Hipertoniyadan əziyyət çəkənlər təzyiqini normada saxlamaq üçün təyin olunmuş preparatları vaxtlı-vaxtında qəbul etməli, bədən çəkisini qaydasında saxlamalı, sağlam qidalanmalıdır. Hipertoniyaya nəzarət prosesində sağlam qidalanma böyük rol oynayır. Bəzi məhsullar da var ki, onların müntəzəm istehlakı təzyiqi eyni səviyyədə saxlamağa yardım edir.
Bişmiş kartof kalium və maqneziumla zəngindir. Məhz kalium və maqnezium təzyiqi normallaşdırmağa kömək edən ən yaxşı maddələr kimi tanınır.
Qatıq təzyiqi normal saxlamağa ən yaxşı köməkçidir. Mütəxəssislər hər gün 1 stəkan qatıq yeməyi tövsiyə edirlər.
Banan duzun orqanizmə olan mənfi təsirini azaldır. Duz orqanizmdə mayeni saxlayaraq təzyiqin qalxmasına səbəb olur. Həmçinin kaliumla zəngin olan banan damarların vəziyyətini yaxşılaşdırır.
Kakao flavonoidlərlə zəngin olduğundan damarların sağlamlığına müsbət təsir edir, elastikliyini qoruyur.
Lobya kalium, maqnezium və qidalı liflərlə zəngindir. Bunlar təzyiqi normal səviyyədə saxlamaq üçün çox faydalıdır.
Z.HÜSEYNLİ
XQ

