Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

post-img

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının aparatı, Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) məsul əməkdaşları və Rayonun orta təhsil müəsissələrinin işçiləri iştirak ediblər.

Tədbirdən öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstəsi qoyublar.

Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov rayon müəllimlərini təbrik edərək bildirib: “5 Oktyabr Müəllimlər Günü münasibəti ilə hamınızı təbrik edirəm. Bu gün yalnız bir peşə bayramı deyil, həm də xalqımızın ən dəyərli sərvətlərindən biri olan müəllimlərə dərin hörmət və ehtiramın təntənəsidir.”

Çıxış davam edən Yerli Təşkilatın sədri qeyd etdi: “Müəllimlik tarixən Azərbaycan cəmiyyətində müqəddəs bir missiya daşıyıb. Çünki xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində, elm və biliklə silahlanmasında müəllimlərin rolu əvəzsizdir. Ulu Öndər Heydər Əliyev müəllimlik sənətini həmişə yüksək dəyərləndirərək deyirdi ki, “Azərbaycanın müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır. Müəllimlik sənəti şərəfli bir sənətdir.” Bu sözlər həm o dövr, həm də bu gün üçün böyük həqiqətdir.”

Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH Başçısının müavini Zahid Xəlilov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikamızda tikilən və əsaslı təmir olunan məktəbləri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımları xüsusi vurğulayıb.  

Digər çıxış edənlər Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin direktoru, əməkdar müəllim Sevinc Budaqova, əməkdar müəllim Sevda Quliyeva bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin hələ ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyası ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablanmışdı.

Tədbirdə çıxış edən təhsil işçiləri bu sahəyə göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən təhsil işçilərinə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının himni ilə yekunlaşıb.















Sosial həyat