Lakin son 14 ildə illik doğum 73,7 min nəfər aşağı düşüb
Əhali artımının ildən-ilə aşağı düşməsi dünyanın bir çox ölkələri, o cümlədən Azərbaycan üçün ciddi narahatlığa çevrilir. Bu, ölkədə doğumun sayının azalması ilə sıx bağlıdır.
Ədliyyə Nazirliyinin yerli qeydiyyat şöbələrində 2024-cü ildə 102 min 310 körpəyə şəhadətnamə verilib. Bu, 2023-cü illə müqayisədə əhalinin hər 1000 nəfər hesabı ilə artımın 11,1-dən 10-a düşməsi deməkdir. 2025-ci ilin yanvar–fevral aylarında isə 15 min 971 körpə doğulub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə həmin göstərici 9,7-dək azalıb. Bu rəqəm ölkə tarixində qeydə alınmış ən aşağı göstəricidir. Azalma tempi ilin sonuna qədər davam edərsə, deməli, ciddi enmə baş verəcək və ümumi doğum sayı 100 minə çatmayacaq.
Xatırladaq ki, XXI əsrdən başlayaraq ölkəmizdə əhali artımı 2011-ci ilə qədər müşahidə olunub. 14 il əvvəl 176 min 72 nəfər doğulub. O vaxtdan azalma başlayıb. 2011-ci illə müqayisədə 2024-cü ildə doğulan uşaqların sayı 73 min 662 nəfər az olub. Bu, Azərbaycan üçün düşündürücü rəqəmdir. Bəs doğulanların sayı niyə azalır? Səbəblər isə müxtəlifdir. Bu, ilk növbədə, ölkədə nikaha girənlərin yaş həddinin artması ilə bağlıdır. Hazırda ailə quran gənclərin yaş həddi 28–30 arasında dəyişir. 30–35 yaşlarında ailələ quranlar da az deyil. Nəticədə gec evlilik səbəbindən doğulan uşaqların sayı aşağı düşür. Ölkəmizdə 20 il əvvəl tamamilə fərqli mənzərə vardı. Kişilər 21–25, qadınlar isə 20–24 yaşlarında ailə qururdular. Əvvəl qurulan ailələrdə uşağın tez dünyaya gəlməsi prioritet idisə, indi 3 ildən, 5 ildən sonra uşaq dünyaya gəlir. Bu da müasir ailə modelində fərqli yanaşmanı göstərir.
Yaranmış durumla bağlı, demoqrafiya üzrə mütəxəssis, dövlət mükafatı laureatı Zakir Eminov bildirdi ki, evlilik yaşının artması son vaxtlar ailə dəyərlərində dəyişikliklərlə bağlıdır. Hazırda gənclər təhsillərini və karyeralarını ailə qurmaqdan üstün tuturlar. Uğurlu karyera onların sosial statusunu artırır və cəmiyyətdə tanınmasını təmin edir. Bu, peşəkar və sosial həyatına əhəmiyyətli töhfə vermək istəyənlər üçün mühüm amildir. Karyera həm də onların maliyyə müstəqilliyini təmin edir.
Maliyyə müstəqilliyi isə karyeranın ən vacib aspektlərindən biridir. Məsələn, sabit gəliri olan qadın, başqalarından asılı olmadan özünü inamlı hiss edir və sərbəst qərar verir. Evlənməkdənsə karyera qurmaq, daha yaxşı yaşamaq istəyirlər. Düşünürlər ki, ali təhsil alıb, yaxşı iş yerlərində çalışdıqları üçün mütləq ayrı evləri olmalıdır. Onlar vaxtlarının bir hissəsini uşaqlara ayırmaq istəmirlər. Çünki həm işdə, həm də evdə “enerji sərf edən” həyat tərzi qadınları qorxudur. Nəticədə evliliyi qeyri-müəyyən bir müddətə təxirə salırlar.
Nikah yaşının artmasına digər səbəb isə gənclərin valideynlərinin həyatından gördükləri mənfi nümunələrdir. Onlar ata və analarının səhvlərini təkrarlamaqdan qorxurlar. Qəribə olsa da bu bir faktdır: toydan sonra kişi ilə qadın arasındakı münasibətlər tamamilə dəyişir. Bəzən yaxşılığa, bəzənsə pisliyə doğru... Pisliyə doğru dəyişəndə isə ailədəki söz-söhbətlər artır. Belə ailə mühiti gəncləri evlilikdən soyudur, nikah masasına oturmalarına mane olur. Onlar valideynlərinin səhvlərini təkrarlamaqdan qorxur, tərəddüd edirlər.
Nikaha daxilolma yaşına təsir edən digər amillər də var. Məsələn, kişilərin evlənmək istəməmələrinin əsas səbəblərindən biri onların qadın və ailə üçün məsuliyyət daşımaq istəməmələridir. Vətəndaş nikahında bu məsuliyyət daha aşağıdır. Bu halda kişi psixoloji və hüquqi cəhətdən qadın üçün daha az məsuliyyət daşıyır. Məsələn, vətəndaş nikahında kişi ayrıldığı təqdirdə əldə etdiyi əmlakı bölüşmək məcburiyyətində qalmır. Evlilik isə həm də kişinin maddi yükünü artırır. Bu səbəbdən də onlar nikaha girməkdənsə, vətəndaş nikahına üstünlük verirlər. Kişinin birlikdə yaşadığı qadınla evlənəndə isə yaşı çox olur.
Z. Eminov dedi: “Mən qadınların karyera piləkənləri ilə irəliləməsini, onların kişilərlə eyni maaş almasını, rəhbər vəzifələrdə işləmələrini, faydalı iş görmələrini dəstəkləyirəm. Təbii ki, qadın özünü xoşbəxt hiss etmək üçün mütləq karyera və ailə arasında dəqiq seçim etməməlidir. Bununla belə, məncə, karyeradan ailə daha önəmlidir. Ailə istilik, sevgi və emosional rahatlıq mənbəyidir. Qadın ailədə dəstək və qayğı tapır, bu da ona çətinliklərin öhdəsindən gəlməyə kömək edir”.
Bir çox hallarda isə cütlüklər yalnız uşaq sahibi olmaq qərarına gəldikdən sonra evlənir, 1 və ya 2 uşaq sahibi olmağa üstünlük verirlər. Birincisi, bu, onların sağlamlığı ilə bağlıdır. Bəzən gec evlilik səbəbindən qadının səhhəti 2-dən çox uşaq dünyaya gətirməyə imkan vermir. Bu, həm də onların bioloji imkanları ilə bağlıdır. Eyni problem kişilərdə də müşahidə oluna bilər.
İkincisi, valideynlərin övladlarını sağlam böyütmək və yaxşı təhsil vermək istəkləri də doğulan uşaqların sayına təsir edir. Düşünürlər ki, bu məqsədlə vəsaitlərini 3–4 uşağa deyil, 1–2 uşağa xərcləsələr daha çox uğur qazanmış olarlar. Buna görə də onlar ailədə uşaq sayının az olmasına fokslanırlar. Yəni valideynlər çalışır ki, uşaq sayı az olsun, onlara həm yaxşı təhsil, həm yaxşı tərbiyə versinlər. Gec evlənmənin digər səbəbi isə işsizliklə bağlıdır. Yəni ailə qurmaq məsələsində işsizlik əsas rol oynayır və bu, çox vaxt nikahın qeydiyyatının təxirə salınmasına səbəb olur.
Yada salaq ki, doğumun azalmasına ölkənin 1990-cı illərdə üzləşdiyi demoqrafik vəziyyət də təsir edir. Belə ki, ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində postsovet məkanında keçid dövrü başladı. İqtisadi böhran, yaşayış səviyyəsinin pisləşməsi, millətlərarası münaqişələr və qonşu ölkə ilə hərbi vəziyyət doğumun sayını azaltdı. İndi o vaxt doğulanlar nikaha daxil olurlar. Aydındır ki, bu, doğumun sayına təsir edir.
Ölkədə ciddi narahatlıq doğuran məsələlərdən birinin də doğumun cins tərkibinin süni surətlə pozulması olduğunu qeyd edən müsahibimiz bildirdi ki, bioloji normaya görə, doğulan uşaqlar arasında cinsə görə nisbət 100 qıza 105–106 oğlan təşkil edir. Həyatının ilk 5 ili ərzində oğlan uşaqları arasında ölüm əmsalı daha yüksək olur, 10 yaşa çatanda isə bu nisbət balanslaşır. Beləliklə, doğulan hər 100 qıza düşən oğlan nisbəti 105–106-nı keçməməlidir. Azərbaycanda isə hazırda 100 qıza nisbətdə 116 oğlan doğulur. Doğulan oğlanların sayının çox olması dölün cinsinə görə hamiləliyə son verilməsi ilə bağlıdır. Və bu cür seçim, doğulan uşaqlar arasında cins nisbətinin pozulmasına birbaşa təsir göstərir. Bu, həm Azərbaycan üçün, həm də qlobal yanaşsaq, dünya üçün böyük problemdir. Nəticədə, bu səbəbdən də doğulan uşaqların sayı azalır. Bunlar əvvəllər Qərb ölkələrində trend idi, indi isə bizdə demoqrafik problemlemə çevrilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib: “Qızlar doğulmadan öldürülürlərsə, bu, getdikcə onların sayının azalmasına gətirib çıxarır. Bu, ilk illərdə özünü o qədər də büruzə vermir, amma zaman keçdikcə orta məktəblərdə qızların sayının azalmasına gətirib çıxarır. Bu, demoqrafik problemlər yaradacaq. Çünki ailələrin qurulması prosesində çətinliklər olacaq. Daha az uşaq dünyaya gələcək. Daha az uşaq dünyaya gəlirsə, deməli, əhalinin sayı azalacaq.
Azərbaycanda vaxtilə çoxuşaqlı ailələr çox olub. Müxtəlif səbəblərdən sayın azalması həm mənəvi, həm də demoqrafiq problemlər yaradır. Bir də ki bu ayrı-seçkilik və qızlara qarşı aşağılayıcı münasibətdir. Bu, qızları dünyaya gətirən anaya qarşı da aşağılayıcı münasibətdir. Çünki bu gün doğulan qız sabahın anasıdır. Onu indidən həyatdan məhrum etməklə gələcəkdə xalqın, dövlətin həyatında iştirakdan da məhrum etməkdir və yolverilməzdir”.
Bütün bunların nəticəsində hər il nikaha daxilolmalar azalır. Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, 2024-cü il ərzində ölkədə 49 min 508 nikaha daxilolma halları qeydə alınıb. 2023-cü illə müqayisədə 2024-cü ildə əhalinin hər min nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb. Bu, gənc ailələrin az uşaq dünyaya gətirməsinə təsir edir.
Beləliklə, çoxuşaqlı ailələrin sayı azalır, ölkədə yaşlı adamların sayı artır, əhalinin artımı aşağı düşür. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ildə əhalinin təbii artımı 122 min 310 nəfər olubsa, 2024-cü ildə bu rəqəm 43 min 401 nəfərə düşüb. Rəqəmlərdən də görünür ki, 2011-ci illə müqayisədə təbii artım 78 min 909 nəfər az olub. Bu gedişlə vəziyyət kritik hal alacaq. Mütəxəssislər qeyd edirlər ki, Azərbaycanda təbii artımın bu cür ləngiməsi əvvəllər müşahidə olunmayıb.
Z. Eminov qeyd edir ki, bu, Azərbaycanda əmək qabiliyyətli yaşda ölən insanların sayını da azaldır: “Əmək qabiliyyətli yaşdan aşağı və yuxarı yaşlarda olan əhali, qeyri-məhsuldar təbəqəni əks etdirir və onların saxlanılmasına böyük həcmdə resurs tələb olunur ki, bu da iqtisadi inkişafın templərini azaldır. Sosial təminat, xüsusilə təqaüd və səhiyyə sistemlərinin qarşısında əlavə problemlər yaradır, əlavə dövlət vəsaitləri və sosial infrastrukturda yeni yanaşmalar və böyük dəyişikliklər tələb edir”.
Deməli, gələcəkdə demoqrafik promlemlərlə qarşılaşmamaq üçün vaxtında tədbirlər görülməlidir. Ölkədə əhalinin gənc və enerjili olmasına çalışılmalıdır. Bunun üçün çoxuşaqlı ailələrin beşdən üçə endirilməsi ilə bağlı məsələ ilə yanaşı, mənzil təminatı, təhsil və digər xərclər, sosial müavinətlər həllini tapmalıdır. Yəni gəlirləri aşağı olduğu üçün nikaha girməyənlərə yardım – ailə qurmaq üçün pul mükafatları, uşaq müavinətləri, üçüncü uşağın doğulmasına görə mənzillə təminat kimi üstünlüklər verilməlidir.
Pünhan ƏFƏNDİYEV
XQ