Bu yöndə hazırlıq kurslarının önəmi yüksəlir
Peşə hazırlığı kursları sosial siyasətin daha bir gərəkli yönü, insanların həyat şərtlərini dəyişən, onları “işsizlik” deyilən arzuolunmaz durumdan çıxaran önəmli sosial sahədir. Xüsusilə gənclər, qadınlar və həssas sosial qruplar üçün həyatın yeni mərhələsinə keçid peşəkar formalaşma və əmək bazarında özünü təsdiqləmə imkanı yaradır.
Peşə hazırlığı - işsiz şəxslərin və ya yeni peşə əldə etmək istəyənlərin əmək bazarına uyğun bilik və bacarıqlara yiyələnməsi üçün təşkil edilən təlim prosesidir. Bu proqramlar əsasən dövlət, özəl müəssisələr və digər təşkilatlar tərəfindən həyata keçirilir. İşsizlər və karyerasını dəyişmək istəyənlər üçün həm Dövlət Məşğulluq Agentliyinin Peşə Hazırlığı mərkəzlərində, həm də özəl tədris müəssisələrində kurslar fəaliyyət göstərir. Agentlik tərəfindən peşə hazırlığı kurslarının siyahısı ölkə iqtisadiyyatının inkişaf prioritetləri və əmək bazarının aktual tələbləri nəzərə alınmaqla hazırlanır. Kurslar müasir bilik və bacarıqlara yiyələnmək istəyən vətəndaşlara geniş peşə spektri üzrə seçim imkanı yaradır. Hazırda 175 peşə və ixtisas üzrə təlimlər həyata keçirilir.
Dövlət Məşğulluq Agentliyinin Peşə Hazırlığı Departamentinin müdiri Namiq Məmmədov qeyd etdi ki, peşə kursları bir neçə istiqamətdə təşkil olunur: kurs iştirakçılarına yeni peşə və bacarıqların aşılanması, əmək bazarında tələbat olan peşələr üzrə nəzəri və praktiki biliklərin verilməsi; rəqabətqabiliyyətliliyin artırılması, o cümlədən, şəxsin ixtisası üzrə bacarıqlarının təkmilləşdirilməsi və ya yeni ixtisas əldə etməklə işəgötürənlərin tələblərinə cavab verilməsinə şərait yaradılması; gənclər və sosial cəhətdən həssas qruplardan olan şəxslərin əmək bazarına daxil edilməsi; regionlarda peşəkar kadr potensialının formalaşdırılmasına töhfə verməklə iqtisadi aktivliyin artırılması.
Peşə hazırlığı kurslarını həm də insan kapitalına yönəlmiş investisiya kimi dəyərləndirmək olar. Qazanılan bilik və bacarıqlar iştirakçılara uzunmüddətli dövrdə əmək bazarında daha stabil mövqe tutmağa, hətta özəl sektor və sahibkarlıq sahəsində də fəaliyyətə başlamağa imkan verir. Bunu nəzərə alaraq, Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən peşə kurslarının siyahısına yeni ixtisaslar daxil edilir, mövcud tədris proqramları yenilənir. Sosial tərəfdaşlarla əməkdaşlıq da bu prosesdə mühüm rol oynayır. Özəl sektor, işəgötürənlər, universitetlər və təlim müəssisələri ilə əməkdaşlıq çərçivəsində yeni peşələr üzrə praktiki bacarıqların inkişaf etdirilməsi üçün birgə proqramlar hazırlanır. Peşə hazırlığının təşkili zamanı 3 ildən artıq işləməyənlərə, peşəsi olmayanlara, sosial cəhətdən həssas qruplardan olan şəxslərə, şəhid və müharibə veteranlarının ailə üzvlərinə üstünlük verilir.
2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyasında vurğulanır ki, qloballaşma, yeni iş yerlərinin artması, müasir istehsal və idarəetmə texnologiyalarının tətbiqi, iş yerlərinin müasirləşdirilməsi yüksək səviyyəli kadrlara ehtiyacı artırır və təhsil, təlim və bacarıqların inkişafı sahəsində təkmilləşdirmələri zəruri edir.
Vətəndaşlar üçün müasir tələblərə uyğun peşə hazırlığı infrastrukturunun formalaşdırılması, bu sahədə xidmət keyfiyyətinin və bölgədə yaşayan müvafiq şəxslərə əlçatanlılığın artırılması məqsədilə peşə hazırlığı mərkəzləri şəbəkəsinin respublikamızın regionları üzrə genişləndirilməsi davam etdirilir. 2023-cü il avqustun 7-də Bərdədə Prezident İlham Əliyevin iştirakı ilə Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin istifadəyə verilməsi də bu istiqamətdə atılmış növbəti addım oldu. Mərkəzdə işsiz və işaxtaran şəxslərin müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlığının həyata keçirilməsi üçün lazımi maddi-texniki potensial yaradılıb. Burada 7 emalatxana, 8 sinif və instruksiya otağı, Peşəyönümlü və Karyera Planlaması Mərkəzi, inzibati və texniki otaqlar mövcuddur. 48 peşə istiqaməti, o cümlədən dərzi, dizayner, aşpaz, ofisiant, bərbər, vizajist, çilingər, dülgər, tornaçı, xarrat, mebel ustası, rəngsaz, qaynaqçı, santexnik və digər peşələr üzrə tədrisin aparılması üçün infrastruktur var. Mərkəzdə bir dəfəyə 300, ildə isə 1200 nəfərin hazırlıq keçməsi nəzərdə tutulub.
Onu da qeyd edək ki, hazırda Dövlət Məşğulluq Agentliyinin tabeliyində Bakı, Göyçay, Gəncə və Qarabağ Peşə Hazırlığı Mərkəzləri fəaliyyət göstərir. Müasir maddi-texniki potensiala malik həmin mərkəzlər peşə hazırlığı işinin təşkilində əhəmiyyətli rol oynayır. DOST Konsepsiyasına uyğun olaraq Qubada da Peşə Hazırlığı mərkəzi açılacaq. Qubada Regional Peşə Hazırlığı Mərkəzinin inşası işləri davam edir. Masallı, Sabirabad və Şəkidə də regional peşə hazırlığı mərkəzlərinin tikilməsi üçün layihələndirmə işləri aparılır.
“Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2026-cı ildə Xankəndi, Laçın və Cəbrayıl Dövlət Peşə Təhsil mərkəzlərinin tikintisi nəzərdə tutulub. Şuşa Dövlət Peşə Təhsil Mərkəzi əsaslı təmir olunub. Kəlbəcər Dövlət Peşə Təhsil mərkəzinin isə tikintisi davam edir. Zəngilan, Qubadlı, Ağdam Dövlət Peşə Təhsil mərkəzlərinin layihələndirmə işləri aparılır.
Gələn il işsiz və işaxtaran şəxslərin peşə hazırlığı və əlavə təhsil imkanlarının genişləndirilməsi məqsədilə 17500-ə yaxın müdavimin bu prosesə cəlb olunması istiqamətində müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulur. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı bildirib ki, təlim prosesinin Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən peşə hazırlığı mərkəzləri, eləcə də özəl tədris müəssisələri tərəfindən reallaşdırılması planlaşdırılır. Eyni zamanda, gələn ildə 100 yeni peşə və kvalifikasiya standartlarının hazırlanması və 135 peşə və kvalifikasiya standartlarının yenilənməsi həyata keçiriləcək. İşsiz və işaxtaran şəxslərin əmək bazarına daxil olmasını dəstəkləmək üçün işəgötürənlərlə əməkhaqqının birgə maliyyələşdirilməsi mexanizmi genişləndiriləcək. 2026-cı ildə bu istiqamətdə əmək bazarına mindən artıq iştirakçının cəlb olunması, işədüzəlmə prosesinin təşkili və əhalinin əmək bazarına inteqrasiyasının təmin edilməsi tədbirləri çərçivəsində ölkədə ümumilikdə 180 əmək yarmarkasının keçirilməsi nəzərdə tutulur.
Mustafa KAMAL
XQ


