“Sabah” qəzeti: Kahramanmaraşdakı Heydər Əliyev adına məktəbdə tezliklə 1500-yə yaxın uşaq təhsil alacaq

post-img

Kahramanmaraşdakı Heydər Əliyev adına məktəbin müəllim və şagirdləri 1500-ə yaxın uşağın oxuyacağı bu təhsil müəssisənin tikintisinin başa çatmasını səbirsizliklə gözləyirdilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzetinin Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi haqqında materialında deyilir.

Nəşrin müxbirləri zəlzələ nəticəsində dağılmış Sezai Karakoç ibtidai məktəbinin yerində Azərbaycan hökumətinin dəstəyi ilə tikilən məktəbin müəllim və şagirdləri ilə söhbət ediblər. Məktəbin açılışı ötən ilin sentyabrında iki qardaş ölkənin təhsil nazirlərinin iştirakı ilə baş tutub.

Məktəb binasının tikintisinin qısa müddətdə başa çatdırıldığını vurğulayan qəzet məlumat verir ki, müasir təhsil ocağının binasında 20 sinif otağı, üç laboratoriya, hazırlıq şöbəsi üçün üç otaq, o cümlədən studiya və emalatxanalar var.

Məktəbin müəllimi Dicle Baran Taşdemir bildirib ki, zəlzələdən sonra müvəqqəti olaraq yaxınlıqdakı təhsil müəssisəsində çalışıb. O əlavə edib: “Həmin məktəbin pəncərəsindən davamlı olaraq Heydər Əliyev məktəbinin tikintisini müşahidə edirdik. Layihənin hər mərhələsindən həzz alırdıq. Sevindirici haldır ki, tikinti sürətlə başa çatdı. Bizim üçün hər şey çox yaxşı gedir. Məhəllədə yeni evlər tikilib, insanlarda ümid yaranıb, təzə dostlar qazanmışıq”.

Məktəbin şagirdi Eylul Asya Peker Heydər Əliyev məktəbində təhsil alacağından xoşbəxt olduğunu etiraf edib. O deyib: “Çox şadam ki, aprelin 23-də Milli Suverenlik və Uşaqlar Gününü yeni məktəbdə qeyd etdim”.

Daha bir şagird – Erkan Can yeni məktəbin onun çox xoşuna gəldiyini qeyd edib. O bildirib: “Burada hər şey xoşuma gəlir, dərslərə sevinc hissi ilə girirəm”.

Qəzet yazır: “Ümumilikdə, məhəllədə 2122 binanın, o cümlədən 1323 mənzil, 799 ofis və ticarət obyektinin istifadəyə verilməsi planlaşdırılır. Genişmiqyaslı layihə yekunlaşmaq üzrədir”.

Azərbaycan hökuməti tərəfindən “Azərbaycan” məhəlləsi ərazisində görülən işlər 100 milyon dollar dəyərində qiymətləndirilir. Layihə çərçivəsində Azərbaycan hökumətinin icra orqanı Mənzil İnşaatı Dövlət Agentliyidir (MİDA).

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Dünya