Xırmandalının fermer qızı

post-img

Bu zərif qadının qabarlı əlləri minlərlə insana ruzi yetirir

Masallı rayonunun Xırmandalı kənd sakini Sərimə Əhmədova uzun illərdir ki, quşçuluqla məşğul olur. Özünə məxsus pay torpağında ferma yaradaraq 3 minə yaxın toyuq-cücənin qayğısına təkbaşına qalan Sərimə xanım səhərdən axşamadək fərdi təsərrüfatında çalışır. Əvvəlcə cücələrin yemini, dərmanını verir, sonra damazlıq toyuqlara qulluq edir, yumurtaları yığır.

O, kənd təsərrüfatı ilə məktəbdə oxuduğu zamanlardan məşğul olub. Mərhum atası Qulam kişi uzun illər Xırmandalı kəndində kolxoza rəhbərlik edib. Övladlarını kiçik yaşlarından əməyə alışdıran Qulam kişi onlarda təsərrüfata, əkin-biçinə maraq oyada bilib.

Sərimə xanım o illəri belə xatırlayır: “Ailədə 9 uşaq olmuşuq. Mən sonuncu idim. Müharibə iştirakçısı, təssərrüfat rəhbəri olan atamız sözü, əməli ilə kənddə yüksək hörmət və nüfuz qazanmışdı. O həm də son dərəcə gözütox insan idi. Özü müharibə iştirakçısı olsa da, veteranlara verilən yardımlardan imtina edirdi. Deyirdi ki, cəbhədə mənimlə yanaşı döyüşən neçə-neçə igidimiz gözümün önündə həlak olub. Mən isə odun-alovun içində sağ qalmışam, hələ bir yardım da almalıyam?! Mənim payımı da müharibədə həlak olan, sağlamlığını itirən şəxslərin ailələrinə verin. Gözümü açandan atamın tələbkarlığı ilə tarlada, fermada çalışaraq halal çörək qazanmaqla böyümüşəm”.

... Xırmandalı rayonun nisbətən uzaq, çöl kəndlərindən sayılır. Yay fəsli quraq keçən kəndin payızı, qışı yağmurlu olur. Dəniz səviyyəsindən 80 metr aşağıda yerləşən kəndin torpaqları, əsasən, şorandır. Əhali heyvandarlıq, əkinçilik və bostançılıqla yanaşı, son vaxtlar tütünçülüklə də məşğul olur.

Dolanışığını alın təri, halal yolla təmin edən Sərimə xanım qazandığı bütün uğurlara təkbaşına nail olub. Deyir ki, 20 ilə yaxındır ki, bu işlə məşğuldur. Şəhərdə yaşayan qardaşları fərdi təsərrüfat yaradıb idarə etməyin çətin olacağını düşünərək onu bu işdən çəkindirməyə çalışıblar. Hətta Sərimə onu Bakıda yaşamağa dəvət edən qardaşlarının təklifini qəbul etsə də, şəxsi təsərrüfat yaratmaq istəyi, əmək sahəsində uğur qazanmaq həvəsi bu xanımı geri, kəndə qayıtmağa vadar edib. Bu inadkarlığını görən universitet müəllimi olan qardaşı oğlu Bədəl bibisinə mənəvi dəstək göstərib, onu bir qədər də həvəsləndirib.

Sərimə xanım deyir ki, pay torpağı az olduğu üçün burada buğda və digər bitkiləri əkib-becərməyi perspektivsiz hesab etdiyindən quşçuluqla məşğul olmağı qərara alıb. Bu yolda müəyyən çətinliklərlə üzləşsə də, istəyinə nail olub. Ömrünün son illərində xəstə yatan atasına qulluq etməklə yanaşı, bu işi qura bilib: “Atam razı deyildi. Deyirdi ki, bu tək adamın, özü də zənən işi deyil. O, vaxtilə təsərrüfat başçısı işlədiyindən dövlət dəstəyi və maliyyə yardımı olmadan tək adamın bu işlərdə necə çətinliklə üzləşəcəyini yaxşı bilirdi. Mənim isə istəyimdən dönməyə fikrim yox idi. Hətta bu işdə tərəddüd edən bütün yaxınlarımı da bunu bacaracağıma inandırmağa çalışırdım.

Bunu görən atam kövrələrək alnımdan öpdü. Mənə bu çətin işdə həm ata, həm də təcrübəli sahibkar kimi xeyir-duasını verdi. Ailəmizin hər bir üzvünə 22 sot pay torpağı verilmişdi. Atam da torpağını mənə bağışladı. Amma bu, quşçuluq təsərrüfatımı genişləndirmək üçün kifayət etmir. İstəyirəm ki, geniş torpağım olsun. Həmin sahəni əkib, yem tədarükü görüm. Hazırda icarədarların istifadəsində olan dövlət fonduna məxsus torpaqlar taxılçılıq üçün bir o qədər də rentabelli deyil. Həmin torpaqlar əkilsə də, yüksək məhsuldarlıq əldə etmək çətindir. Üstəlik də, hər il dövlətdən alınan vəsait boş yerə xərclənilir”.

Kənardan baxdıqda ilk baxışdan onun fermada çalışması inandığırıcı görünmür. Yalnız qabarlı əlləri bu xanımın əmək, zəhmət fədaisi olduğunu təsdiqləyir. O, avtomobili peşəkarcasına idarə edir, bütün işlərinin arxasınca özü gedir. Əllərinin qabarı ilə qürur duyduğunu söyləyən fermer xanım deyir ki, sağ olsun dövlətimizi, kəndə qaz, yol çəkib, körpü salıb. Rayon rəhbəri də subasma hallarının qarşısını almaq üçün kanallar çəkdirib. Daha kənddə yaşamağa nə var ki! Bu səbəbdən də kəndə qayıdanların sayı getdikcə artır.

Sərimə xanımda toyuq-cücə bəsləməyə uşaq yaşlarında maraq yaranıb. O, həmin illəri belə xatırlayır: “Qonşuluqda inkubator aparatı yerləşdirmişdilər. Həmin aparatdakı yumurtalardan müəyyən müddətdən sonra cücələr çıxırdı. Bir dəfə qonşunun evinin arxasındakı çökəklikdən civilti səsləri eşitdim. Maraqlandım ki, bu, nə səsdir. Dedilər, yumurtadan çıxmayan cücələrdir, gec əmələ gəlir deyə, çıxarıb ora tökürlər. Ürəyim ağrıdı. Axı onlar canlı idilər.

Dərəyə enərək 22 yumurta seçib evə gətirdim. Odun sobasının altına düzdüm. İstidən o cücələr yumurtanı deşib çıxdılar. Bəzilərinin isə zəif olduqlarından gücləri çatmadığını görüb yumurtaları özüm deşdim. Hamısını böyütdüm. İnanmazsınız, necə də gözəl idilər. Həyətdə, çöldə işləyəndə ürəyim onların yanında olardı, tez qaçardım evə. Sonradan özüm də yumurta alıb aparatda cücə çıxartdırdım. Beləcə, bu işə başladım”.

Bundan əvvəl kənddə bəziləri ona sosial müavinət almaq üçün müraciət etməyi tövsiyə etsələr də, razılaşmayıb. Deyib ki, sağlamlığı ona işləməyə imkan verdiyi halda, dövlətə niyə əlavə yük olmalıdır ki?

... Bu gün kənddə yaşayıb təsərrüfatın müxtəlif sahələrində, eləcə də aqrar sektorda uğurla fəaliyyət göstərən qadınlarımız çoxdur. Onların kənd təsərrüfatının inkişafında fəal rol oynaması sözügedən sahəyə göstərilən hərtərəfli dövlət qayğısının nəticəsidir. Aqrar sahənin çətinliklərini zərif çiyinlərində daşıyan qadınlarımız ölkədə sahibkarlığın inkişafına mühüm töhfələr verirlər. Doğma kəndində quşçuluq təsərrüfatını inkişaf etdirən Sərimə xanım da bütün çətinliklərə rəğmən, il ərzində 10 tona qədər quş əti istehsalına nail olur.

Düşünürəm ki, Kənd Təsərrüfatı Nazirliyi belə təsərrüfatları inkişaf etdirməkdə, kəndlərdə iş yerləri yaratmaqla daxili bazarda məhsul bolluğuna töhfə verməkdə Sərimə Əhmədova kimi xanım fermerlərimizə dəstəyini bir qədər də artırmalıdır.

İltifat HACIXANOĞLU



Sosial həyat