azərbaycan liderinin aşağıdakı fikri vurğuladığımız aspektdə olduqca əhəmiyyətlidir. Prezident İlham Əliyev deyib: "Azərbaycanla Çin arasında əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir".
Deməli, rəsmi Bakı həyata keçirdiyi geniş əməkdaşlıq xəttini davam etdirmək niyyətindədir. Bu özəllik Azərbaycan liderinə olan etibarın və etimadın səviyyəsinin yüksək olduğuna dəlalət edir. Dövlət başçısı bu barədə Tiencində konkret tezis də ifadə edib. Prezident İlham Əliyev xüsusi vurğulayıb: "Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk".
Vurğulanan məqamların ümumi mənası və məzmunu İlham Əliyevin çıxışında səsləndirdiyi bir fikrində çox dəqiq ifadə edilib. Prezident İlham Əliyev Azərbaycan-Çin münasibətlərinin ümumi geosiyasi məqsədi ilə konkret məzmununa ümumi-konseptual mövqedən aşağıdakı kimi qiymət verib: "Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləmişdir. Biz, həmçinin Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq".
Buradan Vaşinqtonla Pekin arasında "Azərbaycan bağlantısı"nın ana tezisi yaranır. Vaşinqtonda paraflanmış Ermənistanla münasibətlərə dair sazişin şərtləri və ayrılıqda Azərbaycan-ABŞ əməkdaşlığının prinsiplərinə və istiqamətlərinə aid müddəaların müəyyən edilməsi ideya baxımından Tiencin tezisləri ilə uyğunluq təşkil edir. Hər iki istiqaməti beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi birləşdirir.
AQEM-ə müraciət
Bu tezis Prezident İlham Əliyevin "İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə" adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına ünvanladığı müraciətdə daha da inkişaf etdirilib. Müraciətdə deyilir: "Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda təşviq etdiyimiz sülh gündəliyi xarici siyasətimiz üçün yeni üfüqlər açır və onun daha qlobal xarakter daşıması baxımından mühüm amil rolunu oynayır. Keçən ay Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması həm bölgə, həm də daha geniş coğrafiya üçün əlverişli imkanlar yaradır".
Azərbaycan Prezidentinin tezisindəki dəqiqliyə, dərinliyə, ədalətliyə, sühlsevərliyə və geosiyasi perspektvliyə diqqət edək: "...regionda təşviq etdiyimiz sülh gündəliyi xarici siyasətimiz üçün yeni üfüqlər açır və onun daha qlobal xarakter daşıması baxımından mühüm amil rolunu oynayır". Bu tezisi Azərbaycan Prezidentinin Çinlə bağlı irəli sürdüyü qiymətləndirmə ilə müqayisə edək. Bir daha xatırlatmaq istərdik ki, Prezident İlham Əliyevin Tiencindəki çıxışında səsləndirdiyi ilk tezisində cəmi iki il müddətində Azərbaycanla Çinin strateji tərəfdaşlığı qurmaqdan onu hərtərəfli genişləndirmək mərhələsinə keçid edə bildikləri əks olunmuşdu.
Burada Azərbaycanın dövlət başçısı nəzəri-konseptual paralellər aparır: regional sülhdən qlobal sülhə keçidlə strateji tərəfdaşlığın bazasını yaratmaqdan onu hərtərəfli genişləndirmək mərhələsinə keçmək eyni siyasi məntiqə söykənir. Həmin dinamikanın ümumpolitoloji anlamının qayəsini isə aşağıdakı tezis təşkil edir: "Azərbaycanın xarici siyasət kursunda qarşılıqlı faydalı əməkdaşlıq formatları sülhsevərliklə vəhdətdə gerçəkləşdirilir". Bizcə, müasir geosiyasi təlimlər üçün də aktual və əhəmiyyətli mövqedir. Burada AQEM kontekstində bir özəlliyi də vurğulamağa ehtiyac görürük.
AQEM-in yeni məkanı: Azərbaycan!
Asiya qitəsində dövlətlərin qarşılıqlı fəaliyyəti və bir-birinə etimadı məsələsinin geosiyasi anlamı yalnız həmin qitənin sərhədləri ilə məhdudlaşmır. Beyin mərkəzləri problemə bütövlükdə Qlobal Cənub kontekstində yanaşırlar. Burada da başlıca məqsəd müasir geosiyasi proseslərdə Cənubun Şimalla eyni statusda qəbul edilməsi ilə bağlıdır. Bundan başqa, Qlobal Cənubun tarixi aspektdə də ciddi problemləri olub, ölkələr tarixən ədalətsizlik, istismar, mədəni təcridçiliklə qarşılaşıblar. Bu barədə Prezident İlham Əliyev müraciətində konkret fikir bildirib. Azərbaycanın dövlət başçısı deyib: "Qlobal Cənubun tarixən üzləşdiyi ədalətsizliklərdən biri də Asiya və Afrika xalqlarının taleyində ağrılı izlər buraxmış müstəmləkəçilik siyasəti olmuşdur. Azərbaycan müasir dövrdə müstəmləkəçiliyin utancverici mirasının aradan qaldırılması və neokolonializm təzahürlərinin ifşa olunması sahəsində yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Biz bu vacib məsələ ilə əlaqədar beynəlxalq həmrəyliyin səfərbər edilməsi yolunda səylərimizi bundan sonra da qətiyyətlə davam etdirəcəyik".
Digər problemləri də kompleks şəkildə nəzərə aldıqda, Qlobal Cənubun və onun daxilində Asiya qitəsinin dünya siyasətində iştirak statusunun transformasiyasının nə dərəcədə aktual olduğu qənaəti formalaşır. Prezident İlham Əliyev bununla bağlı müraciətində vurğulayıb: "Bu gün Asiya həm iqtisadi potensialı, həm də qlobal proseslərə təsiri baxımından dünyanın güc mərkəzlərindən birinə sürətlə çevrilməkdədir. Buna baxmayaraq, təəssüf ki, qitə ölkələrinin də daxil olduğu Qlobal Cənub əhəmiyyətli qərarların qəbulu prosesində kifayət qədər təmsil olunmur".
Deməli, AQEM-in Beyin Mərkəzləri Forumunun Bakıda keçirilən sessiyası, əslində, inkişaf və təhlükəsizliyin elə rezonansıdır ki, buradan Qlobal Cənub miqyasında təşkilatların institusional transformasiyasında regional əməkdaşlıq platformaları və idarəetmənin dərindən öyrənilməsinin aktuallığı aydın olur. Məhz bu səbəbdən Azərbaycan lideri "İlk dəfə olaraq Çindən kənarda keçirilən bu forumun məhz Azərbaycanda baş tutması məmnunluq doğurur" fikrini ifadə etməkdə tam haqlıdır.
Həm də o səbəbdəndir ki, XXI əsrdə dövlətlər və cəmiyyətlərin inkişafında (həm də birgə inkişafında) beyin mərkəzlərinin rolu əvəzedilməzdir. Situasiya o dərəcədə mürəkkəbdir ki, onu dərindən, ədalətli və obyektiv şəkildə araşdırmadan davamlı, sistemli fəaliyyət modeli işləyib hazırlamaq imkansızdır. Belə ki, beyin mərkəzlərinin "...müxtəlif sahələrdə apardığı araşdırmalar qlobal çağırışların – təhlükəsizlik, iqtisadiyyat, texnologiya və ekoloji problemlərin həlli üçün mühüm zəmin yaradır. Bununla da beyin mərkəzləri həm milli, həm də beynəlxalq səviyyədə qərarların daha səmərəli və düzgün qəbuluna öz töhfələrini verirlər".
Bütün bunlara görə, şübhəsiz ki, AQEM formatında da ölkələrin beyin mərkəzlərinin əməkdaşlığı problemin həllinə ciddi töhfə verə bilər. Hər şeydən öncə ona görə ki, Qlobal Cənub üçün vurğulanan problemlər daha aktualdır. AQEM bu kontekstdə "... ölkələr və xalqlar arasında qarşılıqlı anlayışın güclənməsi və regional inteqrasiyanın dərinləşməsi üçün əlverişli perspektivlər açır".
Beləliklə, AQEM Qlobal Cənub ölkələrinin yeni ədalətli dünya nizamının formalaşdırılmasında yaxından iştirakı üçün ciddi imkanlar yarada bilər. Bu cür əhəmiyyətli və strateji xarakterli funksiyanı yerinə yetirən bir təşkilatın Çin sərhədini aşaraq Azərbaycanda tədbir keçirməsi tarixi, siyasi və geosiyasi olaydır! Bu o deməkdir ki, Azərbaycan regional liderlikdən qlobal əhəmiyyətli məsələlərin həllində fəal iştirak edən bir dövlət səviyyəsinə yüksəlib.
Bununla belə bir yekun qənaət formalaşdıra bilərik: öncə Bakıdan Vaşinqtona, sonra da Bakıdan Tiencinə uzanan geosiyasi yollar nəhayətində Bakıda ümumi geosiyasi qiymət almış oldu. Prezident İlham Əliyev dünyanın iki ən qüdrətli dövləti ilə Azərbaycanın münasibətlərini yüksək konseptual səviyyədə olduqca səmərəli formatda qurmaqdadır. Onu yeni çoxqütblü əməkdaşlıq platforması kimi də səciyyələndirmək olar. Və bu formatın həm regional, həm də qlobal geosiyasi düzənə ciddi təsiri olacağına şübhə yoxdur.
Kamal ADIGÖZƏLOV