İrəvanın “hibrid” narahatlığı

post-img

Seçkiqabağı həyəcan və qorxu əsassız deyil

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan diqqətçəkən açıqlama ilə çıxış edib. Deyib ki, qısamüddətli və uzunmüddətli perspektivdə Ermənistan üçün hərbi təhdid yoxdur, lakin hibrid təhdidlər riski bir neçə dəfə artıb. Qriqoryan bu fikri yanvarın 14-də İrəvanda Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun “Ermənistan və dünya risklərin və imkanların kəsişməsində” mövzusunda keçirdiyi təhlükəsizlik forumunda bəyan edib.

TŞ katibi Ermənistan ətrafında təhlükəsizlik sahəsində mövcud olan ümumi vəziyyətin və təhdidlərin xarakterinin dəyişdiyinin nəzərə alınmasının vacibliyini vurğulayıb: “Qısamüddətli və uzunmüddətli perspektivdə hərbi təhdidlər mövcud olmasa da, hibrid təhdidlər riski bir neçə dəfə yüksəlib. Və Ermənistanın qarşıdakı 5-6 ay ərzində daha çox hibrid təhdidlərlə üzləşəcəyi ehtimal olunur”. Onun sözlərinə görə, hökumətin Milli Təhlükəsizlik Strategiyasının dərcini təxirə salmasının səbəbi məhz budur: “Biz görürük ki, 2025-ci il avqustun 8-dən sonra təhlükəsizlik sferasında vəziyyətimiz tamamilə dəyişib. Bizim bu yeni şəraitdə yaşamaq təcrübəmiz yoxdur və təhdidlərin xarakteri də dəyişməyə başlayır. Biz müəyyən müddət ərzində təcrübə toplamalı və bu təhdidlərə necə reaksiya verəcəyimizə baxmalıyıq”.

Qeyd edək ki, Ermənistanın digər yüksək vəzifəli şəxsləri də ölkələrinin hibrid təhdidlərlə üzləşdiyini açıqlayıblar. Baş nazir Nikol Paşinyan 2025-ci il oktyabrın 30-da Paris Sülh Forumunda təhlükəsizlik mühitinin dəyişdiyini vurğulayaraq bildirmişdi ki, müasir dövrdə dövlətlər klassik müharibədən daha çox kompleks və çoxşaxəli təzyiqlərlə üzləşirlər. Onun sözlərinə görə, Ermənistan silahlı təhdidlərlə deyil, informasiya manipulyasiyaları, daxili sabitliyi sarsıtmağa yönəlmiş təsirlər və siyasi basqılarla qarşı-qarşıyadır. Paşinyan açıq şəkildə demişdi ki, təhlükəsizlik anlayışı artıq təkcə cəbhə xətti ilə məhdudlaşmır və hökumət bu reallığa uyğun siyasət qurmağa məcburdur.

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan bir müddət öncə jurnalistlərin suallarını cavablandırarkən bildirmişdi ki, ölkə təkcə hərbi və siyasi deyil, informasiya və daxili sabitliyi hədəf alan təsirlərlə üzləşir. Onun sözlərinə görə, Ermənistan cəmiyyətində süni qarşıdurma yaratmağa, dövlət institutlarına inamsızlığı artırmağa yönəlmiş proseslər müşahidə olunur.

Simonyan bu kontekstdə açıq şəkildə qeyd etmişdi ki, Ermənistana qarşı aparılan mübarizə klassik müharibə formasında deyil, hibrid xarakter daşıyır.

Oxşar mövqe ölkənin xarici işlər naziri Ararat Mirzoyan tərəfindən də səsləndirilib. O, beynəlxalq platformalarda və xarici mediaya müsahibələrində Ermənistanın regionda artan qeyri-ənənəvi risklərlə üzləşdiyini bildirib. Mirzoyanın fikrincə, hibrid təhdidlər diplomatik təzyiq, dezinformasiya kampaniyaları və iqtisadi rıçaqlar vasitəsilə dövlətlərin qərarvermə prosesinə təsir göstərmək məqsədi daşıyır. O əlavə edib ki, Ermənistan bu kontekstdə beynəlxalq tərəfdaşlarla daha sıx əməkdaşlığa ehtiyac duyur.

***

Onu da bildirək ki, hibrid mübarizə anlayışı müasir beynəlxalq münasibətlərdə klassik hərbi qarşıdurmadan kənara çıxan, lakin dövlətlərin suverenliyinə və daxili sabitliyinə real təsir göstərən fəaliyyətlər toplusunu ifadə edir. Bu mübarizə forması hərbi təzyiqi informasiya müharibəsi, dezinformasiya kampaniyaları, siyasi manipulyasiya, iqtisadi rıçaqlar, daxili ictimai rəyə təsir və dövlət institutlarını zəiflətmə cəhdləri ilə tamamlayır. Əsas məqsəd bir ölkəni birbaşa müharibəyə cəlb etmədən onu daxildən idarəolunmaz vəziyyətə salmaq, cəmiyyət daxilində parçalanmanı dərinləşdirmək və qərarvermə mexanizmlərinə təsir göstərməkdir.

Ermənistan rəsmilərinin son dövrlər hibrid təhdidlər barədə səsləndirdiyi narahatlıqlar məhz bu kontekstdə formalaşır. Rəsmi İrəvan hesab edir ki, ölkə ətrafında dəyişən regional konfiqurasiya fonunda Ermənistan artıq yalnız hərbi risklərlə deyil, daha mürəkkəb və görünməz təsir alətləri ilə üzləşir. Bu narahatlıqların arxasında duran əsas amillərdən biri isə daxili siyasi proseslərin, xüsusən də qarşıdan gələn parlament seçkilərinin həssaslığıdır. Qarşıdakı 5-6 ay ərzində Ermənistanda taleyüklü parlament seçkilərinin keçirilməsi gözlənilir və bu, hakimiyyət üçün ən zəif və riskli mərhələ hesab olunur. Seçki dövrləri istənilən ölkədə informasiya axınlarının sürətləndiyi, ictimai emosiyaların kəskinləşdiyi və xarici təsirlərə açıq olduğu zaman kəsiyidir.

İrəvanda səslənən açıqlamalardan aydın olur ki, əsas təhlükə mənbəyi kimi dolayısı ilə Rusiya nəzərdə tutulur. Ermənistan siyasi dairələrində Rusiyanın ölkə daxilində geniş informasiya və siyasi təsir imkanlarına malik olduğu, media, ekspert şəbəkələri və ictimai rəy üzərində təsir mexanizmlərinin mövcudluğu açıq şəkildə müzakirə olunur. Rusiya faktoru burada birbaşa ittihamdan daha çox potensial risk mənbəyi kimi təqdim edilir. İki ölkə arasında uzun illər formalaşmış dərin siyasi, hərbi, iqtisadi və humanitar əlaqələr Moskvanın Ermənistan cəmiyyətində ciddi təsir imkanları yaratmasına səbəb olub. Hakimiyyət isə seçki dövründə bu təsir alətlərinin aktivləşdirilə biləcəyindən, xüsusilə də antihökumət tədbirlərinin gücləndiriləcəyindən ehtiyatlanır. Bu baxımdan Rusiyanın adı rəsmi bəyanatlarda çəkilməsə də, hibrid təhdid anlayışının arxa planında məhz Rusiya faktoru dayanır.

Bununla yanaşı, Ermənistan hakimiyyəti balansı qorumağa çalışır. Rusiya hələ də Ermənistan üçün mühüm təhlükəsizlik və iqtisadi tərəfdaş olaraq qalır və açıq qarşıdurma İrəvanın maraqlarına cavab vermir. Bu səbəbdən hibrid mübarizə mövzusu daha çox ümumi təhlükəsizlik ritorikası çərçivəsində təqdim olunur, ünvan isə birbaşa göstərilmir. Lakin siyasi kontekst və zamanlama bu narahatlıqların məhz Rusiya ilə bağlı olduğunu dolayısı ilə ortaya qoyur. Nəticə etibarilə, Ermənistan rəsmilərinin hibrid mübarizə ilə bağlı narahatlıqları əsassız sayılmamalıdır. Seçki dövrünə daxil olan, daxili siyasi qütbləşməsi dərinləşən və xarici aktorlarla mürəkkəb münasibətlər yaşayan ölkə üçün bu risklər realdır. Digər tərəfdən, bu yanaşma tərzi hakimiyyət üçün həm də preventiv siyasi alət rolunu oynayır. Seçkilərin legitimliyini qorumaq, mümkün uğursuzluqları əvvəlcədən xarici müdaxilə ilə izah etmək və cəmiyyəti səfərbər etmək baxımından hibrid təhdid anlayışı İrəvan üçün əlverişli çərçivə yaradır.

Ramiyə MƏMMƏDOVA,
politoloq

Ermənistan hakimiyyəti qarşıdakı parlament seçkiləri ərəfəsində cəmiyyət daxilində artan narazılığı və siyasi parçalanmanı hibrid müdaxilə təhlükəsi kimi təqdim edir. Bu yanaşma seçki prosesində yarana biləcək problemlərin əvvəlcədən xarici təsirlərlə əlaqələndirilməsinə xidmət edir. Seçkilərə müdaxilə ehtimalı istisna edilməsə də, əsas risk mənbəyinin xaricdən deyil, Ermənistanın öz daxilindəki institusional zəifliklərdən qaynaqlandığı daha real görünür.

Rusiya bu kontekstdə dolayısı ilə əsas ünvan kimi göstərilir. Doğrudur, Rusiyanın Ermənistan cəmiyyətində informasiya və siyasi təsir imkanları mövcuddur. Lakin bu təsir alətlərinin yeni deyil, uzun illərdir formalaşmış olması diqqətdən kənarda qalır. Əgər Rusiya faktoru doğrudan da hibrid təhlükə yaradırsa, bu, bugünkü vəziyyətin deyil, illərlə qurulan asılı münasibətlərin nəticəsidir. Seçki dövründə Rusiyanın Ermənistanın daxili siyasi proseslərinə birbaşa və həlledici müdaxilə edəcəyi ehtimalı şişirdilmiş görünür. Moskva üçün əsas prioritet İrəvanda proqnozlaşdırıla bilən və nəzarətdən çıxmayan siyasi mühitin qorunmasıdır. Bu baxımdan radikal müdaxilə deyil, mövcud balansın saxlanılması daha məntiqli strategiya kimi görünür.

Səxavət HƏMİD
XQ



Siyasət