Şəhid atasına el ehtiramı

post-img

“Mən var-yox bir övladımı bu torpaq, bu xalq, bu millət uğrunda qurban vermiş bir atayam. Güvən yerim də, ümid yerim də bu xalqdır, bu dövlətdir. İtirdiyimizin yerini heç kim və heç nə doldura bilməz. Amma az da olsa, onları yaşada, əbədiləşdirə bilmək bizə rahatlıq verir. Baş leytenant Vüsal Kazımov iki ali təhsil almış, Uşaq Gənclər İdman Məktəbinin direktoru işləmiş, vətənpərvər bir gənc kimi yeganə məmur övladı olub ki, könüllü cəbhəyə yazılıb və şəhid olub. Digər məmur övladları kimi mən uşağımı gizlətməmişəm”.

Bu sətirlərin müəllifi – Astara Pedaqoji Kollecinin direktoru, filologiya elmləri doktoru, Lənkəran Dövlət Universitetinin professoru, şəhid atası Kamran Kazımovdur. Vətənini, xalqını sevən, bu məqsədlə yaşayıb-yaradan əsl ziyalı Kamran Şahverən oğlu Kazımov ucala-ucala ömrünün 65 ilini yola saldı. O, müdriklik zirvəsindən geriyə boylananda ötən illərin hədər getmədiyini, özünün cəmiyyət üçün dəyərli, lazımlı olduğunu görür və bununla ruhən, cismən rahatlıq tapır. Hər işində fədakar ziyalı, ləyaqətli vətəndaş olduğu yaxşı görünür.

Kamran Kazımov Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində boya-başa çatıb. Doğma elində – məzunu olduğu Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta ümumtəhsil məktəbində onun yubileyinə həsr olunmuş “Şərəfli ömür yolu” adlı məclis yaddaqalan oldu.

Əvvəlcə Kamran müəllimin nəvələri – şəhid baş leytenant Vüsal Kazımovun övladları Nuray və Aynur musiqi müəllimi Sevin Əliyevanın pianoda müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni oxudular və Vətən yolunda özlərini qurban verən zəfər şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı.

Lənkəran–Astara Regional Təhsil İdarəsi, Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatı, Lənkəran Dövlət Universiteti və Astara Pedaqoji Kolleci təmsilçilərinin, rayon ictimaiyyəti nümayəndələrinin, yubilyarın ailə üzvlərinin, qazi və şəhid ailələrin və digər qonaqların yer aldıqları məclisdə məktəbin direktoru Ramiz Ramazanov Kamran müəllimin uzun illər pedaqoji sahədə qazandığı uğurlardan, yetişdirdiyi kadrlardan həmçinin şəhid atası kimi göstərdiyi mətanət nümunəsindən söz açdı.

Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov və başqaları da yubilyara ürək sözlərini söylədilər. Natiqlər Kamran müəllimlə birgə fəaliyyətlərindən, təhsilin inkişafına onun verdiyi töhfələrdən və insani keyfiyyətlərindən söz açdılar. Böyük nüfuz sahibi olduğunu da vurğuladılar. Tanrının bəxş etdiyi ömür payını ləyaqətlə yaşayan bu gözəl insana sağlam ömür arzuladılar.

Məclisin bədii hissəsində məktəb şagirdlərinin və Lənkəran şəhər Cəfər Cabbarlı adına 1 saylı Uşaq Musiqi Məktəbi müəllim və şagird heyətinin ifasında şeirlər, musiqi nömrələri iştirakçılar tərəfindən maraqla qarşılandı və dəfələrlə alqışlandı.

Sonda çıxış edən yubilyar Kamran Kazımov ilk növbədə tədbirin yüksək səviyyədə təşkilinə görə məktəb rəhbərliyinə və kollektivə təşəkkür etdi. Daha sonra o, keçdiyi həyat yolundan, müəllimlik fəaliyyətindən və bu yolda qazandığı təcrübələrdən söz açdı, təhsilin insan həyatında oynadığı mühüm rolundan danışdı. Ona göstərilən diqqət və qayğını yüksək qiymətləndirdi, eləcə də tədbirə qatılan hər kəsə minnətdarlığını bildirdi.

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sosial həyat