Almaniyanın BMT uğursuzluğu

post-img

Bu, təsadüfdür, yoxsa ədalətsizlik?

Beynəlxalq sistem son illərdə sürətlə dəyişən güc mərkəzləri, ziddiyyətli ittifaqlar və ideoloji parçalanmalar fonunda yeni bir mərhələyə qədəm qoyub. Yəni diplomatik uğur dövlətlərin qlobal legitimlik, neytrallıq imici və müxtəlif regional bloklarla qurduğu balanslı münasibətlər də həlledici rol oynayır.

Bu baxımdan Almaniyanın BMT Baş Assambleyasında Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlük yerlərindən kənarda qalması Avropanın ən güclü dövlətlərindən birinin qlobal təsir mexanizmlərində yaşadığı struktur aşınmanın göstəricisi kimi qiymətləndirilir.

Fridrix Merts hökumətinin gözlədiyi nəticənin əksinə olaraq Portuqaliya və Avstriyanın üstünlük qazanması Avropa daxilində güc iyerarxiyasının avtomatik olaraq “böyük dövlətlər” üzərində qurulmadığını bir daha ortaya çıxardı. Bu hadisə Almaniyanın son onillikdə beynəlxalq sistemdə özünü “siyasi koordinasiya mərkəzi” kimi təqdim etmək cəhdlərinin real təsir gücü ilə üst-üstə düşmədiyini göstərən simvolik dönüş nöqtəsidir. Berlinin məğlubiyyəti ilk baxışda qeyri-adi görünə bilər, çünki Almaniya uzun illərdir BMT sistemində təsirli oyunçulardan biri kimi qəbul edilir və Qərbi Avropa kvotasında Təhlükəsizlik Şurasına mütəmadi şəkildə seçilmə ənənəsinə malikdir. Lakin bu dəfə nəticə fərqli oldu və bu fərqlilik sadəcə rəqəmsal səs bölgüsü ilə izah edilə biləcək səviyyəni aşır.

Almaniyanın xarici siyasət kursu son dövrdə bir neçə paralel xətt üzrə ciddi müzakirələr doğurur. Bir tərəfdən Berlin Ukraynaya açıq və ardıcıl dəstək verərək Avropa təhlükəsizlik arxitekturasında ön cəbhə rolunu gücləndirməyə çalışır. Digər tərəfdən isə İsrailə verilən siyasi və diplomatik dəstək bəzi regionlarda Almaniyanın mövqeyinə qarşı ehtiyatlı, hətta tənqidi yanaşmaların formalaşmasına səbəb olub. Almaniyanın xarici işlər naziri Yohann Vadefulun da etiraf etdiyi kimi, bu balanssızlıq qlobal Cənub ölkələrində və bəzi bitərəf bloklarda Berlinin qəbulunu zəiflətmiş ola bilər. Əsas məqam ondan ibarətdir ki, BMT Təhlükəsizlik Şurasına seçilmə artıq Asiya, Afrika və Latın Amerikası ölkələrinin çoxqatlı siyasi baxışları ilə müəyyən edilir. Bu ölkələr isə getdikcə daha çox bloklardan kənar diplomatiya və tarazlaşdırılmış mövqe axtarırlar.

Berlinin İsrailə verdiyi dəstək daha geniş beynəlxalq narrativlər fonunda qiymətləndirilir. Almaniyanın tarixi məsuliyyət diskursu uzun illərdir onun Yaxın Şərq siyasətinin əsas ideoloji dayaqlarından biridir. Lakin bu məsuliyyətin müasir geosiyasi qərarlarla necə uzlaşdırılması artıq daha mürəkkəb bir sualdır. Qlobal Cənub ölkələrinin bir hissəsi İsrail-Fələstin münaqişəsinə yanaşmada daha tənqidi mövqe sərgilədiyi üçün Almaniyanın açıq və dəyişməz dəstəyi bəzi diplomatik platformalarda onun mövqeyini zəiflədib. Bu isə BMT kimi çoxtərəfli institutlarda səs balansına birbaşa təsir edir. Belə olan halda, Berlinin prinsipial mövqe kimi təqdim etdiyi xətt digər regionlarda “geosiyasi tərəfkeşlik” kimi oxuna bilir və ikili interpretasiya diplomatik nəticələrdə özünü göstərir.

***

Almaniya tərəfi məğlubiyyətin səbəblərini yalnız Yaxın Şərq siyasəti ilə məhdudlaşdırmır. Son illərdə Almaniyanın xarici siyasətində insan hüquqları, gender bərabərliyi, LGBTQ hüquqları və digər sosial mövzular mühüm yer tutmağa başlayıb. Berlin bu istiqamətləri özünün beynəlxalq dəyərlər siyasətinin əsas elementlərindən biri kimi təqdim edir və müxtəlif beynəlxalq platformalarda bu məsələlərin təşviqinə xüsusi diqqət ayırır. Lakin tənqidçilər hesab edirlər ki, Almaniya qlobal ideoloji gündəmlərin irəli çəkilməsinə həddindən artıq resurs sərf etməklə iqtisadi rəqabət qabiliyyəti, sənaye potensialı və milli təhlükəsizlik kimi strateji sahələrdə üzləşdiyi problemləri arxa plana keçirir.

Paraleldə söz azadlığı sahəsində tətbiq edilən qanunvericilik və rəqəmsal platformalara nəzarət mexanizmləri də müzakirə mövzusudur. Alman hüquq-mühafizə orqanları və məhkəmələri ölkə daxilində siyasətçilərə qarşı təhqir, nifrət nitqi və böhtan xarakterli paylaşımlara qarşı sərt tədbirlər görür. Bununla yanaşı, bəzi müşahidəçilər Almaniya ərazisindən Azərbaycan dövlət rəhbərliyinə və rəsmi şəxslərinə qarşı yayılan təhqiramiz məzmunların qarşısının alınmasında eyni həssaslığın nümayiş etdirilmədiyini vurğulayırlar. Bu isə Berlinin söz azadlığı və hüquqi məsuliyyət məsələlərində vahid yanaşma tətbiq edib-etməməsi ilə bağlı suallar doğurur.

Yeri gəlmişkən, Almaniyanın siyasi sığınacaq mexanizmi çərçivəsində müxtəlif ölkələrdən olan şəxslərə, o cümlədən Azərbaycandan gedən bəzi müxalif fəallara sığınacaq verilməsi mübahisəli məsələlərdən biri olaraq qalır. Azərbaycan ictimaiyyətində və siyasi dairələrində bu şəxslərin bir hissəsinin klassik siyasi müxalifətdən daha çox radikal ritorika, təhqir və qarayaxma kampaniyaları ilə tanındığı barədə fikirlər səsləndirilir. Ona görə də Almaniyanın onları siyasi təqibə məruz qalan şəxslər kimi qəbul etməsi ikili standartların nümunəsi kimi qiymətləndirilir.

Məğlubiyyətin ən ciddi təsirlərindən biri Almaniyanın daxili siyasi mühitində özünü göstərir. Fridrix Merts hökuməti öncədən formalaşmış gözləntilərin fonunda beynəlxalq nüfuzun artırılması və Avropada liderlik iddiası ilə çıxış etmişdi. Lakin BMT səsverməsinin nəticəsi bu narrativi zəiflədir. Müxalifət, xüsusilə Almaniya üçün Alternativ Partiyası (AfD), nəticəni hökumətin xarici siyasətinin iflası kimi təqdim edir. Onların arqumentinə görə, Almaniya beynəlxalq arenada daha balanslı və milli maraqlara əsaslanan siyasət yürütmədiyi üçün dəstək itirir. Bu yanaşma siyasi diskursda ümumi ictimai debatın bir hissəsinə çevrilməkdədir. Sosial Demokrat Partiyasının bəzi nümayəndələri də nəticəni xəbərdarlıq siqnalı kimi qiymətləndirərək Almaniyanın qlobal imicində ciddi dəyişikliklər olduğunu etiraf edirlər. Bu isə göstərir ki, məsələ təkcə xarici siyasət uğursuzluğu deyil, həm də daxili siyasi legitimlik məsələsinə çevrilir.

Sonda Portuqaliya və Avstriyanın qələbəsinə də toxunmaq yerinə düşər. Bu iki ölkə qlobal arenada diplomatik çeviklik, neytrallıq və vasitəçilik funksiyası ilə fərqlənir. Portuqaliyanın xüsusilə Afrika, Asiya və Latın Amerikası ilə tarixi əlaqələrini müasir diplomatik kapitala çevirməsi onun beynəlxalq mövqeyini gücləndirib. Lissabonun keçmiş müstəmləkələri ilə qurduğu mədəni və siyasi körpülər qlobal Cənub ölkələri ilə əlaqələrdə mühüm üstünlük yaradıb.

Bundan əlavə, Portuqaliyanın yüksək səviyyəli beynəlxalq institutlarda təmsil olunması da onun diplomatik çəkisini artıran amillərdən biridir. Avstriya isə fərqli strategiya ilə diqqət çəkir. NATO üzvü olmaması və konstitusion neytrallıq siyasəti Vyanaya xüsusilə bloklara tənqidi yanaşan ölkələr arasında etimad qazandırıb.

Nəzrin ELDARQIZI
XQ

Siyasət