Doğum günündən bir gün sonra…

post-img

Ürfan Orucov ali təhsilini Bədən Tərbiyəsi və İdman Akademiyasında almış, sonra 2019-cu ilədək orduda xidmət etmişdi. 2020-ci il sentyabrın 27-də səhər televizordan Vətən müharibəsinin başlandığını eşidərək dərhal Səfərbərlik və hərbi xidmətə çağırış üzrə bölməyə gedib. Qısamüddətli hərbi toplantıdan sonra Ürfan birbaşa cəbhəyə qatılıb.

Qardaşı Ramin Füzuli uğrunda qələbimizlə bitən, Hadrut uğrunda başlanan döyüşlərə qoşulmamışdan bir qədər əvvəl Ürfanla görüşübmüş. Onun belində ağrılar olmasını bildiyi üçün “Bəlkə müalicə olunub sonra döyüşə qoşulasan? – deyə məsləhət görəndə Ürfan qətiyyətlə belə cavab verib:

- Necə? Döyüş yoldaşlarımdan aralanıb hospitalda yatım? Ya torpaq altda yataram, ya da ağır bir döyüş yarası alandan sonra hospitalda...

Ürfan 1996-cı ildə, oktyabrın 9-da Şabran şəhərində doğulmuşdu. Məktəbdə ona tarix fənnini tədris etmiş müəllimi indi danışır ki, Ürfan idmançı olsa da, tarix fənninə çox maraq göstərirdi. Qarabağımızın tarixini yaxşı bilən Ürfan indi bu Vətən torpaqlarının namərd qonşunun, erməni qəsbkarlarının tapdağı altında olmasından çox narahat, həm də qəzəbli idi. Elə buna görə də Ürfan Vətən uğrunda döyüşlərdə ilk könüllü yazılanlardan oldu.

Həmlə-hücum manqasının komandiri olan Ürfan Füzuli uğrunda gedən döyüşlərdə ön xətdə döyüşüb. Cəbrayıl, Xocavənd ərazilərində gedən şiddətli döyüşlərin də önündə olub. Oktyabrın 11-də Hadrut uğrunda qızğın döyüşlər gedən zaman o, əsl idmançı kimi çevik hərəkətlərlə bir neçə yaralı əsgər yoldaşını döyüş meydanından çıxarır. Bu zaman onun komandiri də ağır yaralanır. Komandirini döyüş ərazisindən uzaqlaşdırmaq üçün ona tərəf sürünür. Yaxınlaşıb onu götürmək istəyəndə hər ikisi düşmənin snayper gülləsinə tuş gələrək həlak olurlar. Orucov Ürfan Firdovsi oğlu ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunur...

Şabranlılar öz igid oğullarının xatirəsini əbədiləşdiriblər. Şəhərin küçələrindən birinə onun adı verilib. Yaşadığı evə “Xatirə lövhəsi” vurulub. Ailəsi otaqlarından birində şəhidin qısa ömür yolunu əks etdirən kiçik muzey yaradıb. Ürfan Orucovun ali təhsil aldığı akademiyada da onun xatirəsi həmişə əziz tutulur. Ali təhsil müəssisəsi tərəfindən şəhidin adına xüsusi təqaüd təsis olunub. Yenicə istifadəyə verilmiş auditoriyalardan biri onun adını daşıyır. Şəhidin anım günü burada da ehtiramla qeyd olunur.

...Ata ocağında subay, cavanca Ürfanın balaca otağında – xatirə muzeyində sükuta qərq olmuş divarlara baxıram. Dörd bir tərəfindən onun uşaqlığından şəhid məqamına yüksəlişinəcən fotoları asılıb. Dolablardakı kitabların çoxu ana dilimizin izahlı lüğəti ilə yanaşı tərcümə lüğətləridir. Sən demə, Ürfan poliqlot imiş. Doğma ana dilindən savayı ingilis, alman, fransız, rus dillərini də sərbəst bilirmiş. Və son vaxtlar erməni dilini də öyrənməyə başlayıbmış.

Oktyabrın 9-da ad günü idi. Cəbhədə ad günü keçirmək, əlbəttə, yada düşmür. Cəsur manqa komandiri, gizir Ürfan Orucovu düşmən üzərinə növbəti hücum əmri gözləyirdi. Və ertəsi gün Hadrut uğrunda hücum əməliyyatı zamanı şəxsi heyətin döyüş ruhunu yüksəltmək məqsədilə düşmən səngərinə tək başına hücum edib xeyli sayda canlı qüvvəsini məhv edən Ürfan ağır yaralandı. Hospitalda yatmadı, şəhid kimi torpaq altda yatdı.

Aydın TAĞIYEV,
yazıçı-publisist

Sosial həyat