Yepiskop Vrtanes Abramyan niyə hədəfə alınıb?
Başlarına gələnlərə görə zaman-zaman gah Rusiyanı, gah Fransanı, gah ABŞ-ı, gah da Nikol Paşinyan iqtidarını və beynəlxalq təşkilatları, bir sözlə, özlərindən başqa hamını ittiham edən, hər kəsin onlara borclu olduğu düşüncəsi ilə yaşayan Ermənistanda məskunlaşmış Qarabağ separatçıları indi də Erməni Apostol Kilsəsinin “Artsax yeparxiyası”nın rəhbəri, yepiskop Vrtanes Abramyana qəzəbləniblər. Buna səbəb V.Abramyanın 1999-cu ildə keçirilən saxta seçkilər vasitəsilə bütün ermənilərin patriarxı titulunu əldə etmiş, subaylıq andını pozmaqla qeyri-legitimlik statusuna yiyələnmiş II Qareginə qarşı apardığı mübarizədə N.Paşinyanı dəstəkləməsidir.
Yepiskop V.Abramyan noyabrın 27-də bir qrup din xadiminin baş nazirlə görüşündə iştirak edib. Həmçinin noyabrın 29-da katolikosdan istefa verməyi və patriarx postuna seçkilər keçirilməsinə şərait yaratmağı tələb edən 10 iyerarxdan biridir. Bu məqam da separatçıların xoşuna gəlməyib. Onların düşüncəsinə görə, Abramyan Eçmiədzin ana taxtını zəbt etmiş qeyri-legitim katolikosu dəstəkləməli imiş. Separatçılar bu günlərdə “Artsax yeparxiya idarəsi”nin qarşısında toplaşaraq V.Abramyanla görüş tələb ediblər.
Qarabağdan olan vəkil Roman Yeritsyan jurnalistlərə açıqlamasında deyib: “Yəqin ki, siz hamınız Ermənistan Baş nazirinin səhifəsində yerləşdirilmiş “Artsax xalqı” (?) arasında böyük ağrı və qəzəbə səbəb olan videorolikə diqqət yetirmisiniz. “Artsax yeparxiyası”nın rəhbəri “Artsax xalqı”nın və ümumiyyətlə Ermənistan Baş nazirinin əlini sıxıb və onun hüzurunda başını əyib. Bu gün mən bir “artsaxlı” olaraq Vrtaneslə danışmaq və onun davranışının səbəbini anlamaq üçün buradayam”.
Yeritsyan iddia edib ki, Paşinyan katolikosa qarşı kampaniyanı sonuncunun İsveçrədə “artsaxlıların və hərbi əsirlərin” qaytarılması məsələsini qaldırmasından sonra başlayıb: “Artsax yeparxiyası rəhbərinin Ermənistan Baş nazirinə hörmət göstərməyi özünə necə rəva gördüyü çox maraqlıdır”.
“Artsax yeparxiya şurası” isə bəyanat yayaraq yepiskopun addımları barədə məlumatlandırılmadığını bildirib. Yayılan mətndə bildirilib ki, bu, vahid yeparxiya mövqeyindən və ya daxili müzakirələrdən qaynaqlanmayıb: “Artsax” sakinlərinin çoxu bu hərəkətlərə etiraz, qəzəb və inamsızlıqla reaksiya verib. Şura üzvləri Abramyanla görüş zamanı onu dinləyib və onun baxışlarını bölüşmədiklərini bildiriblər. Biz “xalqın” maraqlarını qorumağa və kilsə qaydalarına riayət etməyə sadiq qalırıq. Gələcək addımların və qərarların qarşılıqlı hörmət, razılaşma və icmadaxili birlik əsasında atılmasının vacib olduğuna inanırıq”.
“Hraparak” qəzetinin yaydığı məlumatda isə bildirilib ki, Lernik Ovannisyan və keçmiş qondarma separatçı rejimin “xarici işlər naziri” Karen Mirzoyanın rəhbərlik etdiyi “Artsax yeparxiyası”nın yeparxiya şurası yepiskop Vrtanesin mənəvi rəhbərliyini rədd etmək və onunla bağlı tədbir görməsini tələb etmək üçün II Qareginə müraciət edəcək.
Keçmiş qondarma separatçı rejimin sonuncu “qlavarı” Samvel Şahramanyan isə yepiskop Vrtanes haqqında tələsik nəticə çıxarmaq və ya müxtəlif şərhlər vermək istəmir. “Biz hamımız mövcud hökumətlə kilsə arasında qarşıdurmanın şahidi oluruq. Məncə, bu, ictimai müzakirə mövzusu olmamalı idi. Bütün məsələlər geniş ictimaiyyət nümayəndələrinin iştirakı olmadan bağlı qapılar arxasında həll edilməli idi”, – deyə o, jurnalistlərlə söhbətində bildirib.
Şahramanyan qeyd edib ki, hadisələrin gələcək inkişafını gözləyəcək və onlardan asılı olaraq öz mövqeyini bildirəcək. O, yepiskop Vrtaneslə görüşdüyünü də bildirib: “Mən onun səbəblərini dinlədim. Məni əsasən bir sual maraqlandırırdı: bu görüş katolikosla razılaşdırılıbmı? Mənfi cavab aldım və buna əsasən nəticə çıxardım”.
Yepiskop Vrtanes isə yaydığı açıqlamada noyabrın 27-də Paşinyanla görüşdə Eçmiədzin yepiskoplar komitəsinin üzvü kimi iştirak etdiyini və “Artsax məsələsi” ilə əlaqəli olmadığını aydınlaşdırıb.
Bu arada Erməni Apostol Kilsəsinin rəhbərinin İsveçrə və Fransaya səfər etdiyi məlum olub. Eçmiədzin ana taxtının mətbuat xidməti katolikos II Qareginin İsveçrəyə səfərinin 1 gün davam edəcəyini bildirib. Daha sonra katolikos Marselə 2 günlük səfər edəcək. II Qaregini səfərdə Eçmiədzini təmsil edən 4 din xadimi müşayiət edir.
***
Beləliklə, kilsə ilə Paşinyan hökuməti arasındakı gərginliyə Qarabağdan getmiş separatçıların da qoşulması Ermənistan daxilindəki ziddiyyətlərin çoxqatlı xarakterini bir daha üzə çıxarır. Separatçıların yepiskop Vrtanesə yönələn qəzəbinin arxasında illərlə “Artsax” adı altında özlərinə paralel siyasi-dini model quran separatçı quruluşun dağılmasının yaratdığı psixoloji böhran dayanır.
Qarabağdan olan vəkil Roman Yeritsyanın emosional açıqlaması bunun bariz nümunəsidir. Vəkil deyir ki, “Artsax xalqı”nın başına gələnlərdən sonra onların din xadiminin Paşinyanın əlini sıxması “ağrı və qəzəb yaradır”. Bu cümlənin özündə belə separatçı təbəqənin hələ də əvvəlki düşüncə tərzindən qopmadığı aydın görünür. Yeritsyan həmçinin iddia edir ki, Paşinyanın katolikosu hədəfə alması guya, İsveçrədə “artsaxlıların və hərbi əsirlərin taleyi” məsələsinin qaldırılmasına cavabdır. Əslində, bu arqument daha çox öz auditoriyasına ünvanlanmış daxili təbliğat tezislərindən uzağa getmir.
“Artsax yeparxiya şurası”nın yayımladığı bəyanat isə separatçıların kilsə üzərində nəzarəti itirmək qorxusunu açıq əks etdirir. Şura Abramyanın addımlarından xəbərsiz olduqlarını desə də, bu bəyanat daha çox hadisədən özlərini kənarda göstərmək cəhdi təsiri bağışlayır. Çünki şura üzvlərinin “xalqın gözləntiləri” ifadəsi artıq mövcud olmayan separatçı qurumun, necə deyərlər, simvolik dilinin yenidən dirçəldilməsinin göstəricisidir.
Samvel Şahramanyanın ehtiyatlı açıqlaması isə daha fərqli motivləri işarə edir. O, prosesin ictimai müzakirə mövzusu olmamalı olduğunu deyərək əslində, separatçı dairələrin əvvəlki kimi “qapalı mexanizmlərlə” qərar vermək vərdişinin davam etdiyini göstərir. Şahramanyan Abramyanın katolikosla görüşü razılaşdırmadığını öyrənəndə “nəticə çıxardığını” bildirir. Bu, onun da kilsə daxilində yeni güc bölgüsünü izlədiyini göstərir.
Abramyan isə öz açıqlamasında görüşün “Artsax məsələsi” ilə bağlı olmadığını, Eçmiədzin yepiskoplar komitəsinin üzvü kimi iştirak etdiyini deyərək məsələyə nöqtə qoymağa çalışıb. Lakin görünən odur ki, Ermənistanda kilsə-hakimiyyət gərginliyi daha da genişlənir və separatçı dairələr bu gərginlikdən özləri üçün yeni təsir aləti yaratmaq istəyirlər. II Qareginin İsveçrə və Fransaya səfəri isə kilsənin Paşinyanla açıq qarşıdurma fonunda beynəlxalq dairələrlə təmaslarını artırmaq cəhdi kimi görünür. Katolikosun bu səfərləri həm daxili, həm də xarici dəstək axtarışının elementidir.
“Qafqaz tarixi” Mərkəzinin rəhbəri, siyasi şərhçi Rizvan Hüseynov XQ-yə açıqlamasında bildirdi ki, separatçı dairələrin V.Abramyana yönəlmiş qəzəbi siyasi proseslərə dini çalarlar qatılmasının yeni mərhələsidir. Onun sözlərinə görə, separatçı şəbəkə Ermənistan daxilindəki mövqelərini tam itirdiyi üçün artıq kilsə strukturlarını təsir rıçağı kimi görməyə başlayıb: “Onların kilsə daxilində II Qaregin əleyhinə mübarizəni siyasiləşdirməsi də təsadüfi deyil. Məqsəd Eçmiədzin vasitəsilə yenidən legitimlik qazanmaqdır”.
R.Hüseynov onu da bildirdi ki, hazırda Ermənistan daxilində kilsə-hakimiyyət qarşıdurması təkcə ideoloji mübahisə deyil, həm də güc mərkəzləri arasında nüfuz savaşına çevrilib: “Paşinyan kilsə üzərində nəzarəti gücləndirməyə çalışır, kilsə isə siyasi təzyiqdən sıyrılmaq üçün beynəlxalq dayaqlar axtarır. Separatçı qrupların bu prosesə qoşulması isə gərginliyi daha da dərinləşdirəcək. Mövcud situasiya göstərir ki, dini institutlar yaxın aylarda Ermənistanın daxili siyasi gündəminin əsas oyunçularından biri olacaq”.
Səxavət HƏMİD
XQ


