Son günlərdə dünya siyasiləri və mediasının diqqəti ABŞ Prezidenti Donald Tramp və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi planlaşdırılan görüş üzərində cəmləşib. Vaşinqton, Moskva və Budapeştdən verilən məlumatlara görə, tərəflər əslində görüşə hazırlıq məsələləri ilə məşğuldurlar.
Bununla yanaşı, görüşün təxirə salına biləcəyi ilə bağlı məlumatlar da yayılmaqdadır. Bu barədə CNN telekanalı özünün sammitə hazırlıqla məşğul olan mənbələrinə istinadən məlumat yayıb. Xəbəri “Anadolu” da təsdiqləyib.
Ağ Evin sözçüsü CNN-ə bildirib ki, ABŞ dövlət katibi Marko Rubio və onun rusiyalı həmkarı Sergey Lavrov arasında gözlənilən görüş hələlik təxirə salınıb. Amma bunun səbəbləri açıqlanmayıb. Mənbə qeyd edib ki, səbəblərdən biri Rusiya-Ukrayna münaqişəsinin mümkün həlli ilə bağlı tərəflərin mövqelərinin fərqli olmasıdır.
Mənbədə verilən məlumata görə, bu fikir ayrılıqları Rubionun Tramp və Putin arasında görüşü gələn həftəyə təyin etməsini çətinləşdirir. Ona görə də iki ölkənin diplomatik rəhbərləri bu həftə yenidən telefon danışığı apara bilər.
Qeyd edək ki, oktyabrın 16-da ABŞ və Rusiya prezidentləri təxminən iki saat yarım davam edən telefon danışığı aparıblar. Əsasən Ukrayna münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olunub. Tramp iki ölkə arasında ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə “yüksək səviyyəli məsləhətçilər”in görüşünün keçiriləcəyini, daha sonra Budapeştdə Putinlə görüşəcəyini açıqlayıb. O, Putinlə görüşün “iki həftə ərzində” baş tuta biləcəyinə işarə edib.
Qarşıdakı mümkün görüşlə bağlı Rusiya tərəfinin mövqeyi də birmənalı deyil. RF XİN başçısının müavini Sergey Ryabkov deyib ki, dövlət katibi Marko Rubio ilə görüşlərin qrafiki əvvəlcədən planlaşdırılmalıdır: “İdeya olaraq, bu Lavrov və Rubio arasında görüş olacaq. Lakin qrafikdən danışmaq tezdir. Bu cür əhəmiyyət kəsb edən istənilən təmas düzgün hazırlanmalıdır. Bu, diqqətli ev tapşırığı tələb edir. Biz indi məhz bunu edirik”.
“RİA Novosti”nin məlumatına görə, Ryabkov bildirib ki, oktyabrın 20-də onların telefon danışığı zamanı görüş məsələsi qaldırılmayıb. O, həm də Rubio və Lavrov arasında “Tomaqavk” raketlərinin Ukraynaya tədarükü ilə bağlı müzakirələri şərh etməkdən imtina edib, iki ölkə arasında belə yüksək səviyyəli danışıqların “ictimaiyyət üçün açıqlanmasının uyğun olmadığını” bildirib.
Xatırladaq ki, oktyabrın 20-də Lavrov və Rubio telefon danışığı zamanı Putin və Tramp arasında əldə olunmuş anlaşmaların həyata keçirilməsi üçün konkret addımları müzakirə ediblər. Amma Rubio və Lavrovun bununla bağlı mümkün görüşü, CNN-in məlumatına görə, təxirə salınıb.
Macarıstanda isə görüşə hazırlıq görülür. Əsas Hüquqlar Mərkəzinin analitiki Zoltan Koşkoviç əmin edib ki, Macarıstanın təhlükəsizlik xidmətləri Budapeştdə keçiriləcək sammit zamanı Rusiya Prezidenti Vladimir Putin və Ağ Ev rəhbəri Donald Trampın təhlükəsizliyini təmin edəcəklər: “Macarıstan xidmətləri yaxşı hazırlaşıb. Onlara amerikalı və rusiyalı mütəxəssislər də kömək edəcəklər”.
Paşa ƏMİRCANOV
XQ