Vaxtında aparılan müayinə və müalicə sağlamlıq qalxanıdır
“Bədəndə hər hüceyrənin öz ömrü var. Bu ömür nüvələrindəki genetik materialda yazılır. Yaşlanan hüceyrənin toxumadakı işi başa çatandan sonra ölür. Bu prosesin son hissəsinə “planlı hüceyrə ölümü” deyilir. Xərçəng hüceyrələri isə fərqlidir. Onlar “planlı hüceyrə ölümü”nə tabe olmur, idarəedilməz şəkildə çoxalır. Sağlam hüceyrə neçə dəfə bölünəcəyini və nə vaxt öləcəyini bilir. Amma xərçəng hüceyrələri bu məlumatı itirir, idarə olunmayan şəkildə bölünməyə başlayır və şişlər əmələ gəlir”.
Bu fikirləri Milli Onkologiya Mərkəzinin baş həkimi, Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli XQ-yə müsahibəsində bildirdi. “Bəs bu bəla digər orqanlara necə yayılır?” – sualımıza həkim belə aydınlıq gətirdi:
– Xərçəng hüceyrələri yarandıqları şişdən qopub ayrıldıqdan sonra, qan ya da limfa dövranı vasitəsilə ilə bədənin digər bölgələrinə gedir. Həmin yerlərdə çoxsaylı şişlər əmələ gətirir və böyüməyə davam edirlər. Xərçəngin bu formada bədənin digər bölgələrinə yayılması metastaz adlanır.
Süd vəzi xərçəngi digər orqanların şişlərinə nisbətən çox yavaş inkişaf edir. Bir hüceyrənin bölünərək 1 kubsantimetrə çatmasına 7–10 il vaxt lazımdır. Əgər hər il müayinə aparılsa müalicənin də səmərəsi olar.
– Qadın həkimə nə vaxt müraciət etməlidir?
– Süd vəzi xərçənginin müalicəsində müsbət nəticə almağın və sağalmanın əsas şərti erkən diaqnozdur. Şiş bir neçə millimetr böyüklüyündə olanda mammoqrafiyada görünür. Həmin vaxt aparılan müalicənin nəticələri uğurlu olur. Buna görə də süd vəzi müayinələrinə tez-tez gələn xəstələr daha şanslı olurlar. Xərçəng simptomları ortaya çıxdığı zaman şiş ən az 1 santimetr və ya daha böyük ölçülərə çatmış olur. Buna baxmayaraq, xəstəliyin tamamən sağalma ehtimalı hələ də qalır.
Mammoqrafiya, ultrasəs və həkim müayinəsindən başqa, hər qadın öz süd vəzi haqqında məlumatlı olmalı, bəzi nüanslara diqqət etməlidir. Süd vəzi xərçəngində ən çox müşahidə edilən əlamət ələ gələn kütlədir. Bir xəstə əllə hiss edilən kütlə simptomu ilə həkimə müraciət edəndə, öncə bu kütlənin kista, yoxsa şiş olduğu öyrənilir.
– Xəstəliyin diaqnozu hansı üsullarla təyin edilir?
– Süd vəzi xərçənginin erkən diaqnostikası üçün istifadə olunan əsas üsullar ultrasəs müayinəsi və mammoqrafiyadır. Amma xərçəngin diaqnostikası üçün radioloji metodlara, biopsiyalara əlavə olaraq, özünü müayinə və periodik olaraq həkim müayinəsindən keçmək də vacibdir. Bu üsullardan yalnız biopsiya vasitəsilə dəqiq diaqnoz qoymaq olur. Digər müayinə metodları biopsiya aparılması qərarını verməyə kömək edir.
– Qadınlara erkən müalicə olunmaq üçün nə tövsiyə edirsiniz?
– Bədənlərinə qarşı həssas olmalarını tövsiyə edərdim. Qadınlarımız nə qədər özlərinə diqqət etsələr, hər hansı dəyişiklik hiss edən kimi həkimə müraciət etsələr, şübhəsiz ki, hətta xərçəng diaqnozu təsdiqlənsə belə, müalicə çox uğurla nəticələnər.
Süd vəzi üzərində uzun müddət qalan qızartı, yara, portağal qabığına bənzər bir görüntü alması, dərinin bir nöqtədə içəriyə doğru çəkilməsi həkimə müraciət etmək üçün səbəbdir. Xəstəliklə mübarizədə ideal variant simptomlar ortaya çıxmazdan əvvəl diaqnozun qoyulması və müalicənin başlanmasıdır.
Bu günlərdə Binəqədi rayonunda tibbi-sosial aksiya keçirdik. Aksiyada rayonun mənzil-kommunal istismar sahələrində çalışan 200-dən çox qadın müayinə olundu. Skrininq müayinələrin nəticələri Milli Onkologiya Mərkəzinə yönləndirildi.
Onu da deməliyəm ki, mərkəzimiz mütəmadi olaraq bölgələrdə profilaktik baxışlar həyata keçirir. Aksiya çərçivəsində işləyən qadınlar müayinə olundular. Məlumdur ki, dünyada, o cümlədən respublikamızda onkoloji xəstəliklər arasında süd vəzi xərçəngi öndədir. Məqsəd xəstəliyin vaxtında aşkarlanmasıdır. Müayinələr zamanı aşkarlana xəstəliyin gələcək müayinə və müalicəsi Milli Onkologiya Mərkəzində aparılacaq.
Erkən diaqnoz və skrininq xəstəliklərin müalicəsində mühüm rol oynayır. Aksiyada qadın sağlamlığı çərçivəsində həm ginekoloji-kliniki müayinə, süd vəzi ultrasəs müayinəsi, həm də kliniki müayinə aparıldı. Aksiyanın statistik nəticəsi mayın 25-də “Qadın Sağlamlığı Mərkəzi” İctimai Birliyinin keçirəcəyi I Ginekoloji Simpoziumda açıqlanacaq. Təşəbbüsə dəstək olan İctimai Birliyə və Bakı Patologiya Mərkəzinə təşəkkür edirik.
Qadınların bir hissəsinin tibb müəssisələrinə vaxtında müraciət edib müayinədən keçməməsi səbəbindən, sonradan aşkarlanan xəstəliklər onların həyatı və sağlamlığı üçün böyük problemlər yaradır. Bu nöqteyi-nəzərdən aksiya qadınların sağlamlığı üçün çox mühüm əhəmiyyət kəsb edir. Aksiyanın təşkili ictimaiyyət üçün də mühüm mesajdır. Vətəndaşlar, xüsusilə də qadınlar bilməlidirlər ki, öz işlərinə vaxt ayırarkən, sağlamlıqlarını da düşünməlidirlər. Ümid edirəm ki, gələcəkdə bu tədbirdən nəticə çıxaran xanımlar vaxtında tibb müəssisələrinə müraciət edəcəklər.
Zərifə BƏŞİRQIZI
XQ