Zəngilanda ruhlar da sevinir

post-img

Prezident İlham Əliyevin mayın 10-da Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə şəhid ailələrinin üzvləri də iştirak etmişdilər. Onlardan biri də şəhid əsgər Samir Sarıyevin atası Əli kişi idi.

Qayıdış prosesini canlı izlədikdən sonra rayon sakinləri ilə söhbət etmək imkanı qazandıq. İlk həmsöhbətimiz Vətən müharibəsinin şəhid əsgəri Samir Sarıyevin atası Əli kişi oldu.

Onun oğlu vaxtilə general Polad Həşimovun əsgəri olub, hərbi xidmətdə nümunəvi davranışına görə dəfələrlə fəxri fərmanla təltif edilmişdi. 2020-ci ilin payızında 44 günlük Zəfər yürüşündə təcrübəli döyüşçü kimi əsl igidlik nümunəsi göstərib. Füzulinin, Xocavəndin və Cəbrayılın azad olunması uğrunda gedən qanlı savaşda fəal iştirak edib. Oktyabrın 23-də Füzuli rayon Alxanlı kəndi düşməndən təmizlənən zaman həlak olub. Samir Sarıyev ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub...

Prezident İlham Əliyev kompleksdə birinci mənzillə təmin olunan Əli Sarıyev açarların təqdimolunma mərasiminin son dərəcə səmimi anlarına toxunaraq dedi:

– Möhtərəm Prezidentimizin qayğıkeşliyi, insanlara yüksək diqqəti və sadəliyi məni valeh etdi. Zəngilan şəhərində oğlumun adını daşıyan küçədə mənzillə təmin edildiyimi eşidəndə özümü nə qədər toparlamağa çalışsam da, bacarmadım. Bunu incəliyinə qədər hiss edən dövlət başçısı qısa söhbətdən sonra mənə kömək göstərilməsini tapşırdı. Prezidentimizə şəhid ailələri başda olmaqla xalqımızın hər bir sakininə göstərdiyi qayğıya və diqqətə görə dərin təşəkkürümü bildirirəm.

Əli kişi ilə müasir şəraitdə bərpa olunan rayon mərkəzində əvvəlcə Samir Sarıyev, sonra isə 28 May küçələrində gəzərək xeyli söhbətləşdik. Oğlunun qəhrəmanlığı, döyüş rəşadəti və Prezident sərəncamları ilə təltif edildiyi çoxsaylı medallarından qürur hissi ilə danışdı.

– Düşmənin tamamilə dağıdaraq talan etdiyi ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərini görəndə ölkəmizin iqtisadi gücünü bir daha hiss edirsən. “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq burada tikilən evlər, məktəblər, sosial binalar, yeraltı və yerüstü qarajlar, mağazalar, konqres mərkəzi, məscid və digər yaşayış və inzibati binalar inkişafımızı əyani surətdə təsdiqləyir.

Köçkünlük həyatımız çox çətin olub. Şükür bugünümüzə, şəhidlər versək də, igidlərimiz yaralansa da, xalqımızın qüruru yüksəldi, düşmən torpaqlarımızdan birdəfəlik qovuldu. İndi danışanda şəhid atası olduğumu, bir vaxtlar işğal altında olan və dağıdılan yurdumuzda tam müasir mənzillərdə yaşadığımızı fəxrlə deyirəm.

Fürsətdən istifadə edib şəhid atasının hazırkı yaşayış şəraiti ilə də tanış olduq. Burada keçmiş məcburi köçkün ailələri üçün hər cür rahat şərait yaradılıb.

Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri



Sosial həyat