Acı həqiqətlərin gizlədilməsi isə hakimiyyəti möhkəmləndirməyə xidmət edib
Ermənistan hökuməti “Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesi sənədləri”ni dərc edib. Materiallar arasında 2016-cı ilin 5 avqustunda Serj Sarkisyanın Rusiya prezidenti Vladimir Putinə yazdığı məktub da yer alıb. Məktub Azərbaycan–Ermənistan liderləri arasında Vyana və Sankt-Peterburqda keçirilmiş danışıqlardan sonra yazılıb. Yada salaq ki, bu görüşlərdən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov yenilənmiş həll planını təqdim etmişdi və Sarkisyanın həmin plana reaksiyası məktubda öz əksini tapıb.
Sarkisyan məktubda Aprel döyüşlərinin bölgədəki hərbi balansa ciddi təsir göstərdiyini və Ermənistanın artıq Azərbaycanın artan hərbi üstünlüyünü kompensasiya edə bilmədiyini etiraf edir. Onun sözlərinə görə, bu balanssızlıq genişmiqyaslı hərbi əməliyyatların yenidən başlama riskini artırır və Bakı yaranmış vəziyyəti öz xeyrinə irəliləyiş üçün əlverişli şərait kimi dəyərləndirə bilər.
O, xüsusilə Prezident İlham Əliyevin Sankt-Peterburq görüşündən sonra səsləndirdiyi fikirlərin Ermənistanı narahat etdiyini vurğulayır. Həmin vaxt dövlətimizin başçısı açıq şəkildə demişdi ki, Ermənistan əvvəlcə Azərbaycanın işğal olunmuş beş rayonunu, daha sonra isə iki rayonunu azad etməlidir və yalnız bundan sonra digər məsələlər müzakirə oluna bilər. Bununla bağlı Sarksiyan məktubda yazır: “Azərbaycanın irəli sürdüyü “əvvəlcə ərazilər, sonra digər məsələlər” formulu son dərəcə təhlükəlidir. Onun tətbiqi o demək olardı ki, Azərbaycan öz öhdəliklərini yerinə yetirmədiyi halda, danışıqlar prosesindən istənilən mərhələdə çıxıb münaqişəni yenidən hərbiləşdirə bilərdi. Ermənistan və Dağlıq Qarabağ isə prosesin girovuna çevrilərdi”.
Məktubda işğal olunmuş ərazilərin təhvil verilməsinə cavab olaraq yetərli güzəşt olmadığı da vurğulanır. Həm də bu tələbin Ermənistan üçün “təhlükəsizlik zonasının” əhəmiyyətli dərəcədə daralması və təmas xəttinin uzanması anlamına gəldiyi qeyd olunur. O həmçinin bildirir ki, Vyana və Sankt-Peterburq görüşləri müəyyən sabitlik ümidləri yaratsa da, Azərbaycanın mövqeyi, beynəlxalq monitorinq mexanizminin yaradılmasına razılıq verməməsi və Qarabağın statusuna dair referendumla bağlı fikir ayrılığı güzəşt imkanlarını sual altına qoyur: “Aydındır ki, Prezident Əliyev yalnız öz məqsədlərini təmin edən, qeyri-müəyyən və təhlükəli “ara status”a əsaslanan sxemi irəli sürür. Bu isə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində artıq əvvəlcədən müəyyən olunmuş nəticələrə gətirib çıxarır. Bakı öz Konstitusiyasına istinad edərək referendum imkanlarının qarşısını tam bağlayır. Bu isə məsələnin mahiyyətcə bloklanması deməkdir”.
Bununla yanaşı, Sarksiyan “Lavrov planı”nın müzakirəsi üçün bir sıra “kritik şərtlər” də irəli sürür: Qarabağ separatçı qurumunun danışıqlarda iştirakı, yekun statusun referendumla müəyyənləşdirilməsi, bu status müəyyən olunana qədər Kəlbəcər və Laçın rayonlarının tam şəkildə Qarabağın nəzarətində saxlanılması, aralıq statusun müəyyənləşdirilməsi, azad olunacaq rayonların silahsızlaşdırılması və tərəflərdən biri atəşkəsi pozduğu halda, BMT-də sanksiyalar mexanizminin tətbiqi.
Sabiq prezident eyni zamanda, etiraf edir ki, bu şərtlər təmin edilsə belə, Ermənistan cəmiyyəti və Qarabağdakı əhali bu cür planın qəbuluna uzun müddət hazır olmayacaq: “Əks halda istənilən plan iflasa uğrayacaq və qarşılıqlı etimadsızlıq daha da dərinləşəcək”.
Sənədlər həmçinin illərdir müzakirə olunan bir suala da aydınlıq gətirilir: Niyə Paşinyan hakimiyyətə gələn kimi Sarkisyan komandası onu “torpaq təhvil verməkdə” ittiham etməyə başladı? Materiallar göstərir ki, Sarkisyan artıq 2016-cı ildən müharibənin qaçılmaz olduğunu bilir və nəticənin Ermənistan üçün ağır olacağını anlayırdı. Bu səbəbdən “torpaq verilməsi” ilə bağlı ittihamların sonradan siyasi səhnəyə qayıdış üçün qabaqcadan hazırlanmış taktika olduğu ortaya çıxır.
Beləliklə, həm məktub, həm də digər sənədlərin dərc olunması Azərbaycanın otuz il ərzində beynəlxalq müstəvidə irəli sürdüyü mövqenin tam təsdiqi kimi çıxış edir. Yeddi rayonun Azərbaycana qaytarılması, Qarabağın statusunun yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilə bilməsi, referendumun isə bütün Azərbaycan üzrə keçirilməsinin mümkünlüyü danışıqlar prosesinin heç bir mərhələsində “müstəqillik” və ya “birləşmə” variantlarının qəbul edilmədiyini bir daha sübut edir. Bu faktlar Azərbaycanın beynəlxalq hüquqa söykənən mövqeyinin nə qədər ardıcıl və haqlı olduğunu açıq şəkildə nümayiş etdirir.
Birinci Qarabağ müharibəsindən sonrakı dövrdə aparılan danışıqlar daimi olaraq bu prinsipə əsaslanıb, heç vaxt Qarabağın müstəqilliyi və ya Ermənistanla birləşdirilməsi müzakirə mövzusu olmayıb. 1996-cı il ATƏT-in Lissabon Sammiti sədrinin bəyanatı da bu həqiqəti təsdiq edirdi. Həmin sənəddə Qarabağa “öz müqəddəratını təyinetmə” əsasında, lakin Azərbaycan daxilində ən yüksək səviyyədə özünüidarəetmə verilməsi nəzərdə tutulurdu. Beynəlxalq ictimaiyyət üçün bu anlayış Qarabağın Azərbaycandan ayrılması deyil, məhz onun daxilində özünüidarəetmə demək idi və bu, Azərbaycanın mövqeyi ilə tam uzlaşırdı.
Ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsiplərinin paralel təqdim olunması Qarabağın statusunun Azərbaycan razılığı olmadan müəyyən edilə bilməyəcəyini hüquqi müstəvidə təsdiq edirdi. Bu yanaşma BMT Təhlükəsizlik Şurasının qətnamələrində də əksini tapmışdı. Ermənistanda isə “öz müqəddəratını təyinetmə” anlayışı illərlə mifləşdirilmiş, təhrif edilmiş şəkildə cəmiyyətə təqdim olunmuşdu.
Məktubda referendum məsələsinə dair irəli sürülmüş fikirlər də Azərbaycanın mövqeyinin güclü olduğunu göstərir. Çünki həmin yanaşma Azərbaycan tərəfinə referendumda yalnız vaxtilə Qarabağdan köçmüş azərbaycanlıların deyil, bütün ölkə vətəndaşlarının iştirak etməsini tələb etmək imkanı verirdi. Yəni referendum yalnız Qarabağda deyil, bütün Azərbaycanda keçirilməli idi. Ermənistanın buna razılaşmaması prosesin irəliləməsini mümkünsüz edir, eyni zamanda göstərirdi ki, statusun müəyyənləşdirilməsi yalnız Azərbaycanın razılığı daxilində gerçəkləşə bilərdi. Qarabağ de-yure Azərbaycanın tərkib hissəsi olduğuna görə əsas söz sahibi də Azərbaycan idi.
Onu da qeyd edək ki, bütün beynəlxalq sənədlər Azərbaycanın haqlı mövqeyini aydın şəkildə təsdiq edir. 1992–1993-cü illərin BMT Təhlükəsizlik Şurasının qətnamələri, 1996-cı il Lissabon Sammitində qəbul edilən prinsiplər və ATƏT mexanizmləri Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu açıq şəkildə bəyan edirdi. Ermənistanın bu sənədləri indi açıq şəkildə etiraf etmək məcburiyyətində qalması ölkəmizin diplomatik uğurunun miqyasını bir daha ortaya qoyur və uzun illər boyunca Ermənistan rəhbərliyinin yaratdığı siyasi mifləri darmadağın edir.
Sənədlər eyni zamanda Ermənistanın daxilində ciddi siyasi parçalanmanın mövcud olduğunu, danışıqlar masasında erməni tərəfinin vahid mövqeyə malik olmadığını da göstərir. Rusiyadan gözlənilən dəstəyin gerçəkləşməməsi, hərbi balansın Azərbaycanın xeyrinə dəyişməsi və xüsusilə 2016-cı ildən sonra Ermənistanın real vəziyyətlə üzləşmək məcburiyyətində qalması prosesin hara doğru getdiyini açıq şəkildə göstərirdi. Bu səbəbdən Vətən müharibəsinin nəticələri Ermənistan üçün gözlənilməz deyil, əksinə, illərlə formalaşmış reallığın məntiqi yekunu idi.
Bununla bağlı politoloq Cəsarət Hüseynzadə XQ-yə bildirdi ki, Sarkisyanın məktubda Ermənistanı, guya “konstruktiv tərəf” kimi qələmə verməsi, Azərbaycanı isə prosesi pozan ölkə kimi göstərmək cəhdi əsassız və manipulyativ yanaşmadan başqa bir şey deyil. Tarixi faktlar, beynəlxalq hüquq və o dövrün siyasi reallıqları tam əksini nümayiş etdirir. Məktubun məzmunu açıq-aydın göstərir ki, Ermənistanın əsas məqsədi status-kvonun mümkün qədər uzun müddət saxlanılması, işğalın müxtəlif terminlər arxasında legitimləşdirilməsi olub. “Təhlükəsizlik zonası”, “aralıq status”, “referendum” kimi anlayışlardan istifadə etməklə Sarkisyan administrasiyası işğalın davamını təmin etməyə, danışıqları donduraraq zaman qazanmağa çalışırdı. Bu, Ermənistan rəhbərliyinin illərdir tətbiq etdiyi eyni taktikanın növbəti təzahürüdür.
Sarkisyanın referendumla bağlı səsləndirdiyi fikirlər isə ümumiyyətlə, beynəlxalq hüquqa ziddir. Heç bir dövlət öz suveren ərazisində etnik qrup üçün ayrıca “müstəqillik referendumu” keçirmə öhdəliyi daşımır. Azərbaycanın Konstitusiyası da belə bir imkanı istisna edir.
Məktubdan açıq görünən əsas xətt budur: Ermənistan işğal olunmuş əraziləri geri qaytarmaq niyyətində deyildi, əksinə Kəlbəcər və Laçının “təhlükəsizlik” adı altında uzun müddət öz nəzarətində qalmasını tələb edirdi. Bu isə sülh prosesinin süni şəkildə uzadılması, işğalın davam etdirilməsi demək idi.
Həmin sənəd bir daha göstərir ki, Ermənistan rəhbərliyi danışıqlar prosesinə səmimi yanaşmamışdır. Onlar regionda etimad mühiti formalaşdırmaq, real kompromisə gəlmək əvəzinə, beynəlxalq ictimaiyyət qarşısında Azərbaycanı ittiham etməyə, məsuliyyətdən yayınmağa çalışmışlar. Ermənistan heç vaxt münaqişənin ədalətli, sülh yolu ilə həllinə hazır olmayıb. Münaqişənin 30 il uzanmasının başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi olub. Azərbaycan isə ərazi bütövlüyünü bərpa etməklə həm işğalın, həm də manipulyasiyaların qarşısını alıb, regionda yeni təhlükəsizlik arxitekturası yaradıb. Qarabağ məsələsi üzrə bütün danışıqlar tarixində hüquqi, siyasi və beynəlxalq legitim mövqe Azərbaycan tərəfində olub. Ermənistanın özünün yayımladığı sənədlər bunu birmənalı şəkildə təsdiqləyir. Bu isə Azərbaycanın sülh prosesində, regionun sabitliyinin təmin edilməsində və gələcək münasibətlərin qurulmasında aparıcı tərəf kimi mövqeyini daha da gücləndirir.
P.ƏFƏNDİYEV
XQ


