“İtmiş” robot 9 ay sonra unikal məlumatlarla qayıtdı

post-img

Avstraliyanın Milli Elmi Agentliyi CSIRO Antarktidada aparılan təcrübənin gözlənilməz nəticələri barədə məlumat yayıb. Science Advances jurnalında dərc olunan araşdırmaya görə, doqquz ay ərzində buz altında itkin düşmüş avtonom okean robotu geri qayıdaraq qitənin əsas buzlaqlarından birinin təhlükəli şəkildə əridiyini göstərən unikal məlumatlar təqdim edib.

Robot-üzən aparat əvvəlcə Şərqi Antarktidanın ən böyük buzlaqlarından biri olan Totten buzlağını araşdırmaq üçün buraxılmışdı. Bu buzlağın mümkün əriməsi dünya okeanının səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldə bilər. Lakin güclü okean axınları aparatı planlaşdırılan marşrutdan kənara apararaq, əvvəllər demək olar ki, birbaşa ölçmələrin aparılmadığı Denman buzlağının altına sürükləyib.

Aparat suyun temperaturu və duzluluğunu ölçən sensorlarla təchiz olunmuşdu və hər 10 gündən bir səthə çıxaraq məlumatları peyk vasitəsilə ötürməli idi. Lakin şelf buzunun altına düşdüyündən səthə qalxa bilməyib, nəticədə alimlər onunla əlaqəni itirərək aparatı itmiş hesab ediblər. Buna baxmayaraq, robot avtonom rejimdə fəaliyyətini davam etdirib və dəniz dibindən buzlağın alt səthinə qədər ölçmələr aparıb.

Doqquz ay ərzində robot 195 tam məlumat profili toplayıb. Analizlər göstərib ki, Denman şelf buzlağının altında isti okean suları dövr edir və bu da buzlağın əriməsini sürətləndirir. Alimlərin hesablamalarına görə, bu buzlağın tam destabilizasiyası dünya okeanının səviyyəsinin təxminən 1,5 metr yüksəlməsinə səbəb ola bilər.

Eyni zamanda məlumatlar göstərir ki, qonşu Şeklton şelf buzlağı hələlik isti suların eyni təsiri altında deyil. Bu isə ən yüksək risk daşıyan zonaların dəqiq müəyyənləşdirilməsinə imkan verib.

Alimlər bildirirlər ki, bunlar Şərqi Antarktidanın şelf buzlaqlarının altında aparılan ilk fasiləsiz okeanoqrafik ölçmələrdir. Əldə olunan məlumatlar buzların ərimə sürətini və okean səviyyəsində gələcək dəyişiklikləri anlamaq baxımından kritik əhəmiyyət daşıyır.

CSIRO-da vurğulanır ki, “itmiş” robotun uğuru Antarktida tədqiqatlarına yanaşmanı dəyişir. Gələcəkdə buzun altında yerləşən, çətin keçilən ərazilərə daha çox avtonom aparatların buraxılması planlaşdırılır - hətta onların itirilməsi riski olsa belə.

Hazırladı:

S.ELAY

XQ

Maraqlı