ATƏT sədrinin Gürcüstan müxalifətinə “reportaj” dəstəyi

post-img

Tbilisi “rəngli inqilab”dan rəng almamaqda qərarlıdır

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərdən iki həftə keçsə də, müxalif düşərgədə etirazlar səngimək bilmir. Hakimiyyət 2025-ci il oktyabrın 4-də müxalifətin növbəti “inqilab” cəhdi iflasa uğrayandan sonra mitinq və küçə yürüşlərinin keçirilməsi qaydalarını pozanlara qarşı cəzaları sərtləşdirmək qərarına gəlib.

İqtidardakı “Gürcü arzusu” partiyası qanunda kütləvi tədbirlərin keçirilməsi üçün müəyyən edilmiş qaydaların pozulmasına görə daha sərt inzibati cəzaları nəzərdə tutan dəyişikliklər paketini parlamentə təqdim edib. Yaxın vaxtlarda qəbul ediləcəyi gözlənilən qanun layihəsinə əsasən, üzüörtülü şəkildə etiraz aksiyasında iştiraka, nümayişçilərin gözyaşardıcı qaz və ya zəhərli maddələrdən və pirotexniki vasitələrdən istifadə etməsinə, habelə yolların bağlanmasına və ya müvəqqəti tikililərin quraşdırılmasına görə 15 günə qədər inzibati həbs cəzası nəzərdə tutulur.

Bu cəza təşkilatçılar üçün 20 günə qədər, etiraz aksiyası zamanı silahın, pirotexniki vasitələrin və ya “oxşar əşyaların” saxlanması və daşınmasına görə 60 sutkayadək həbsdir. Daxili İşlər Nazirliyinin mitinqə son qoyulması tələbini yerinə yetirməkdən imtina edilməsi isə 60 sutkaya qədər həbslə cəzalandırılacaq. Bu cür əməllərin təkrar törədilməsi cinayət məsuliyyəti yaradır: bir ilədək azadlıqdan məhrumetmə, residiv halında isə iki ilə qədər. Bundan başqa, Gürcüstanın Cinayət Məcəlləsinə “polis əməkdaşını təkrar və ya sistemli şəkildə təhqiretmə və ya tabeolmama” ilə bağlı yeni maddənin daxil edilməsi təklif edilir. Bir ilədək müddətə azadlıqdan məhrumetmə, təkrar cinayət törətmiş şəxslər üçün isə iki ilə qədər həbs cəzası nəzərdə tutur.

“Gürcü arzusu” parlament fraksiyasının sədri İrakli Kirtsxaliya bəyan edib ki, belə hallarda “alternativ cəzalar tətbiq edilməyəcək”. Beləliklə, Gürcüstan hakimiyyəti yeni “Maydan”ların və “rəngli inqilabların” qarşısının alınması üçün ciddi addımlar atmaq qərarına gəlib. Axı özlərini müxalifət sayan qüvvələrin arxasında duran kənar qüvvələri nəzərə almamaq mümkün deyil. 4 oktyabr 2025-ci il hadisələrini şərh edən Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə açıq şəkildə bildirib ki, “Tbilisidəki küçə müharibələrinin arxasında Brüssel dayanır. Bu xarici qüvvələr Gürcüstanı “sülh içində” tərk etməyəcəklərini və yeni “inqilab”ı dəstəkləməyə hazır olduqlarını bir daha bəyan etdilər”.

***

Oxucuların diqqətinə maraqlı bir məqamı çatdırmaq istərdik. ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen 2025-ci il oktyabrın 14-də Gürcüstan parlamenti qarşısında müxalifətin mitinqində nümayişkaranə şəkildə iştirak edib və orada videoçəkilişlər aparıb. Bunu sosial şəbəkədə paylaşan ATƏT sədri yönəldici mətn yazmağı da “unutmayıb: “Bir çox insan bura Avropa İttifaqının, NATO-nun və Finlandiyanın bayraqlarını dalğalandıraraq gəlir. Amma ən əsası Gürcüstan bayraqlarıdır. Səbəb odur ki, bu insanlar öz ölkələrinin getdiyi istiqamətdən narahatdırlar. Onların ifadə və sərbəst toplaşmaq azadlığından başlayaraq fundamental azadlıqlardan məhrum edən istiqamətdən. Aydındır ki, bu insanlar bütün bu hüquqlara layiqdirlər və biz onları dəstəkləmək üçün buradayıq”.

Videogörüntüdə maraqlı detal üzə çıxıb. ATƏT-in fəaliyyətdə olan sədrini hətta onun lentə aldığı videoda Tbilisinin Rustaveli prospektində dediyi kimi, “çox adamın” görünməməsi heç də narahat etməyib. Müxalifət hətta kiçik bir izdiham toplaya bilməyib. Görüntülərdə əllərində bayraqlar tutan yalnız səpələnmiş etirazçılar görünür.

Beləliklə, Gürcüstan müxalifətinin konstitusiyaya zidd rejim dəyişikliyinə növbəti cəhdi davam edir. Onlar açıq şəkildə Aİ ölkələri tərəfindən əlaqələndirilir və bu ölkələrin yüksək rütbəli məmurları Gürcüstanın daxili işlərinə açıq-aşkar müdaxilə edir və bunu gizlətmirlər də. Təbii ki, Gürcüstan hakimiyyəti buna reaksiya verməyə məcburdur. Təsadüfi deyil ki, Elina Valtonenin açıq demarşından sonra Gürcüstanın baş naziri İrakli Kobaxidze onunla əvvəllər planlaşdırılan görüşü ləğv edib. “Qeyri-qanuni mitinqdə iştirakı və dünən verdiyi yalan bəyanatlar səbəbindən baş nazir Finlandiyanın xarici işlər naziri ilə planlaşdırılan görüşü ləğv edib”, – hökumətin bəyanatında deyilir.

Ölkənin “Birinci Kanal”ına müsahibəsində Baş nazir İrakli Kobaxidze bildirib ki, Finlandiyanın xarici işlər nazirinə Avropa bürokratiyası Gürcüstanda əvvəldən uğursuzluğa məhkum olan “inqilabi prosesi” təşviq etmək tapşırığını verib. Bununla da, o, "məşhur feminist Baia Pataraia səviyyəsinə enib".

“Həm Bayya Pataraiaya, həm də bu qadına tapşırıqlar verilir. Onların arasında heç bir fərq yoxdur. Bu gün Avropa İttifaqında ən acınacaqlı, faciəli durum budur - Avropa bürokratiyasının Baia Pataraia səviyyəsinə düşməsi. Bu, həqiqətən də, olduqca faciəvi məsələdir. Onlara nə tapşırıblarsa, onu da yerinə yetirirlər. Yəni ATƏT sədri nəinki etirazını bildirməyib, 50 nəfərdən ibarət qeyri-qanuni etiraz aksiyasına qatılıb. Yalan danışmağa məcbur olub. Deyirlər ki, xeyli insan toplaşıb, Finlandiya bayraqları dalğalanıb. Boş-boş danışıblar. O, hətta Baia Pataraiadan bir səviyyə aşağıdır. Salome Zurabişvilidən də bir səviyyə aşağıdır. Bu, Avropa bürokratiyasının bu gün bizə göstərdiyi həqiqi simasıdır. Bunun başqa izahı yoxdur. Onlar hər şeyi mükəmməl bilirlər, lakin onlara tapşırıq verilib və onu yerinə yetirməlidirlər”, – deyə İrakli Kobaxidze vurğulayıb.

Reallıq ondan ibarətdir ki, bütün dünyada davam edən, qabaqcadan təbliğatı aparılmış və mütəşəkkil kütlələrin köməyi ilə həyata keçirilən dövlət çevrilişləri silsiləsi xarici qüvvələrin Gürcüstanda analoji “rəngli inqilab” təşkil etmək üçün yeni cəhdlərdən əl çəkəcəyini deməyə əsas vermir.

Bu yaxınlarda Fransanın keçmiş koloniyası olan Madaqaskarda da oxşar çevriliş baş verib. Qərb mətbuatının yazdığına görə, korrupsiya və məişət problemlərindən narazı olan “üsyankar gənclər” hərbçilərin dəstəyi ilə küçələrə çıxıb və prezidenti ölkədən qaçmağa məcbur ediblər. Digər ölkələrin təcrübəsi göstərir ki, bu cür “inqilabların” uğur qazanması üçün təkcə Z nəslinin iştirakı deyil, həm də etirazçılarda cəzasızlıq hissinin olması vcibdir. Məhz bu cəzasızlıqdır ki, hakim “Gürcü arzusu” partiyası qaraguruha qarşı mitinq və küçə etirazlarını tənzimləyən qanunvericiliyə düzəlişlər təklif etməklə mübarizə aparmaq qərarına gəlib.

ATƏT-in arzuladığı növbəti “inqilabın” ölkə və onun xalqı üçün yarada biləcəyi ağır nəticələri nəzərə alaraq, “Gürcü arzusu”nun qanunvericilik təşəbbüsləri vaxtında atılan addım və zəruri tədbir hesab edilməlidir.

İ.HƏSƏNQALA
XQ

Siyasət