HƏMAS–İsrail qarşıdurması davam edir. Dünən İsrailin Müdafiə Qüvvələri Qəzza zolağının şimalı ilə bərabər, cənub hissəsində də antiterror əməliyyatı həyata keçirib. Rəsmi Təl-Əviv terrorçulara qarşı mücadilədə qərarlı olduğunu bəyan edib.
Qəzzanın havadan bombalanması davam etdikcə ev-eşiksiz qalan ailələrin sayı artır. BMT rəsmisi hazırda Qəzzada təhlükəsiz yerin olmadığını bildirib. Onun sözlərinə görə, indi bu qurumun bayrağı altında sabitliyi təmin etmək qeyri-mümkündür. Bu barədə BBC məlumat yayıb.
BMT rəsmisi BBC müxbirinə açıqlamasında etiraf edib ki, təmsil olunduğu qurum, təəssüf ki, ondan sığınacaq gözləyən 600 mindən çox Qəzza sakininin təhlükəsizliyinə zəmanət vermək gücündə və iqtidarında deyil.
Həqiqətən, BMT-nin birbaşa himayəsində olan qaçqın sığınacaqlarından artıq 50-dən çoxu ərazidə davam edən döyüşlərin təsirinə məruz qalıb. Onlardan beşi isə bombardmanlar nəticəsində dağıdılıb.
Ağır zorakılıqlar təkcə Qəzza zolağında baş vermir. Son günlər İsrailin bir çox ərəb dövlətləri, xüsusilə Livan ilə münasibətləri gərginləşib. Dünən İsrail Müdafiə Qüvvələri Livanın cənubunda hava hücumu əməliyyatı keçirib.
Bu barədə “Telegram” kanallarında video yayılıb. Paylaşılan görüntülərdə İsrail Ordusunun Livandakı hədəfi dəqiq raket zərbəsi ilə məhv etdiyi görünür. Terrorçu “Hizbullah” təşkilatı bunu cavabsız qoymayacağını bildirib.
ABŞ-ın dövlət katibi Entoni Blinken yenidən Yaxın Şərqdədir. Xatırladaq ki, bu, son 25 gün ərzində Blinkenin bölgəyə 3-cü səfəridir. O, regionda müharibənin dayandırılması üçün diplomatik səylərini davam etdirir.
Amerikalı diplomat dünən Omanda Liviya, Qətər və İordaniya rəsmiləri ilə görüşüb. Həmin görüşlərdən sonra Blinken jurnalistlərə açıqlamasında bildirib ki, İsrail–Fələstin probleminin həlli üçün “iki millət - iki dövlət” prinsipi çıxış nöqtəsi kimi qəbul olunmalıdır.
Yeri gəlmişkən, ABŞ-ın dövlət katibi Omana getməzdən əvvəl Təl-Əvivdə İsrailin Baş naziri Binyamin Netanyahu və Prezident İsxaq Hersoqla görüşərək müzakirələr aparıb. Blinken terrorçularla mücadilədə ölkəsinin İsrailə sonadək dəstək verəcəyini bildirməklə bərabər, Qəzzada çarpaz atəşə tutulan mülki şəxslərin qorunmalı və onlara kömək göstərilməli olduğunu vurğulayıb.
Regionda yaşanan humanitar böhranı həll etməkdə təkcə BMT deyil, bölgədə marağı olan böyük dövlətlər də acizdir. Görünən budur ki, onların diplomatik təşəbbüsləri, hələlik, heç bir nəticə vermir, bölgədə humanitar vəziyyət isə günbəgün ağırlaşır.
Misirlə sərhəddə yerləşən “Rəfah” keçid məntəqəsinin açıldığı çərşənbə günündən bəri çox az sayda vətəndaş Misir ərazisinə keçə bilib. Rəsmi Qahirənin bildirdiyinə görə, cümə axşamı yaralı vəziyyətdə olan yalnız 21 fələstinliyə, eləcə də 72-si uşaq olmaqla, xarici pasportu olan 344 nəfərə Qəzzanı tərk etmək nəsib olub.
Münaqişə bölgəsindən canlarını qurtarmaq istəyənlər isə on minlərlədir. Lakin onları fələstinlililərin qonşuluqlarında yerləşən nə Misir, nə də İordaniya qəbul etmək istəmir. Fələstinli soydaşlarına qarşı bu qədər biganəliyin nədən qaynaqlandığını sağlam düşüncə ilə anlamaq çətindir.
Bu arada, noyabrın 9-da Parisdə Qəzzaya humanitar yardımların təşkili ilə bağlı beynəlxalq konfrans keçiriləcək. Bu barədə məlumatda qeyd olunub ki, məqsəd fələstinli mülki əhalinin xeyrinə konkret şəkildə hərəkət etməyə qərarlı olan əsas aktorları - dövlətlər, donorlar və beynəlxalq təşkilatları səfərbər etməkdir.
Yeri gəlmişkən, HƏMAS yaraqlılarının İsrailin nəzarətində olan ərazilərə hücumu nəticəsində həlak olan Fransa vətəndaşlarının sayı 39 nəfərə çatıb. Bu barədə informasiya Fransa Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib. Xarici siyasət idarəsinin məlumatına görə, regionda daha doqquz Fransa vətəndaşı itkin düşüb. Onların bəzilərinin HƏMAS-ın əsirliyində olduğu istisna edilmir.
Bu arada məlum olub ki, Fələstin Prezidenti Mahmud Abbasın noyabrın 15-də Rusiyaya planlaşdırılan səfəri Fələstin tərəfinin xahişi ilə təxirə salınıb. Bunu jurnalistlərə Rusiya Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.
Mahmud Abbasın səfərinin təxirə salınması regionda gərginliiyin kəskin artması ilə əlaqələndirilir. Bir çox ekspertlər HƏMAS–İsrail qarşıdurmasının genişlənərək Üçüncü Dünya müharibəsinə çevriləcəyini iddia edirlər. Bunda maraqlı güclərin olduğu da sirr deyil.
Türkiyə dövləti də Qəzzada zorakılıqların təcili dayandırılmasını tələb edir. Rəsmi Ankara qan tökülməsinin dayandırılması və sülhün bərqərar olması üçün səylərini artırır. Türkiyənin məqsədi regionda daimi və davamlı sülhə nail olmaqdır.
Acı təəssüf ki, bölgəni müharibə teatrına çevirən super dövlətlərin niyyəti bambaşqadır. Onları bu ərazidə məskunlaşan sadə, günahsız ailələrin taleyi az maraqlandırır. Halbuki Yaxın Şərqə, burada yaşayan xalqlara, dilindən, dinindən asılı olmayaraq bütün dinc insanlara sülh, sabitlik və rifah lazımdır.
M.HACIXANLI
XQ

