“Duyğuların gözü ilə”

post-img

Publisist və araşdırmaçı Fazil Rəhmanzadənin yeni işıq üzü görən “Duyğuların gözü ilə…” kitabında onun son illərdə qələmə aldığı müxtəlif janrlı əsərlər toplanıb.

Müəllif əvvəlki kitablarında olduğu kimi, yeni nəşrdə də qəhrəmanlarının daxili dünyasına, mənəvi keyfiyyətlərinə həssaslıqla diqqət yetirib. Elə buna görə də toplunu “Duyğuların gözü ilə” adlandırıb. Fazil Rəhmanzadə qeyd edir ki, Tanrı insanlara fiziki görmə qabiliyyətindən savayı, duyğuların gözləri ilə görməyi də bəxş edib. Kitabın əsas hədəfi də jurnalistin daxili görmə qabiliyyəti vasitəsilə illər boyu ətrafında cəmləşən sənət adamlarının mənəvi aləmini açıb göstərməkdir.

Bu toplu, sadəcə, görkəmli şəxslərin tərcümeyi-halları deyil, onların mənəvi-psixoloji portretləridir. Fazil Rəhmanzadənin söhbət açdığı şəxsiyyətlərin böyük əksəriyyəti həyatda olmasalar da, onların ölməz sənətləri və parlaq obrazları bu gün də yaşayır.

Kitab jurnalistin həyatının bir parçasına çevrilmiş, ləyaqətli, etibarlı, dürüst dostların ömür yolunun bədii-sənədli tarixçələridir. “Duyğuların gözü ilə...” toplusu həyatın mənasının dərinliklərinə nüfuz edərək bizə əsl dəyərləri görmək üçün qəlbimizə və duyğularımıza güvənməyin vacibliyini təlqin edir.

Arzu ƏLİYEVA
XQ

Mədəniyyət