Pedaqoji Universitet DİM-in təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində iştirak edəcək

post-img

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 30 iyul – 1 avqust 2025-ci il tarixlərində Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Mərkəzin elektron imtahanlar korpusunda keçiriləcək ali təhsil müəssisələrinin sərgisində iştirak edəcək. 

Ölkədə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsinin təmsil olunacağı sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.

Ziyarətçilər sərgidə Pedaqoji Universitetin stendində birbaşa universitet əməkdaşlarından qəbul prosesi, ixtisaslar, onların plan yerləri və keçid balları, tədris proqramları, maddi-texniki baza, təhsil haqqı və digər məsələlərlə bağlı yerində məlumat almaq, suallarını ünvanlamaq imkanı əldə edəcəklər.

Sərgidə abituriyentlər və valideynlər iştirak edə bilərlər.

Sərgidə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməlidirlər:
https://portal.dim.gov.az/sergi/

Qeyd edək ki, ziyarətçilərə sərgidə iştirak etmək üçün özlərinə uyğun tarixi və saatı seçmək imkanı verilir.

Sərgi Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək.

Təhsil