İlk qadın gəmi kapitanı ekranda

post-img

Azərbaycanın zəngin dənizçilik tarixində silinməz iz qoymuş qadınların fədakarlığı sənətdə də geniş əksini tapıb. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə Azərbaycanın ilk qadın gəmi kapitanı, İkinci Dünya müharibəsi iştirakçısı Şövkət Səlimova haqqında yeni çəkilmiş “Şövkət” bədii filmi bu silsiləyə layiqli töhfədir.

Nizami Kino Mərkəzində keçirilən təqdimat mərasimində filmin ideya müəllifi, Xəzər Dəniz Gəmiçiliyi İctimaiyyətlə əlaqələr departamentinin rəisi Mehman Mehdiyev layihənin təkcə tarixi bir şəxsiyyətin ömrünü ekrana gətirmək deyil, həm də Azərbaycan qadınının cəsarətini, lətafətini, sədaqətini və dənizçi iradəsini nümayiş etdirmək missiyası daşıdığını vurğuladı. O qeyd etdi ki, bu ilin dekabrında 105 illik yubileyi qeyd ediləcək Şövkət Səlimova İkinci Dünya müharibəsi illərində mülki gəmiləri idarə edən ilk azərbaycanlı qadın kapitan olub. Onun ömür yolu dəyanət, fədakarlıq və Vətən sevgisinin parlaq nümunəsidir.

Xəzər Dəniz Gəmiçiliyi İdarə Heyətinin sədri Rauf Vəliyev təqdimat mərasiminin qurumun 12 il əvvəl yenidən təşkili gününə təsadüf etdiyini vurğuladı. O, Azərbaycanda dənizçilik peşəsinin qədimliyindən və onun şöhrətini yaşatmaq üçün tarixi sənədləşdirmək, rəqəmsallaşdırmaq və gələcək nəslə çatdırmaq məqsədilə tədbirlər görüldüyünü qeyd etdi. Yeni çəkilmiş film də məhz bu nəcib məqsədə xidmət edir.

21 yaşlı xanımın dənizin ortasında, psixoloji gərginliyin yüksək olduğu şəraitdə gəmidə kapitanlıq etməsi və liderliyini sübuta yetirməsi filmdə əsas yer tutur. Filmin məqsədi həm də ənənəni davam etdirmək və xanımları dənizçilik peşəsinə cəlb etməkdir. Hazırda şirkətdə təxminən 594 xanım çalışır, onlardan 17-si üzən heyətdədir. Bu il 7 qız Dövlət Dəniz Akademiyasına qəbul olub.

Bildirildi ki, “Şövkət” filminin təqdimatı, Azərbaycanın dənizçilik sahəsindəki qəhrəmanlıq irsinə, İkinci Dünya müharibəsi illərindəki fədakarlıq tarixinə və qadınların liderlik potensialına verilən ən böyük qiymətdir. Bu cür sənət əsərləri tarixi yaddaşımızı gücləndirir, milli ruhumuzu yaşadır və gənc nəsil üçün dənizçi peşəsini cazibədar göstərir, Şövkət Səlimovanın timsalında dəyanətli, vətənpərvər və fədakar olmağın vacibliyini bir daha təsdiqləyir.

Filmin quruluşçu-rejissoru Asif Rüstəmov, təsvir rejissoru Rauf Qurbanəliyev, baş prodüsseri Tural İbrahimov, icraçı prodüsseri isə Səbinə Həsənovadır. Ekran işində Şövkət Səlimova obrazını gənc aktrisa Nəzrin Abdullayeva canlandırıb. Filmdə Xalq artisti Qurban İsmayılov, tanınmış aktyorlar Hikmət Rəhimov, Elsəvər Rəhimov, Nigar Mürsəlova və ümumilikdə, 70-dən çox yerli və xarici mütəxəssis iştirak edib. Çəkilişlər donanmanın gəmilərində və digər tarixi məkanlarda aparılaraq, filmə gerçək mənzərə bəxş edib.

Mərasimdə Akademiyanı bitirmiş və gəmidə matros işləyən Nuranə xanım gələcəyin Şövkət xanımı olmağa çalışdığını söylədi. Xalq artisti Flora Kərimovanın ifasında, Şərqin opera yazan ilk qadın bəstəkarı Şəfiqə Axundovanın musiqisinə bəstələnmiş “Sular qızı” romansının səsləndirilməsi mərasimə təntənə gətirdi.

Arzu ƏLİYEVA
XQ

Mədəniyyət