11-14 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti İspaniya Krallığının Madrid şəhərinə səfər edb. Məqsəd “GovTech 4 Impact World Congress 2025” adlı tədbirdə iştirak olub.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən XQ-yə bildirilib ki, 700-dən çox ziyarətçinin iştirak etdiyi tədbirdə 20-dan çox sessiya təşkil edilib.
Panel tədbiri zamanı Dövlət Agentliyinin sədr müavini “ASAN xidmət” və Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə xarici dövlət və özəl qurumların nümayəndələrinə geniş məlumat verib.
Birləşmiş Ərəb Əmirliklərinin Dövlət Xidmətləri Rəhbəri Məhəmməd bin Taliyah ilə ikitərəfli görüşdə 2022-ci ilin 28 noyabr tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun icrası çərçivəsində görülmüş işlər və gələcək layihələr haqqında geniş fikir mübadiləsi aparılıb.
Madrid şəhərinin merinin müavini Inmakulada Sanz Otero ilə keçirilən görüşdə tərəflər arasında dövlət xidmətləri sahəsində potensial əməkdaşlıq imkanları müzakirə olunub. Mümkün əməkdaşlıq sahələrinin müəyyən olunması istiqamətində əlaqələrin genişləndirilməsinə dair razılıq əldə edilib. Sonda xatirə hədiyyəsi təqdim olunub.