“AzerGold” QSC-nin təşkilatçılığı ilə Göygöl şəhərinin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında müasir formatlı interaktiv kitab köşkü quraşdırılıb.
Rayon sakinlərinin mütaliə imkanlarını genişləndirməyi və oxu mədəniyyətində əlçatanlıq yaratmağı nəzərdə tutan layihə sakinlərin günün istənilən vaxtı kitablarla pulsuz və sərbəst təmasına imkan yaradıb. Oxucular sadə rəqəmsal qeydiyyatdan keçib geniş kitab siyahısından seçim edirlər.
15 gün sonra oxucuya elektron bildiriş göndərilir və kitabın qaytarılması xahiş olunur. Bununla yanaşı, elektron platforma ən fəal və intizamlı istifadəçilərin reytinqini formalaşdırır. Rübün sonunda yüksək nəticə göstərən oxucular “AzerGold” QSC-nin hədiyyələr ilə mükafatlandırılacaq.
Köşkün təqdim etdiyi 400-ə yaxın nəfis tərtibatlı nəşr Azərbaycan və dünya klassiklərinin əsərlərini, müasir ədəbiyyat, uşaq və yeniyetmə kitabları, biznes və özünüinkişaf sahələrini əhatə edir.
“AzerGold” QSC-dən bildirdilər ki, layihə icmaların intellektual inkişafına dəstək vermək, xüsusilə regionlarda oxu vərdişlərini gücləndirmək məqsədi daşıyır, “Kitab sovqatı”, “Uşaq kitab dostu” kimi maarifləndirici təşəbbüslərinin davamıdır. Bu yöndə ilk addım isə ötən il Daşkəsən rayonunun Quşçu kəndində həyata keçirilib.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri

