Qurum elə fəaliyyət göstərməlidir ki...
Ötən həftə dünyanın ən mühüm hadisəsi ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurasının Vaşinqtonda ilk iclası oldu. Bunu tam əminliklə söyləmək mümkündür. Məlum olduğu kimi, Azərbaycan da Şuranın təsisçi üzvlərindəndir və Prezident İlham Əliyevin qurumun ilk toplantısına qatılması da son dərəcə vacib olaydır.
Sülh Şurası Qəzza sektoru ilə bağlı yaradılmış təşkilat olsa da, istər qurumla bağlı səslənmiş ayrı-ayrı fikirlər, istərsə də D.Trampın özünün açıqlamaları onun bütövlükdə yeni dünya düzəninin çağırışlarından qaynaqlandığını söyləməyə əsas verir. Daha doğrusu, söhbət bu çağırışları gerçəkləşdirmək məramından gedir.
D.Tramp Sülh Şurası ilə dünyaya barış mesajını verir. O mesajı ki, onun ilk əməli addımı Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasıdır. O mesaj ötən il avqustun 8-də Vaşinqtonda Bakı–İrəvan sülh sazişinin paraflanması, eləcə də iki Cənubi Qafqaz ölkəsinin Trampın şahidliyi ilə Birgə Bəyannamə imzalaması ilə verildi.
Deməli, Azərbaycanla Ermənistan arasındakı normallaşma Sülh Şurasının açıqladığı prinsip baxımından real indiqatordur. Yəqin elə buna görədir ki, Tramp daha çox bu normallaşmanın üzərində dayanır. Nəzərə alaq ki, məhz Bakı–İrəvan barışı Trampın digər sülh təşəbbüslərindən daha sistematik və nəticəyönümlü təbiətə malikdir. Məsələn, Azərbaycan öz ərazisindən Ermənistan üçün daşımalara icazə verib, habelə ölkəmiz Ermənistana neft məhsullarının ixracına başlayıb. Bir neçə il əvvələdək sülhün ən nikbin tərəfdarları belə bunun proqnozunu verə bilməzdilər.
Onu da deyək ki, Sülh Şurasına skeptik yanaşanlar, qurumu Birləşmiş Ştatların klubu kontekstində qiymətləndirənlər də var. Əlbəttə, mövcud istiqamətdəki fikirlərin əsasən Rusiya mediasının və ölkənin müxtəlif düşüncə mərkəzlərinin məhsulu olduğunu vurğulamalıyıq.
Qərb, dəqiq desək, Avropa mediasına və analitik çevrələrinə gəlincə, onların yanaşmasında Sülh Şurası, müəyyən mənada, sırf Trampa bağlı, yəni gerçək əsası olmayan, real çağırışlardan qaynaqlanmayan qurumdur. Təxminən belə: Tramp yoxdursa, Sülh Şurası da yoxdur. Amma...
Əlbəttə, Sülh Şurası dünyada, belə demək mümkünsə, tam legitimlik qazanmaq üçün çox işlər görməlidir. ABŞ-ın hazırkı administrasiyasının əzmi həmin işlərin, genişmiqyaslı fəaliyyət xəttinin reallaşdırılacağından xəbər verir. Sülh Şurası elə prinsipial fəaliyyət göstərməlidir ki, təşkilat ABŞ-ın çətiri altında olan dövlətlər birliyi kontekstində qəbul edilməsin. Ən başlıcası, Şura qütbləşməni dərinləşdirməməli, ənənəvi ABŞ-Rusiya rəqabətinin növbəti təzahür meydanına çevrilməməli, adının daşıdığı mənaya uyğun davranmalıdır. Yəni sırf sülh maraqları əsas götürülməlidir. Söhbət həm də barışın humanizm və insanpərvərlik kimi bəşəri meyarlarının qlobal miqyasda daha da möhkəmləndirilməsindən gedir.
Sülh Şurası sülhü alətə çevirməməli, səmimiyyət və dürüstlük platforması kimi populyarlaşmalıdır. Qurumun legitimləşməsini yalnız bu təmin edəcək və yalnız bu amil əsas götürüləcəyi təqdirdə, təşkilatın barış naminə fəaliyyəti şübhə doğurmayacaq, birmənalı qarşılanacaq. Azərbaycan dövləti də məhz belə bir gözləntidədir. Mövcud məqam Prezident İlham Əliyevin ölkəmizin Sülh Şurasına təsisçi üzv qismində qoşulmaqla bağlı Prezident Trampın dəvətinə cavab məktubunda da əksini tapıb: “Bu dəvəti Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarının qarşılıqlı hörmətə əsaslanan faydalı tərəfdaşlığının, həmçinin Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolunun tanınmasının rəmzi olaraq qəbul edirəm. Azərbaycan Respublikası Sülh Şurasına qoşularaq, onun Qəzzadakı münaqişənin sonlandırılması və uzunmüddətli münaqişədən əziyyət çəkən bütün tərəflərə daha təhlükəsiz və rifahlı gələcək qurulması kimi nəcib missiyasını paylaşacaq. İnanıram ki, Sülh Şurası səmərəli beynəlxalq təşkilat olub, öz missiyasını uğurla yerinə yetirəcək”.
Bəli, Azərbaycan üçün başlıca amal sülhdür. Başqa cür mümkün də deyil. Çünki ölkəmiz müasir müstəqilliyi dövründə sülhün olmamasından əziyyət çəkib. Barış mühitinin olmaması Azərbaycan toplumunun nəinki müstəqillik illərində, eləcə də ondan əvvəlki ahənginə də yumşaq desək, mənfi təsirini göstərib. Nəzərə alaq ki, bu toplum indiyədək müxtəlif miqyaslı faciələr, onların gətirdiyi məhrumiyyətlər və məşəqqətlərlə üzləşib, itkilər verib. Bu mənada Prezident İlham Əliyevin 2023-cü il sentyabrın 20-da, yəni lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra xalqa müraciətindəki bu fikirlər düşündürücüdür: “Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!”.
Cənubi Qafqazda qanlı qarşıdurmalara, savaşlara yer olmamalıdır. Bölgə sülh və barış məkanına çevrilməlidir. Region sülh və barış platformasına çevrilməlidir ki, inkişaf olsun, bu coğrafiyada yaşayan insanlar dinclik və rifah tapsınlar, ömürlərini təhlükəsiz şərtlər altında, heç kəsdən və heç nədən çəkinməyərək sürsünlər. Azərbaycan məhz buna çalışır. Ölkəmizin Sülh Şurasında iştirakı həm də postmünaqişə dövründə əldə etdiyi barış və sabitlik təcrübəsini dünyaya ixrac etməkdir. Ölkəmizin təcrübəsinin qarşılıqlı faydaya əsaslandığını isə xüsusi qeyd etməliyik və ilk faydaları əvvəldə vurğuladıq.
Onu da vurğulayaq ki, Azərbaycan üçün sülh maksimum inam və etimad deməkdir. Yəni ölkəmiz barışa fundamental yanaşır. Ermənistandan da belə bir gözləntimiz var. Özü də təkcə Ermənistan dövlətindən deyil, erməni cəmiyyətindən də həmçinin. Gözləntimiz səmimiyyətdir. Elə bir səmimiyyət ki, bir əsrdən də artıq olan düşmənçilik səhifəsini tamamilə bağlasın. Ona görə Azərbaycan Prezidenti dünyanın gözü qarşısında Ermənistanın baş nazirinin əlini sıxır. Yəni Sülh Şurasındakı təmsilçilik amalımız, böyük ölçüdə, Ermənistanla barışdakı regional sabitlik gündəmini diri saxlamaq əzmimizin göstəricisidir. Beynəlxalq aləm də bunu görməlidir.
Sonda ümumiləşdirmə apararaq deyək ki, birincisi, Azərbaycan üçün dünyada sülhü hansı qüvvənin yaratmasının elə bir önəmi yoxdur. Ölkəmiz məsələyə özünün regional aktor statusu ilə yanaşır. Əgər ABŞ hazırda qlobal barış arxitekturasında yeni rol iddiasındadırsa və bu iddia ölkənin mütərəqqi beynəlxalq liderlik ampluası ilə möhkəmlənirsə, deməli, gələcəyə nikbin baxmaq olar.
İkincisi, Azərbaycan–Ermənistan münasibətləri Sülh Şurasının effektivliyinin test platforması kimi çıxır edir və ölkəmiz sülhün bir tərəfi olaraq qurumun fəaliyyət məhsuldarlığındakı indikator ölkədir.
Üçüncüsü, Sülh Şurasının legitimləşməsinin vacibliyini vurğuladıq. Onu da nəzərə alaq ki, legitimlik yalnız siyasi güclə deyil, prinsiplərə sadiqlik və qütbləşmədən uzaq durmaqla təmin edilə bilər.
Dördüncüsü, Sülh Şurasında təmsil olunan Azərbaycan barışı özünün fundamental milli marağı kimi təqdim edir. Bu təqdimatda da haqında söz açdığımız prinsiplərə sadiqlik ön plandadır. Elə bir sadiqlik ki, həm regional sabitliyi möhkəmləndirsin, həm də ölkəmizin beynəlxalq imicini gücləndirsin.
Beşincisi, ölkəmiz üçün regional barış yalnız iki dövlət arasında münasibətlər sistemi deyil, bütövlükdə Cənubi Qafqazın transformasiyası kimi təqdim edilir və Sülh Şurasından gözləntimiz də bu transformasiyaya dəstəkdir.
Ə.CAHANGİROĞLU
XQ

