Təyyarə bələdçisi Hökumə Əliyevanın əbədiyyətə səfəri
Ötən il dekabrın 25-də AZAL-ın Bakı–Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli təyyarənin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması xəbəri qısa zamanda bütün dünyaya yayıldı. Təyyarənin göyərtəsində olan 37 Azərbaycan vətəndaşından 23-ü həlak oldu, 14 nəfər isə sağ qaldı.
Prezident İlham Əliyevin sərəncamı ilə qəza zamanı fədakarlıq göstərmiş ekipaj üzvlərindən iki pilot və bir təyyarə bələdçisi Azərbaycanın Milli Qəhrəmanı adına (ölümündən sonra) layiq görüldü, iki təyyarə bələdçisi isə “Rəşadət” ordeni ilə təltif olundu.
Təyyarə bələdçisi Hökumə Əliyeva son dəqiqələrə qədər sərnişinləri sakitləşdirməyə çalışsa da, onun “Hamı kəmərlərini bağlasın, hörmətli sərnişinlər, təlimata uyğun hərəkət edin. Hər şey yaxşı olacaq!” sözləri insanların yaddaşına əbədi həkk olundu.
Faciənin birinci ildönümündə müsahibimiz Milli Qəhrəmanın atası Cəlil Alıyevdir. Onunla söhbəti oxucularımıza təqdim edirik.
– Cəlil müəllim, Hökuməsiz bir il ötdü. Bir ata kimi yaddaşınızda ötən günləri necə xatırlayırsınız?
– Təbii ki, bu, çox ağır faciədir. Bu böyük itkini bütün xalqımız, dövlətimiz mənimlə birgə yaşadı. Hər kəsə təşəkkür edirəm. Xalqımızın başı sağ olsun. Mən qızımla fəxr edirəm. Onu çox sevirəm. Övlad itkisini heç bir valideynə arzulamıram. Bu barədə danışmaq da çox çətindir.
Hökumənin göstərdiyi cəsarət, səbir və möhkəm iradə təyyarədə olan insanlara yaşamaq gücü verdi. Saatlarla havada qalan təyyarədə onun ümid dolu sözləri böyükdən-kiçiyə hər kəsin yaddaşında dərin iz qoydu. Bir ata kimi qürurluyam ki, Hökumə milli aviasiya tariximizin ilk, Azərbaycanın isə üçüncü qadın Milli Qəhrəmanıdır.
Hökumə xidməti vəzifəsini xalqına sevgi ilə yerinə yetirdi. Təyyarə yerə yön aldıqca o, özünü yox, sərnişinləri düşündü, onların qayğısına qaldı. Hökumə Azərbaycan boyda məmləkətin qəhrəmanına çevrildi. O, bir evdən yox, eldən getdi.
Onun haqqında “Hökumə – kədərim mənim” adlı sənədli film çəkilib. Polşada Tələbə Xanımlar Birliyinin təşəbbüsü və Polşa Azərbaycanlıları Şurasının dəstəyi ilə adına təqaüd proqramı təsis edilib. Qazaxıstanda istehsal olunan hərbi təyinatlı zirehli ambulans maşınına da Hökumənin adı verilib.
Hökumə Kəlbəcərdə dünyaya göz açmışdı. 1993-cü ildə rayonumuzun ermənilər tərəfindən işğal olunması səbəbindən Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşdıq. Üç il sonra, 1996-cı ildə Rusiyaya köçdük və bir müddət Volqoqrad vilayətində yaşadıq. Hökumə burada 6-cı sinfə qədər təhsil aldı. Daha sonra Gəncəyə köçdük və o, təhsilini burada davam etdirdi. Gəncə şəhərində V.Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul imtahanında 612 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil oldu.
– Hökumə son uçuşunun olduğunu bilirdi. Bu ilin yanvarından eyni aviakompaniyada hüquqşünas kimi işləməyə başlamalı idi…
– Elədir. Uşaqlıq yaşlarından hüquqşünas olacağını deyirdi. Rusiyada yaşadığımız dövrdə şahidi olduğu ədalətsizliklər bu qərarı verməsinə təsir etmişdi. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə də məhz ona görə daxil olmuşdu ki, ölkəsini, Vətənini dünya qarşısında müdafiə etsin.
Universiteti bitirdikdən sonra Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsində hüquqşünas vəzifəsində çalışdı. Lakin arzusu o qədər güclü idi ki, orada işləyə-işləyə Azərbaycan Hava Yollarına imtahan verdi və uğur qazandı. 2016-cı ildən əvvəlcə tərcüməçi, daha sonra isə təyyarə bələdçisi kimi fəaliyyətə başladı.
Bu ilin yanvar ayından AZAL-da hüquqşünas kimi işə başlamalı idi, artıq işə qəbul olunmuşdu. Bakı–Qroznı reysi onun son uçuşu oldu…
– Kəlbəcərdə ev almaq Hökumənin ən böyük arzusu olub. Amma qismət olmadı…
– Bəli, bunu çox arzulayırdı. Həmişə deyirdi ki, sizə həm Kəlbəcərdə, həm də Bakıda ev alacağam. Bakıda ev alsa da, orada gözüdolusu yaşaya bilmədi. Kəlbəcərdə isə evi bizə dövlət başçımız verdi.
Hökumə Kəlbəcəri, demək olar ki, görməmişdi. Uşaq yaşlarında oradan köçmüşdük. Amma doğma torpaqla bağlı çox xəyallar qururdu.
Bu il avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində birinci yaşayış kompleksində yaradılan şəraitlə tanış oldular, sakinlərlə görüşdülər və evlərin açarlarını təqdim etdilər. Ailəmiz də evlə təmin olundu. Mənə də çıxış üçün söz verildi. Cənab Prezidentə və Mehriban xanıma təşəkkür edərək bildirdim ki, bu torpaqları bizə yenidən bəxş etdiniz. Bu hadisələrin qəhrəmanı Sizsiniz. Həmişə Sizin yanınızda durmalıyıq, bir olmalıyıq, yumruq kimi birləşməliyik və “Böyük Qayıdış”ı uğurla başa çatdırmalıyıq.
Fəxrlə qeyd etdim ki, qızım Hökumənin sözü olmasın, hər şey yaxşı olacaq. Kəlbəcərin ziyalılar, aşıqlar, şairlər diyarı olduğunu vurğuladım və kəlbəcərli şairimiz Sücaətin 32 il əvvəl yazdığı şeiri səsləndirdim:
Sücaət, neyləyək, bəxt belə bəxtdir,
Darıxma, hər şeyi həll edən vaxtdır.
Bir gün gülə-gülə qayıdacaqdır,
Ağlaya-ağlaya köçən Kəlbəcər.
– Cəlil müəllim, Hökumənin ev-muzeyinin yaradılması, yəqin ki, ata kimi sizə təsəllidir…
– Avqustun 8-də Hökumənin doğum günündə ev-muzeyinin açılışı oldu. Həmin gün mənim də ad günümdür. 60 yaşımı qızım olmadan tamamladım. Sonuncu dəfə iki il əvvəl Bakıda birlikdə ad günümüzü qeyd etmişdik...
Muzeydə Hökumənin uşaqlıqdan indiyədək bütün əşyaları və şəkilləri yer alıb. Muzeyin hər gün ziyarətçiləri olur. Məktəblərdən, ətraf rayonlardan, şəhid anaları, rəfiqələri dəfələrlə buraya gəliblər.
Heç bir təsəlli övladımızı geri qaytarmasa da, Hökumənin adının dünyada çəkilməsi, tanınması bizim üçün böyük qürurdur. Yayda mən, qardaşı Coşqun, həyat yoldaşı Etibar və pilot Aleksandrın anası Yelena Kolyaninova ilə birlikdə Aktau şəhərinə getdik. Bir anlıq elə təsəvvür etdim ki, Hökumə ilə görüşə gedirik, bizi orada qarşılayacaq. Hadisə yerinə çatanda ətrafa baxdım, gözlərim nəsə axtarırdı. Yalnız faciənin izlərini daşıyan səssiz boşluq gördüm.
Orada məzar daşına bənzər bir abidə vardı və mənə elə gəldi ki, o daşın bir küncündən Hökumə bizi izləyir. Sonradan bildik ki, Qazaxıstan dövləti həmin yerdə faciəni əbədiləşdirən böyük bir abidə ucaldacaq.
Hökumə həmişə deyirdi ki, vaxt gələcək, mənimlə fəxr edəcəksiniz. İnanıram ki, onun adı gələcək nəsillər üçün örnək olacaq. Bununla təsəlli tapıram. Bir də əminəm ki, cinayətkarlar cəzasız qalmayacaq. O günü səbirsizliklə gözləyirəm.
Ruhun şad olsun, xalqın səmada tarix yazan qəhrəman qızı!
Müşfiq MİRZƏ
XQ


