2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi 30 illik işğala son qoyan şanlı Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
19 oktyabr
• Prezident İlham Əliyev rəsmi “Twitter” səhifəsində Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı və İsaqlı kəndlərinin işğaldan azad olunduğunu bildirib.
• Dövlətimizin başçısı rəsmi “Twitter” səhifəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutması ilə bağlı paylaşım edib.
• Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verib.
• Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
• Baş Prokurorluğun yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 61 mülki şəxs həlak olub, 282 nəfər xəsarət alıb, 1846 ev, 90 çoxmənzilli yaşayış binası və 341 mülki obyekt yararsız vəziyyətə düşüb.
20 oktyabr
• Prezident İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun 6 kəndinin, eləcə də Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndinin işğaldan azad olunduğunu bildirib.
• Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması ilə bağlı rəsmi “Instagram” səhifəsində paylaşım edib.
• Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 “Qrad” YARS qurğusu, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edilib.
• Zəngilan şəhərində Azərbaycanın dövlət bayrağı ucaldılıb.
• Gəncə istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.
• Müdafiə Nazirliyinin məlumatına əsasən, cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində itirdiyi mövqeləri bərpa etməyə cəhd edən düşmənə qarşı uğurlu əməliyyatlar aparılıb. Xeyli sayda silah-sursat, tank və artilleriya qurğuları ələ keçirilib.
21 oktyabr
• Prezident İlham Əliyev rəsmi “Twitter” səhifəsində Zəngilan rayonunun Mincivan qəsəbəsi və 13 kəndinin – Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərinin işğaldan azad edildiyini bildirib.
• Dövlətimizin başçısı rəsmi “Twitter” səhifəsində ordumuzun Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayılın Balyand, Papı, Tulus, Hacılı, Tinli yaşayış məntəqələrini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.
• Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib.
• Müdafiə Nazirliyinin məlumatına görə, düşmənin 5-ci, 6-cı, 7-ci dağatıcı alaylarının və 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri canlı qüvvə və döyüş texnikası itirərək geri çəkilməyə məcbur edilib. Bölmələrimiz çoxlu sayda silah-sursatı qənimət götürüb.
• Baş Prokurorluğun məlumatına görə, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 21-i saat 11:00-dək 63 mülki şəxs həlak olub, 292 nəfər xəsarət alıb, 1981 ev, 90 çoxmənzilli yaşayış binası və 386 mülki obyekt yararsız vəziyyətə düşüb.
Mustafa KAMAL
XQ