Yaxud Qəbələnin yetirməsi olan şuşalı
Onu oxucuya necə təqdim etməkdə çətinlik çəkirəm. Köhnə iş yoldaşlarımızdan eşitdiyim “söz adamı”, “həqiqi jurnalist”, “saflıq nümunəsi”, “xəbər janrının ustası”, “şirin hekayələr müəllifi”, “Teleşirkətdə hamının ehtiramla salam verdiyi həmkarımız”, “bizim Heydər Zeynaloğlu” ifadələrinin heç biri onun haqqında tam təsəvvür yarada bilməz. Çünki o, insanlıqda da, yaradıcılıqda da, kollektiv üzvü kimi də, redaksiya rəhbəri kimi də, həqiqətən, yeganə və orijinal nüsxə idi. Ona görə də sərlövhədə şəxsən, dəfələrlə şahidi olduğum bir keyfiyyətini qabartmağa çalışdım.
Söhbət universitet masasından ayrılandan təqaüd yaşınadək Azərbaycan Dövlət Radiosunun Xəbərlər baş redaksiyasında bir neçə vəzifədə çalışmış, nəhayət, baş redaktor olmuş Heydər Zeynaloğludan (Heydər Əliyevdən) gedir. Mən həmin redaksiyada işə düzələndə Heydər müəllim baş redaktorun müavini idi. Amma baş redaktorumuz, xəbər jurnalistikasının görkəmli simalarından olan İlyas Adıgözəllidən “Heydər, bu reportajı necə təqdim edək?”, “Heydər, efirə veriləcək xəbərlərin sıralanmasına baxdınmı?” suallarını dəfələrlə eşitmişdim. Həmin suallar onların hər ikisini kollektivin gözündə ucaldırdı.
Kollektivdəki bütün xanım əməkdaşlara “anaş” deyə müraciət edirdi. Mən orada işlədiyim altı ilə yaxın müddətdə Heydər müəllimdən Zərxanım, Reyhan, Sevinc, Maral sözlərini (şöbəmizin əməkdaşlarının adları idi) eşitmədim. Mən özüm isə ona Şəhriyarın məşhur şeirindəki kimi Heydər baba yox, sadəcə, “baba” deyirdim. Bir dəfə rəhmətlik Zəlimxan Yaqub Heydər müəllimə dedi ki, maşallah, nəvən artıq böyük oğlandır, sənin yolunu davam etdirir.
Heydər müəllimin atası şuşalı idi. Tibb İnstitutunu bitirəndə həkimə ehtiyac olduğunu nəzərə alaraq, onu Qutqaşenə (indiki Qəbələ) göndərmişdilər. Qutqaşendə doğulmuş və 13 yaşınadək orada yaşamış Heydər Zeynaloğlu bir çox söhbətlərində özünü qəbələli kimi təqdim etməkdən çəkinmirdi.
Bir dəfə – yazın ilk günləri idi – öz verilişimdə “İndi Qəbələdə məktəbə gedən uşaqları yerdə bənövşələr salamlayır, havada isə yuva qurmağa hazırlaşan qaranquşların bahar nəğməsi” ifadəsini işlətmişdim. Redaksiyamızın təqdim etdiyi bütün xəbərlərə, lent yazılarına və hazırladığımız verilişlərə diqqətlə qulaq asan Heydər müəllim mənim həmin söhbətimdən sonra nə dedi, nə danışdısa, Qəbələnin ilk baharını necə vəsf elədisə, mən verilişdə həmin məsələyə toxunduğuma görə az qala peşman oldum.
İlahi, adam təbiətin oyanmasını, ağacların, bitkilərin sevincini necə təsvir edə bilərmiş? Onun da, mənim də adını bilmədiyimiz (boy-buxundan cincilimə oxşayan) bitkinin hamıdan tez xırda göy çiçəklər açdığını, yağış və ya qar yağan kimi çiçəkləri tamamilə bükülərək görünməməsini, sonra soyuqdan qorxan bənövşələrin boynunu bükərək titrəməsini əsl şair kimi, yazıçı tərzi ilə danışdı.
Bir dəfə isə sentyabrın sonlarında onun payız söhbətlərini eşitmək üçün ortaya söz atmışdım. Danışdı ki, indi artıq Qəbələnin hər yerində zoğal meyvəsi sovulub. Yəni yetişəndən sonra ya yığıblar, ya da özü tökülüb gedib: “Ancaq meşənin sıx yerlərində, hündür ağacların kölgəsində olan zoğal ağaclarının “gizli budaqlarında” hələ də meyvə var”. Mən 23 il Qəbələdə yaşamışam. Buna baxmayaraq, cəmi 13 il orada yaşamış bir uşağın xatirəsində yaşayan həmin lövhə mənə necə tanış idi...
... Məmnunam ki, onun haqqında ikisi “Xalq qəzeti”ndə olmaqla dəfələrlə nə isə yazmışam. Qəzetimizin 5 aprel 1996-cı il tarixli nömrəsində – o zaman mən artıq bu redaksiyada çalışırdım – onun 50 illiyi münasibətilə verdiyimiz yazı radio əməkdaşları tərəfindən maraqla qarşılanmış və yaxşı qiymətləndirilmişdi. Çünki mən orada Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini, Əməkdar jurnalist Valid Sənaninin, radionun “Araz” proqramının baş direktoru, Əməkdar jurnalist İlyas Adıgözəlovun, Dövlət Teleradio Verilişləri Şirkətinin sədr müavini, yazışı Mövlud Süleymanlının, radionun Baş proqram direktoru Zöhrab Zeynallının Heydər müəllim haqqında dediklərini qələmə almışdım. Yaxşı demişdilər.
... 2001-ci ilin noyabrında metronun “Neftçilər” stansiyası yaxınlığında görüşdük. Deyəsən, elə son görüşümüz oldu. Həmin günlərdə ulu öndər Heydər Əliyev onu “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə təltif etmişdi. Onu bu münasibətlə təbrik etdim. Əlini çiynimə qoydu: – Sağ ol! Sənə də qismət olsun!
... Mənə də qismət oldu, Heydər müəllim. Allah sənə rəhmət eləsin!
İttifaq MİRZƏBƏYLİ
XQ

