Qubadlı igid oğlunu unutmur

post-img

Milli Qəhrəman, şəhid Kərəm Mirzəyevin xatirəsi anılıb

Adətən, belə yazılar “yaşasaydı...”, – deyə başlayır. Ancaq Vətəni qorumaq üçün sinəsini düşmən gülləsinə sipər etmiş, yağı qarşısında mərd dayanaraq canını torpaqlarımızın azadlığı uğrunda qurban vermiş şəhidlərimiz cismən yanımızda, aramızda olmasalar da, hər zaman ürəklərimizdə, qəlblərimizdə yaşayırlar.

Bugünlərdə Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Kərəm Mirzəyevin anadan olmasının 65 illiyi onun adını daşıyan Qubadlı rayon Xanlıq kənd 1 saylı orta məktəbində ehtiramla qeyd edildi.

Qəhrəmanlığı ilə ölümsüzləşmiş şəhidin ad gününə toplaşan Qubadlı Rayon İcra Hakimiyyətinin əməkdaşları, döyüş yoldaşları, ailə üzvləri, yaxınları və məktəbin kollektivi ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş vətən oğullarının əziz xatirələrini andılar, Kərəm Mirzəyev haqqında videoçarxı izlədilər.

Məktəbin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda, eyni zamanda, şəhidimizə həsr olunmuş şeirlər səsləndirildi. Qubadlı RİH-in Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sənan Həsənov çıxışında vurğuladı ki, vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələrinə, qazilərə və müharibə veteranlarına dövlət qayğısı ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir. Qubadlı rayonunda da şəhidlərimizin müqəddəs xatirələri hər zaman əziz tutulur. Belə ki, son illər rayon rəhbərliyi tərəfindən milli qəhrəmanlar Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev və digərlərinin qəbirüstü abidələri yenidən götürülüb. Yaxın gələcəkdə başqa şəhidlərimizin də qəbirüstü abidələrinin bərpası nəzərdə tutulub. Sumqayıtda və digər şəhərlərdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qubadlılılara xatirə lövhələri, baralyeflər hazırlanır.

Vurğulandı ki, rayonun igid oğulları Birinci Qarabağ müharibəsində olduğu kimi, 44 günlük Vətən müharibəsində də qəhrəmanlıq nümunələri göstəriblər, 12 şəhid və 40-dan çox qazi öz adlarını tarixə yazıblar.

Mərasimdə digər çıxış edənlər Kərəm Mirzəyevlə bağlı xatirələrini bölüşdülər, onun qəhrəmanlıqlarından bəhs etdilər. Şəhid Milli Qəhrəmanın oğlu Cahandar, qardaşları Ələddin və Akif Mirzəyevlər göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri

 

Sosial həyat