Bir vaxtlar Brüssel Ankaraya yad gözlə baxırdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romada İtaliyanın Baş naziri Ciorcia Meloni ilə birlikdə iştirak etdiyi Türkiyə-İtaliya birgə biznes-forumunda çıxış edib. Bildirib ki, son illər ölkəsinin iş adamları italiyalı həmkarları ilə birgə bir çox uğurlu layihələr icra edərək, iqtisadi yüksəliş və rifaha töhfə verirlər.
R.T.Ərdoğan, həmçinin vurğulayıb ki, xanım siyasətçi Ciorcia Meloninin liderliyi ilə İtaliya hökuməti iki ölkə arsında əlaqələrin inkişafına dəstək verir və bu amil münasibətlərə bir dinamizm gətirir. Qardaş ölkənin lideri Türkiyə iqtisadiyyatının mövcud durumu və perspektivləri barədə də fikirlər səsləndirib.
Görünən budur ki, Ankara hazırda Avropa İttifaqının (Aİ) iqtisadi gücünə görə 3-cü dövləti sayılan İtaliya, eləcə də qitənin digər ölkələri ilə sıx əməkdaşlıq qurmağa hazırdır. Yeri gəlmişkən, Türkiyə-İtaliya tərəfdaşlığı Aİ-yə başqa üzv dövlətlər üçün də örnək ola bilər. Təəssüf ki, son dövrlərə qədər, daha dəqiq desək, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə kimi, Aİ Türkiyə ilə bütün sahələrdə əməkdaşlığa heç də “sıcaq” yanaşmırdı.
Brüssel hətta bir neçə il əvvəl Türkiyə ilə Gömrük İttifaqı müqaviləsinin müddətini uzatmaqdan imtina edib. Bunun üçün ən müxtəlif siyasi və hüquqi bəhanələr gətirilib. Bu, Türkiyənin Aİ üzvləri, eləcə də İtaliya ilə ticarət əlaqələrinə mənfi təsir göstərir. Ankara ümid edir ki, italiyalı siyasətçilər problemin çözülməsi üçün Brüsseldə Türkiyənin lehinə lobbiçilik edə bilər.
Aİ indi Türkiyəyə artıq başqa gözlə baxmağa məhkumdur. Belə ki, qitə dövlətləri öz təhlükəsizlikləri üçün Şərqdən gələn kəskin təhdidlərin fərqindədirlər. Aİ onillər boyu ABŞ-ın “təhlükəsizlik çətiri” altında özünü kifayət qədər komfortlu hiss edirdi. Artıq Pentaqon Avropanı himayə etmək niyyətində deyil. Bir sözlə, qitə öz başının hayına özü qalmalıdır.
Avropanın NATO-da ABŞ-dan ən böyük silahlı qüvvələrə sahib olan Türkiyə ilə dil tapmağa çalışması gözlənilən idi. Qeyd edək ki, Roma ilə Ankara arasında əlaqələrin güclənməsi bu istiqamətdə atılan ilk və mühüm addımlardan biri kimi qəbul edilə bilər. Avropanın digər böyük dövlətləri bundan özləri üçün dərs çıxarmalıdırlar.
Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Atamoğlan Məmmədli hesab edir ki, Fransa və Almaniya uzun illər boyu Türkiyəyə münasibətdə yürütdükləri qısqanc və qərəzli mövqelərindən geri çəkilməlidirlər. Vaxtilə Fransada Ankaranın ünvanına əsassız tənqidi ifadələr işlədənlər artıq öz ritorikalarını dəyişməyə başlayıblar.
Siyasətdə əbədi dostlar olmur, yalnız özəl və milli maraqlar olur. Dünən rəqib, hətta düşmən olanlar bu gün dostlara da çevrilə bilirlər. Fakt budur ki, Türkiyə indi Avropaya çox lazımdır. Eyni zamanda, etiraf edək ki, Aİ də bir tərəfdaş olaraq Ankara üçün böyük əhəmiyyət kəsb edir.
Avropada yazılmamış bir qanun var. Hansı bir dövlət qitəni özünə tabe etmək istəyəndə digər ölkələr bunun əleyhinə çıxırlar. Napoleonun, Hitlerin taleyini göz önünə gətirmək olar. Avropa üçün bu gün qitənin şərqindən qaynaqlanan real təhlükə yaranıb. Türkiyə isə dost və müttəfiqlərə heç vaxt arxa çevirməyib. Buna görə də Ankara ilə dost olmaq istəyənlərin sayı çoxalıb.
Məsaim ABDULLAYEV
XQ