Astanada “Süni intellekt əsri: nəşriyyat, media və dizayn” adlı I Beynəlxalq Yaz Məktəbi keçirilir.
AZƏRTAC Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbir Milli Kitab Gününə təsadüf edir.
Yaz məktəbində Azərbaycan, Tacikistan, Çin, Banqladeş, Monqolustan və Rusiyadan olan media nümayəndələri, nəşriyyat sənayesi mütəxəssisləri, universitet professorları, həmçinin tələbələr, magistrantlar və doktorantlar iştirak edirlər.
Bu tədbir çərçivəsində media mətnlərinin redaktəsi texnologiyaları, media dizaynında yeniliklər, kitab sənayesində süni intellektin rolu, faktların dəqiqləşdirilməsi və informasiyaların yoxlanılması, media etikası və media savadlılığı, həmçinin rəqəmsal jurnalistika ilə bağlı aktual məsələlər müzakirə olunacaq.
Proqrama, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin, nəşriyyat və jurnalistika sahəsində tanınmış ekspertlərin ustad dərsləri daxildir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana