İki ünvana köç, ikiqat sevinc

post-img

5 il əvvəl azadlığına qovuşmuş ərazilərdə bərpa-quruculuq işləri gündən-günə daha geniş vüsət alır.

Həyata keçirilən genişmiqyaslı layihələrin nəticəsi olaraq uzun illər Vətən həsrəti ilə yaşamış keçmiş məcburi köçkünləri daşıyan köç karvanları əzəli və əbədi torpaqlarımıza istiqamət götürür, bir vaxtlar min-bir müsibətlə ev-eşiklərindən didərgin düşmüş insanlar sevinc və qürur içində daimi yaşamaq üçün geriyə, doğma şəhər və kəndlərinə qayıdırlar. Hər yeni köç isə yenidən qurulan, gündən-günə abadlaşan, gözəlləşən Qarabağın, Şərqi Zəngəzurun dərdlərinə məlhəm olur, bu yerlər yenidən canlanır, evlər insan nəfəsi ilə hərarətlənir.

Tarixi zəfərlərimizin memarı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq sentyabrın 8-də Xocalı rayonunun Xanyurdu və Ağdərənin Vəngli kəndləri eyni vaxtda növbəti köç sevinci yaşadı. Belə ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində bu mərhələdə Xanyurdu kəndinə 46 nədərdən ibarət 15, Vəngliyə isə 29 ailə (105 nəfər) qayıtdı.

Hər iki kənddə yeni sakinlərin qarşılanması mərasimi keçirildi. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov doğma torpaqlarına qayıdan ailələrə yeni evlərinin açarlarını təqdim edərək bildirdi ki, burada sakinlərin rahat yaşayışı üçün bütün lazımi tədbirlər görülüb, müasir infrastruktur yaradılıb. Həm Xanyurdu, həm də Vəngli içməli su, elektrik enerjisi, təbii qazla, rabitə xətti ilə təmin olunub.

Məcburi köçkünlük həyatı sona çatan sakinlər isə illərdən sonra doğma yurdlarına qovuşmağın sevincini “Xalq qəzeti”nin oxucuları ilə bölüşdülər, hərtərəfli qayğı ilə əhatə olunduqlarına görə dövlət başçısına, torpaqlarımızı işğaldan azad edən qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirdilər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad etdilər.

Qeyd edək ki, indiyədək Xocalının Xanyurdu kəndində 191 nəfərdən ibarət 54 ailənin, Ağdərənin Vəngli kəndinə isə 81 nəfərdən ibarət 22 ailənin daimi məskunlaşdırılması təmin olunub. Böyük Qayıdış prosesi mərhələli şəkildə davam edir.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xocalı, Xanyurdu



Sosial həyat