Yanğın təhlükəli çörək sexinin fəaliyyətini dayandırılıb

post-img

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən paytaxtın Xətai rayonu, Mingəçevir küçəsində yerləşən çörək sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb və mövcud avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusuna ixtisaslaşmış lisenziyalı təşkilat tərəfindən illik texniki baxış keçirilməsi barədə müvafiq sənəd təqdim edilməyib;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib, elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;

- yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;

- obyektin tavan hissələri yanar materialla üzlənib;

- insanların təxliyəsi üçün “Çıxış” sözü yazılmış işıqlı göstəricilər quraşdırılmayıb;

- obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi təqdim edilməyib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Xətai rayonu Mingəçevir küçəsi, 20/3 ünvanında yerləşən çörək sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.













Sosial həyat