Şirvanın şəhid oğlu yad edildi

post-img

Şəhid Zeynal Zülfüqarlı Azərbaycan Dəniz Balıq Sənayesi Kollecini bitirdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Vətən müharibəsi zamanı Murovdağ yüksəkliyi, Füzuli, Xocavənd, Qubadlı, Cəbrayıl və Şuşa istiqamətlərində aparılan döyüş əməliyyatlarında iştirak edərək 20 oktyabr 2020-ci ildə əbədiyyətə qovuşub. Şirvan Şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Hərbi xidməti zamanı nümunəvi xidmətlərə görə “Azərbaycan Ordusunun 100 illiyi” medalı, ölümündən sonra isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şirvan şəhərində şəhidin valideynləri ilə görüşüb söhbət etdik. Anası Şəlalə Nadirova 35 ildir şəhər uşaq xəstəxanasında tibb bacısı işləyir. Atası Alim kişi mühasib vəzifəsində çalışıb. Hər ikisi Zeynalın uşaqlıqdan qorxmaz, valideynlərinə və böyüklərə hörmətindən vətənpərvərliyindən danışdılar:

-Oğlumuz fədakarlığı, igidliyi, döyüş rəşadəti, qəhrəmanlığı ilə bütün arzularımızı doğruldub. İşğal altında olan torpaqlarımızın azad edilməsi yolunda əvəzsiz xidmətlərinin Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamları ilə yüksək qiymətləndirilməsi bizi daim qürurlandırır. Çünki Zeynal Milli Orduda şərəflə xidmət etdiyi vaxt bir müqəddəs arzu ilə yaşayırdı və həmişə deyirdi ki, biz torpaqlarımızı savaşıb azad etməliyik. İgid oğlumuz arzusuna yetişdi. Qarabağ azad edildi. Zeynalın ölümündən 7 gün sonra doğulan körpəsinə onun adını qoyduq.

Oktyabrın 20-də şəhidin anım günü ilə bağlı Şəhidlər xiyabanında tədbir keçirildi. Öncə Zeynal Zülfüqarlının və digər şəhidlərin məzarları ziyarət edildi, şəhidlərin ruhuna dualar oxundu.

Mərasimdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin valideynlərinə və yaxınlarına başsağlığı verərək səbir dilədi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrindən söhbət açdı.

M.NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri

Sosial həyat