Güclü iradə və birlik Azərbaycanın qüdrətinin əsas sütunlarıdır

post-img

Yola saldığımız ötən il Azərbaycan üçün bütövlükdə uğurlu bir il kimi yadda qaldı. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində bu uğurların əsas istiqamətləri əksini tapdı. Ölkə başçısı müraciətində müasir dövrdə Azərbaycanın siyasi kursunu, dövlət fəlsəfəsini və milli prioritetlərini aydın şəkildə ifadə etməklə həmvətənlərinə mühüm mesajlar ünvanladı. 

Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib. O qeyd edib ki, Prezidentin müraciəti ölkənin bugünkü inkişaf yolunu və strateji baxışını dolğun şəkildə əks etdirdi. Dünyada güc balansının həlledici rol oynadığı indiki dövrdə dövlətlər üçün təhlükəsizlik və silahlı qüvvələrin inkişafı əsas strateji məsələdir.

Şübhəsiz ki, Azərbaycan müharibə tərəfdarı deyil və sülhə sədaqətini 30 illik fəaliyyəti ilə sübut edib, işğala baxmayaraq dözümlülük nümayiş etdirib. Lakin ölkəmiz hər zaman öz suverenliyini və milli maraqlarını qorumağa hazırdır. Bu yanaşma indiki mürəkkəb geosiyasi şəraitdə praqmatik dövlət siyasətimizin əsas sütunlarından biridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan hərbi qüdrəti sayəsində özünü qorumaq, təhlükəsizliyini təmin etmək və milli maraqlarını müdafiə etmək imkanına malikdir.

Bu baxımdan Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırması təbiidir. 

Bununla yanaşı Prezident İlham Əliyev diplomatik müstəvidə əldə olunmuş uğurlara da toxunaraq Qarabağ məsələsinin beynəlxalq gündəlikdən çıxmasını, sülh prosesinin ön plana çəkilməsini və ölkənin müxtəlif beynəlxalq təşkilatlarda fəal iştirakını qeyd etdi. Bu amillər Azərbaycanın bu gün regional və qlobal miqyasda söz sahibi olan dövlətə çevrildiyinin sübutudur və bu proses hazırda da davam edir və ölkəmizin xarici siyasətinin çoxşaxəli xarakterini təsdiqləyir.

Ötən il iqtisadi sahədə qeyd olunan göstəricilər də nikbinlik doğurur. Azərbaycanın maliyyə dayanıqlığının möhkəmlənməsi, valyuta ehtiyatlarının yüksək səviyyədə olması, borc yükünün aşağı qalması və investisiya mühitinə artan etimad ölkənin sosial layihələri və strateji proqramları ardıcıl şəkildə həyata keçirməsinə imkan yaradır. Bütün bunlar Azərbaycan dövlətinin özünəinamlı, güclü və məqsədyönlü siyasətinin ideoloji ifadəsidir. Dövlətimizin başçısı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə dünyada yaşayan bütün azərbaycanlılara müraciət edərək vurğuladı ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır. Prezident bəyan etdi ki, 2025-ci ildə baş verən bəzi hadisələr bir daha göstərdi ki, hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının taleyi dövlətimiz üçün qiymətlidir.

Deputat sonda qeyd edib ki, ötən il Azərbaycan üçün uğurlu il kimi yadda qaldı və ölkənin bugünkü qüdrəti xalqın həmrəyliyi sayəsində mümkün olub. Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycan heç vaxt işinə müdaxiləyə imkan verməyib və güclü siyasi iradə, hərbi və iqtisadi potensialı sayəsində suverenliyini, milli maraqlarını qoruyur.

Siyasət